Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Müslüm Maqomayevin doğum günüdürBu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi cahanşümul sənətkara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb.

Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb.

Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən.

Gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içində bir şükranlıq yaranır, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən.

Bir daha inanırsan ki, dünyanı fəth etmək səadəti yalnız və yalnız Tanrı rizası ilə bəxş edilən istedadı öz zəhməti sayəsində cilalamağı bacaranlarındır.

Əbədiyaşarlığın kökündə, mayasında fitri istedadla yanaşı, onu Müslüm Maqomayev kimi qorumaq, tanıtmaq, milyonlara sevdirmək ehtirası dayanır.

Yayın isti avqust günlərində dünyaya göz açan Müslüm ikinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq, gəlişi ilə doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi.

Hamı kimi o da müharibənin ağrısını-acısını daddı, atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.

Avqustun 17-si zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü tamam olur.

Hər il avqustun bu günündə Müslüm Maqomayevin xatirəsi anılır, sənətə və əsl sənətkara hörməti olan hər kəs Fəxri xiyabana gələrək onun məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzür.

İlk dəfə 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb.

Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçmişdir.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu.

Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib.

Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var.

Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında da səslənib.

Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, deyərdim ki, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir.

Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb.

Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir:

"Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir.

Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi.

Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən böyük Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanmışdır.

İllər ötür, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi azalmır, əksinə, daha da artır. Təkcə azərbaycanlı kimi yox, bəşəri bir sənətkar kimi qəbul edilən Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 750   Tarix: 17 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

Magistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

5 oktyabr