500 faiz artıq ixrac potensialı: İstixanalara qaz vurmamış qazan doldurmaq mümkündürmü? – ARAŞDIRMA

500 faiz artıq ixrac potensialı: İstixanalara qaz vurmamış qazan doldurmaq mümkündürmü? – ARAŞDIRMABaş nazir Əli Əsədovun avqustun 18-də imzaladığı qərarla məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar təsdiq edilib.

Enerjidən ən çox istifadə olunan sahələrdən biri də istixanalardır. Hazırda qlobal ərzaq böhranı və bahalıq kimi mövzuların gündəmdə olduğunu nəzərə alsaq, kənd təsərrüfatı məhsullarının istehsalında qənaət problemi aktuallaşır.

Maraqlıdır, bunu necə gerçəkləşdirmək olar? İstixanaların "təmiz enerji" və yaxud "yaşıl enerji"yə tam keçidi mümkündürmü? Ümumiyyətlə, bu sahədə ölkəmizdə hansı təcrübələr var?

Sonxeber.az oxu.az-a istinadən məsələ ilə əlaqədar araşdırmanı təqdim edir:

İstixana üzrə mütəxəssis Bəşir Quliyev açıqlamasında bildirib ki, bu təsərrüfat sahələri elektrik enerjisinin istehlakçısıdır:

"Qış aylarında süni işıqlanma ilə Günəş işığını imitasiya edərək bitkini aldadıb fotosintezi yay aylarında olduğu kimi etməsini təmin edirik. Belə olan halda məhsuldarlıq yay aylarındakından fərqlənmir. Qışda tərəvəzlərin qiymətlərinin yüksək olması Azərbaycan üçün xüsusilə pomidor bitkisində 400-500 faiz əlavə ixrac potensialı yaradır. Yəni tələbat qış istehsalını dörd-beş dəfə üstələyir. İstixanalarda süni işıqlandırmanın tətbiqi ilə əlavə yaranmış tələbatı qarşılaya bilərik və ixracımız arta bilər. Bunun üçün də elektrik enerjisi lazımdır. Həmin elektrik enerjisi "yaşıl enerji" ola bilər. Lakin hər şey onun qiymətindən asılıdır. Əgər "yaşıl enerji"dən hasil olunan enerji qiyməti bu gün elektrik stansiyalarından aldığımız enerji ilə eyni qiymətə başa gələcəksə, bunun istixana üçün heç bir fərqi yoxdur ki, hansından istifadə edirsiniz".

Mütəxəssis əlavə edib ki, ölkə üzrə istixanalarda "yaşıl enerji"yə tam keçid mümkündür:

"Bunu Hollandiya nümunəsində də görə bilərik. Orada kənd təsərrüfatı təyinatlı ərazilərdə külək və Günəşdən enerji almaq üçün infrastrukturun yaradıldığını görürsünüz. Qardaş ölkə Türkiyədə də bu təcrübədən geniş şəkildə istifadə edilir".

B.Quliyev vurğulayıb ki, bunun üçün ilk növbədə ölkədəki istixanalarda qışda istehsalın artırılması üçün süni işıqlandırma quraşdırılmalıdır:

"Daha sonra elektrik enerjisinə tələbat yaranacaq. Çünki istixanalar əsasən qaz istehlakçısıdır. Hesab edirəm ki, lazımi dəstək olsa, beş-səkkiz il ərzində Azərbaycan tam potensialını süni işıqlandırmaya, yəni "yaşıl enerji"yə keçirə bilər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə respublika üzrə istixanaların sahəsi 3628,7 hektar olmaqla 509,9 min ton məhsul istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzov qeyd edib ki, dövlət tərəfindən istixanaların effektivliyinin artırılması üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir:

"Buna subsidiyaların, o cümlədən istixana istehsalçılarına qısa və uzun müddətli güzəştli kreditlərin verilməsi, müasir tipli istixana komplekslərinin qurulması kimi tədbirləri misal göstərmək olar. Həmçinin istixanalarda intensiv texnologiyalardan istifadə, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması effektivliyin artırılmasında mühüm rol oynayır".

Enerjiyə qənaət məqsədilə xaricdə istixanaları istilik elektrik stansiyalarına yaxın ərazilərdə qurmaq ideyası irəli sürülüb: Bununla soyumaq üçün dövr edən isti su istixanalardan keçməklə onları lazımi enerji ilə təmin edə bilər.

Bu gün bir istixananın qurulması və bir mövsüm ərzində məhsul əldə etmək üçün orta hesabla nə qədər vəsait tələb olunur?

İstixana sahibi İsfəndiyar Ataşov açıqlamasında bildirib ki, keçən illə bu ili müqayisə etsək, bir il ərzində istixanaya çəkilən xərclər arasında astronomik fərq var:

"İstixananın üzərinə çəkilən polietilen yeddi-səkkiz ildən bir dəyişdirilir. Məsələn, mən artıq bu mövsüm dəyişməliyəm və 15 sotda yerləşən istixananın tək polietilen xərci 3500 manat olacaq. Taxtaya 700 AZN, ustaya 800 AZN, toxuma 500 AZN, dərmana 3500 AZN, yanacaq üçün 4000 AZN lazım olacaq. Eyni zamanda istiliyin təmin edilməsi üçün kombi sistemlərində istifadə edilən yağın bir bidonu 90 AZN, elektrik enerjisi üçün aylıq ən azı 30 AZN, suvarma üçün də orta hesabla aylıq 30 AZN xərc çəkilir".

