Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI

Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu... - Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATIBiləsuvar rayonunda 1985-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Babanı (adlar şərti verilib – red.) qətlə yetirib.

Sonxeber.az "teleqraf.com"a istinadən xəbər verir ki, Mərdanın bacısı Sevda Baba ilə intim münasibətdə olub. Bu münasibətdən sonra Sevda 5 sentyabr 2014-cü ildə intihar edib.

Mərdan Babanın bu hərəkətinin şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat arasında nüfuzdan salan hərəkət kimi qiymətləndirib. Uzun müddət Babadan qisas almağı planlaşdırıb.

Niyyətini həyata keçirmək məqsədi ilə 7 dekabr 2022-ci ildə Babanı öldürmək qərarına gəlib. Cinayət törədiləcəyindən xəbərsiz olan qonşu Əlidən azyaşlı övladının ayağını dişləmiş iti vuracağı adı ilə ov tüfəngini götürüb. Dekabrın 8-də gecə saat 2 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Biləsuvar rayonunun kəndində Babanın yaşadığı evin qarşısına gəlib.

O, Babadan israrla küçəyə çıxmağı tələb edib. Evdən çıxan Babaya atəş açıb. Baba aldığı güllə yarasından vəfat edib.

"Öldürmək qərarına gəldim"

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə bacısı Sevda zəhər içərək intihar edib: "Həmin vaxt Sevdanın üzərində olan paltarlara baxış keçirilərkən onun cibindən çıxan kağız parçasında özünü öldürməsinə səbəb kimi həmkəndlimiz Babanın olduğunu qeyd edib.

Bundan bir müddət sonra Babanın namusumuza sataşması mənə məlum oldu. Həmin gündən Babanı öldürmək qərarına gəldim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqustunda Baba ilə yeməkxanada rastlaşıb: "Bacımla əlaqədar söhbəti açdım, mübahisə etdik. Baba məni təhqir edərək üzümə şillə də vurdu. Ona görə onu öldürmək qərarımı tezləşdirmək istədim".

"Zəng etsəm də, telefonu bağlı idi"

Mərdan deyib ki, dekabrın 7-də Babanı öldürmək məqsədlə həmkəndlisi Vüsala zəng edərək uşağının ayağını dişləyən iti vurmaq adı ilə ondan tüfəngini istəyib: "Vüsal tüfəngi mənə vermədi. Sonra yaxın qonşum Əliyə zəng edib, eyni bəhanə ilə ondan tüfəngini istədim. Əli də patronu olmadığını bildirdi və tüfəngi verməkdən imtina etdi.

Biləsuvar şəhərində yerləşən bazara getdim, 10 ədəd patron aldım, sonra Əligilə getdim. Təkidlə xahiş edərək tüfəngi ondan aldım.

Tüfəngi Əlidən götürəndən sonra mobil telefonumu söndürdüm və cibimdə olan patronlardan ikisini tüfəngə qoyaraq Babanın yaşadığı evin yaxınlığına getdim. Babaya məxsus ət dükanının üzərində yazılmış mobil telefon nömrəsini götürdüm, həmin gün gecə saat 22 radələrində onun telefonuna 2-3 dəfə zəng etsəm də, telefonu bağlı oldu".

"Mənə "gözlə Baba gəlir" deyə bildirdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, gecə saat 2 radələrində Babanın yaşadığı evin yaxınlığında elektrik dirəyinin yanına gəlib və zəng edərək onunla görüşmək istədiyini bildirib: "Babanın telefonda mənə hərarəti olduğunu, çölə çıxa bilmədiyini dedi, telefonu söndürdü. Mən təkrar zəng edərək ona çölə çıxmasını bildirsəm də gəlməyəcəyini dedi.

Babanın gəlmədiyini gördükdə çiynimdə olan tüfəngi elektrik dirəyinə söykədim. Sonra Babanın yaşadığı evin həyətinə girərək onu çağırdım. Səsimə bir qadın cavab verdi, məndən kim olduğumu soruşdu. Mən də adımı dedim, mənə Baba lazım olduğunu söylədim. Qadın mənə "gözlə, Baba gəlir" deyə bildirdi. Mən tüfəngi qoyduğum yerə qayıtdım. Elektrik dirəyinin arxasında dayanaraq Babanı gözləməyə başladım.

Baba yaşadığı evin həyət darvazasından yola çıxdı. Olduğum yerə çatmasına təxminən 2-3 metr qalmış elektrik dirəyinin arxasından çıxdım, ona yaxınlaşmamağı bildirdim. Sonra bir dəfə Babaya atəş açdım. Baba üzü üstə yerə yıxıldı. Yaxınlaşıb bel nahiyəsinə atəş açdım.