İ.Ataşov vurğulayıb ki, gübrə ilə bağlı məqama xüsusi diqqət çəkmək istəyir:

"Keçən il səkkiz manata aldığımız azot gübrəsi bu il 40-50 manat arasında dəyişir. Xərci borcunu ödəyirmi məsələsinə gəldikdə isə bazarda məhsulun qiymətindən çox şey asılıdır. Məhsul proqnozlaşdırılandan ucuz olarsa, təbii ki, ziyan edirik və həmin mövsüm borclanırıq. Məsələn, bu il o mövsümlərdəndir ki, istədiyimiz nəticəni əldə edə bilmədik".

Ölkəmizdə "yaşıl enerji"yə keçid ilkin olaraq "ağıllı bağ" konsepsiyasında özünü göstərib. Bu tip bağ və bostanların qurulması üçün hansı infrastruktur növlərindən istifadə olunur, ümumiyyətlə, "ağıllı bağ" konsepsiyası nədir?

Meyvəçilik və Çayçılıq İnstitutunun elmi katibi Zəminə Sərhədova açıqlamasında deyib ki, "ağıllı bağ"larda hər şey kənardan, kompüter vasitəsilə idarə olunur:

"Yəni bağın suvarılması, gübrələnməsi üçün məlumatlar sensorlar vasitəsilə ötürülür. Məsələn, hansısa bitkinin suya ehtiyacı var və onda quruluq yaranıb. Bu zaman sulanma, gübrələnmə kiçik kabinetdən idarə edilir və bir düyməni basmaqla proses işə salınır. Bağda xəstəliyin və ya zərərvericinin olması barədə məlumat da müşahidə kamerası vasitəsilə müəyyən olunur. Həmin kamera uçuşan zərərvericini sayına qədər görür və göstərir ki, artıq dərmanlamağa ehtiyac var. Ondan sonra həmin dərmanlama prosesi aparılır.

Müşahidə kameraları, o cümlədən, xəstəlikləri müəyyən edir və bu məlumatlar əsasında dərmanlama, həmçinin xəstəliklə mübarizə tədbirləri aparılır. "Ağıllı bağ"da yerin altı ilə damlama-suvarma sistemi çəkilib ki, bu da suyun israf olunmasının qarşısını alır. Bəzi bitkilər həm Günəş işığından, həm də doludan-şaxtadan zərər çəkir. Məsələn, yağış və dolu gilası parçalaya, armudda isə Günəş şüaları yanıqlar yarada bilir. Ona görə də bu ağaclar üstündə örtüklər yaradılır. Bu örtüklər ağacı həm Günəşin, həm dolunun, həm də şaxtanın yan təsirlərindən qoruyur".

Onun sözlərinə görə, tinglərin müasir yetişidirilmə texnologiyası var:

"İnstitutumuzda müasir laboratoriya var, orada toxumadan calaq alınır. Bu da bizə sağlam əkin materialı verir. Onlar virusdan azaddır və tam əminliklə əkə bilərsiniz. Daha sonra bu calaqaltılar laboratoriyada artırılır və bir neçə mərhələdən keçdikdən sonra istixanaya aparılır. Orada müəyyən hündürlüyə çatdıqdan sonra nisbətdən kölgəyə çıxarılır ki, artıq sərin və soyuq havaya öyrəşsin. Bir-iki həftə burada qaldıqdan sonra sahəyə əkilir. Avqust ayına kimi ona qulluq olunur və calaq almaq üçün lazımi hündürlüyə çatdıqdan sonra calaq prosesi həyata keçirilir. Calaqaltına uyğun olaraq həmin meyvə növlərini onlara calaq edirik. Bundan sonra ağaca yenidən qulluğa davam edirik və növbəti ilin payızında artıq standartlara uyğun olan tinglər yetişdirmiş oluruq".

Z.Sərhədova vurğulayıb ki, "ağıllı bağ" konsepsiyasında "yaşıl enerji"dən istifadə olunur və Günəş panellərindən alınan enerji elektrik enerjisinə çevrilir:

"Lakin elə ərazilər var ki, qış nisbətən daha uzun çəkir və Günəş şüaları həmin ərazilərə çox düşmür. Həmin yerlərdə isə həm Günəş, həm də elektrik enerjisindən istifadə edilir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1895   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib

Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiy

12 noyabr
.

Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın emal sənayesində 18 milyard 995,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ema

13 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü

Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2

12 noyabr
.

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 243,366 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Oktyabr ayında Türkiyə Azərbaycana 29,872 milyon ABŞ dolları dəyərind

9 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla

17 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda

17 noyabr