Babanın öldüyündən əmin olandan sonra evimə qayıtdım. Yolda tüfəngin içərisində olan işlətdiyim iki ədəd boş patronu həmin ərazidə yolun kənarına, mağazanın yaxınlığına atdım. Lakin həyəcanlı olduğumdan dolu patronları hara atdığımı xatırlamıram".

"Xoş niyyətlə gəlmədiklərini bildirdim"
İş üzrə zərərçəkmiş Babanın hüquqi varisi qismində çıxış edən həyat yoldaşı Kəmalənin sözlərinə görə, fermaları yaxın olduğundan Mərdangilin ailəsi ilə çox yaxın münasibətdə olublar: "Lakin 2014-cü ildə həyat yoldaşıma onların xoş niyyətlə bizə gəlmədiklərini bildirdim.

Sonra Sevda özünü zəhərləyərək intihar etdi. Onun cibindən çıxan kağızda ölümünə Babanın səbəb olduğu yazılmışdı. Ancaq bu, düzgün deyildi. Buna baxmayaraq Sevdanın ailəsi ilə bizim aramızda heç bir narazılıq olmadı".

"Qan içində gördüm"

Hüquqi varis qeyd edib ki, dekabrın 8-də gecə Babanın mobil telefonuna zəng gəlib, Baba telefonda danışarkən xəstə olduğunu, çölə çıxa bilməyəcəyini bildirib: "Baba telefonu söndürəndən sonra ondan zəng edən şəxsin kim olduğunu, nə baş verdiyini soruşdum. O da Vasifin oğlu Mərdan zəng elədiyini söylədi.

Mərdan 3-4 dəfə zəng elədi, görüşmək istədiyini bildirdi. Baba hər dəfə ona xəstə olduğunu, çölə çıxa bilməyəcəyini, sonra görüşüb söhbət edəcəyini dedi.

Axırıncı zəngdən təxminən 5-10 dəqiqə sonra qayınanam çağıraraq Mərdanın Babanı həyətdə gözlədiyini bildirdi. Bundan sonra Baba getdi.

Babanın qayıtmadığını gördüm, narahat oldum. Bu barədə qayınatam və qaynıma xəbər verdim. Bundan təxminən bir saat sonra qaynım zəng edərək Babanın öldüyünü dedi. Evdən küçəyə çıxdım, ətrafda çoxlu polis əməkdaşlarının olduğunu gördüm. Baba yaşadığımız evdən bir qədər aralıda - asfalt yolun üzərində qan içində üzü üstə uzanmışdı".

12 il 6 ay cəza aldı

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Mərdan 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə işə xitam verilməsini, cinayət işinin yenidən ağırlaşdırıcı halların araşdırılması üçün prokurora qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama görə o, mərhum bacısının Baba ilə əlaqəsinin olmasını, bacısının 5 sentyabr 2014-cü ildə intihar etməsi səbəbindən onun öldürmək qərarına gəlib və bu niyyətini 8 il sonra həyata keçirib.

Şikayətçi qeyd edib ki, təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə cinayət əlamətlərinin mövcudluğunu nəzərə alaraq, ona daha ağır ittihamın verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət versələr də, vəsatətləri təmin olunmayıb.

Daha ağır cəza tələb olundu

"Təqsirləndirilən şəxs həqiqətən qisas almaq məqsədi ilə Babanı öldürmüşdüsə, o zaman niyə görə 8 il gözləyib, eyni zamanda həmin hadisədə adı hallanan Səlim adlı şəxsdən qisas almayıb? Halbuki Biləsuvar Rayon Prokurorluğunda 2014-cü ildə aparılmış araşdırmada təqsirləndirilən şəxsin bacısının ölümü ilə bağlı Babanın və Səlimin heç bir məsuliyyəti müəyyən olunmayıb.

İş üzrə ifadə verən şahidlər də mərhum Baba ilə təqsirləndirilən şəxs arasında heç bir ədavət və düşmənçilik olmadığını, bu barədə heç nə eşitmədiklərini bildiriblər.

"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilib ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Göründüyü kimi təqsirləndirilən şəxsin mərhumu heç bir səbəb olmadan həyatdan məhrum edib. Onun bacısının qisasını almasını bildirməsi isə özünümüdafiə xarakterli bəhanəsidir", - deyə şikayətdə qeyd olunub.

Nümayəndə apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı başlanana qədər apellyasiya şikayətini dəqiqləşdirib. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə təyin edilmiş 12 il 6 ay azadlıqdan məhrum etmə cəzasını ağırlaşdıraraq ona 14 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edib.

Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

Apellyasiya şikayəti təmin edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3597   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr