Görkəmli aktyor Abbas Mirzə Şərifzadənin faciəli ölümü - Nəsiman Yaqublunun yazısı

Görkəmli aktyor Abbas Mirzə Şərifzadənin faciəli ölümü - Nəsiman Yaqublunun yazısı...Çoxları ilə söhbət etmişəm. O dövrü görmüş, yaşamış adamların çoxu etiraf edib ki, camaat teatra Abbas Mirzənin adına gəlirdilər.

Teatrın ən şöhrətli aktyoru idi Abbas Mirzə Şərifzadə. Onun oynadığı rollar da əvəzsiz idi. Və şübhəsiz ki, 1930-cu illərdəki teatrımızdan danışanda üç böyük dramaturqun da adı çəkilməlidir: Şekspir, Cavid, Cabbarlı. Hər üç sənətkarın yaratdığı obrazları günəş kimi parladan isə Abbas Mirzə Şərifzadə idi.

Abbas Mirzə Şərifzadənin oynadığı rollar da böyük idi, o dövrdə tamaşaya qoyulan əsərlər də. Şekspirin, Cavidin əsərləri səhnəni silkələyirdi. Və böyük əsərlərin olduğu yerdə nəhəng aktyorlar da yetişməliydi.

Abbas Mirzənin aktyorluğa olan həvəsi lap cavan yaşlarından başlayıb. Onun böyük səhnəyə gəlişini, aktyorluq fəaliyyətinə başlamasını adətən 1908-ci ildən hesab edirlər. Həmin il Abbas Mirzə on beş yaşında ikən Molyerin "Zorən təbib" tamaşasında lal qız rolunda çıxış edib.

1908-ci ildə ilk rolunu ifa etdi. O qədər də böyük aktyorluq bacarığı tələb etməyən bu rol Abbas Mirzənin yaradıcılığında mühüm addım oldu. İki məğlubiyyətdən sonra bu, ilk müvəffəqiyyət idi.

1912-ci ildə Abbas Mirzənin həyatında daha bir uğurlu hadisə oldu. M. F. Axundovun "Xan Sərabi" ("Lənkəran xanının vəziri") komediyasında Teymur ağa rolunu ifa etdi.

Abbas Mirzənin aktyorluğa olan həvəsi getdikcə alovlanırdı.Səhnədə daha böyük rollar oynamaq həvəsi ilə yaşayırdı. Dövrün böyük aktyoru Hüseyn Ərəblinskinin oyununa isə böyük məhəbbəti vardı. Öz həvəsini, sənətə olan sonsuz sevgisini saxlaya bilməyib bir gün böyük sənətkarın yanına üz tutdu. H. Ərəblinski səmimiyyətlə qarşıladı Abbas Mirzəni. Hətta "otel"də onunla birlikdə iştirak etməyə imkan yaratdı.

İllər ötürdü...Ötən illər Abbas Mirzənin sənət yanğısını daha da artırırdı. Böyük səhnə obrazları yaratmağa çağırırdı.

Budur, 1919-cu ildir. A. M. Şərifzadə yazır: "Sevdiyim rollar: Nadir şah, "Trablis müharibəsi"ndə quldir Ramiz. Sevdiyim qrimlər: Ağa Məhəmməd Şah Qacar, "Gaveyi - ahəngər".

Gəldi 1920-ci illər...

Abbas Mirzə Şərifzadənin bir aktyor kimi fəaliyyəti daha da genişlənir. Bir - birinin ardınca təkrarsız obrazlar yaradır. Dövrün qəzetləri Abbas Mirzənin oyununu yüksək qiymətləndirərək yazırdı: "... Abbas Mirzə Şərifzadənin yaratdığı Hamlet rolu tamaşaçının bütün varlığına təsir edir. Şərifzadənin oyunundakı ifadə aydınlığı, intonasiya - Hamleti bütün varlığı ilə səhnədə canlandırır... Bu, Şekspirin Hamletidir"...

"Kral - Şərifzadə çox gözəl idi. Bunu isbat üçün son pərdədə oynamayarkən belə, tamaşaçılar tərəfindən gurultulu alqışlar ilə səhnəyə çağırıla bilər"...

"... Sənan rolunda Şərifzadə Abbas Mirzə öz rolunu pək canlı göstərdi. Adətən canlı bir Şeyx Sənan yaratdı"...

Amma Abbas Mirzənin qəlbində bu sənətə möhkəm bağlılıq hissi yaşayırdı. Sonralar böyük dramaturq C. Cabbarlı onun aktyorluq sənətinə bağlılığını belə izah edəcəkdi: "Abbas Mirzə məktəb görməmiş, sənəti və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O, öz - özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında və iliyindədir.

Zatən məktəb sənətkar yetişdirməyir. O, sənətkara öz təbii istedadını genişləndirmək və əlverişli işlətməyi öyrədə bilir".

Hələ 1923-cü ilin əvvəllərində Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə Respublika Maarif Komissarlığı yanında Azərbaycan Foto - Kino İdarəsi (AFKİ) yaradıldı.

Az sonra, 1925-ci ildə A. M. Şərifzadə müstəqil rejissor kimi "Bismillah" bədii filmini çəkir. Kinoda yalançı mollaların törətikləri iyrənc cinayətlər ifşa olunurdu.

Abbas Mirzə sonradan böyük ustalıqla "Hacı Qara", "Məhəbbət oyunu" filmlərini də çəkdi. Kino haqqında belə yazırdı: "Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir. Lakin bütün bunlar ayrı - ayrılqda bir - birinə biganə olaraq qalmır. Bütün bunlar birləşərək filmə axıb gəlir və hər biri onun orqanik üzvü olur".

Qızı Firəngiz xanım (Respublikanın Xalq artisti Firəngiz Şərifova) danışırdı ki, atası evdə məşq edəndə səsinin qüvvətindən pəncərənin şüşəsi cingildəyərmiş.

... 1930-cu illərdir...Abbas Mirzə Şərifzadə Azərbaycan teatrının səhnəsində parlaq obrazlar yaradır. Şekspirin, Cavidin, C.Cabbarlının qəhrəmanları onun ifasında səhnədə "yaşayır", "mübarizə aparır", "sevir", qısqanclıq zəhəri ilə "çırpınırlar".

Azərbaycan teatrının səhnəsində Abbas Mirzənin ifasında qısqanc Otellonun iztirabları eşidilir:

... Qəzəbim bir ilan olmuş, sürünür,

Şübhəsiz, burda cinayət görünür.

Titrədən söz deyil, əlbəttə məni...

Of, ya rəbbi! Bu mümkün yəni?..

O qulaqlar, o dodaqlar, dəsmal...

Ah, iblis qadın!.. Al, boynuna al!

1936-cı il 11 fevral. Həmin gün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Abbas Mirzə Şərifzadəyə "Respublikanın Xalq Artisti" Fəxri adı verilir.

Elə həmin il teatr tariximizdə bir mühüm hadisə də baş verir. Mart ayının 18-də Şekspirin "Maqbet" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulur. Maqbet rolunda Respublikanın Xalq Artisti Abbas Mirzə Şərifzadə çıxış edir.

... 1937-ci ilin dekabr ayında Abbas Mirzə Şərifzadəni həbs edirlər.

... İlk istintaq prosesi gedir. Abbas Mirzə Şərifzadə ittiham olunur. İlk istintaqd qardaşı haqqında suallar verirlər. (Abbas Mirzənin qardaşı Qulammirzə inqilabdan sonra köçüb İrana getmişdi və orada yaşayırdı). Abbas Mirzədən soruşurlar ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qulammirzəni niyə həbs etmişdilər?

Abbas Mirzə cavab verir ki, qardaşını Müsavat hökuməti ilə əlaqədə günahlandırıb tutmuşdular. Bir müddət həbsxanada yatandan sonra çıxıb getdi İrana. O vaxtdan bəri onunla əlaqəsi olmayıb.

1938-ci ildir...Böyük Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadə istintaq olunur.

Getdikcə sualların xarakteri də başqalaşır. İndi Abbas Mirzəni daha çox siyasi sahəyə "çəkirlər". Siyasi səhvlərini etiraf etməyə çağırırlar. Soruşurlar ki, Müsavat hökuməti ilə hansı əlaqələrin olub?

Abbas Mirzə qətiyyətlə bildirir ki, onun Müsavat hökuməti ilə əlaqəsi olmayıb. Həmin hökumətin heç bir üzvü ilə də münasibət saxlamayıb.

İstintaq aparanlar bu dəfə də Abbas Mirzədən istədikləri cavabı ala bilmirlər. Hələlik Abbas Mirzə qətiyyətli və möhkəmdir, haqqın, ədalətin təntənəsinə inam hissi içərisində qırılmayıb.

İndi böyük şair Hüseyn Cavidin adını çəkirlər. Soruşurlar ki, Cavidin "millətçi" əsərlərində niyə oynayırdın? Bundan məqsədin nə idi?

Abbas Mirzə yenə həqiqəti söyləyir. O həqiqəti söyləyir ki, onu ən düşüncəsiz adam da başa düşə bilər. Deyir ki, mən artistəm və borcum tamaşaya qoyulan əsərdə oynamaqdır.

İstintaq prosesi davam etdikcə, günlər ötdükcə "2839" nömrəli məhbusun da (Abbas Mirzə Şərifzadəini) işgəncələri artır, yaşayışı dözülməz oludru. Həbsxana divarları arasında onunla rəftar da kobudlaşır, pisləşirdi. Üzüntülü sorğu - suallar, həbsxananın ağır şəraiti Abbas Mirzəni haldan salır, taqətini kəsirdi. Bu, onun keçirdiyi fiziki ağrılar idi. Mənəvi sarsıntılar isə başqa tərzdə didib - parçalayır, göynədirdi içərisini. Lakin hələ dözürdü ağrılara...

Yenə sorğular, suallar.

Abbas Mirzə Şərifzadəni "troyka" dəstəsi mühakimə edir. Abbas Mirzənin etirazları heç bir fayda vermir. "Troyka"nın çıxardığı hökm amansızdır. Böyük aktyor ən yüksək cəzaya - ölümə məhkum edilir. Altı gündən sonra Abbas Mirzə çox şeyi "etiraf" edir: "Mən uzun müddət onlarla razılaşmırdım. Nəhayət razılıq verdim. Mənə tapşırılmışdı ki, bədii sovetdə Hüseyn Cavidin millətçi "Şeyx Sənan", "Səyavuş" əsərlərini müdafiə edim".

Abbas Mirzə daha sonra etiraf edir ki, "İblis", "Romeo", "Eyvaz" rollarını oynayarkən də bəzi əksinqilabi tapşırıqları yerinə yetirirmiş (məcburiyyətdən doğan "etiraf"lara bir fikir verin). Müqavimət göstərməyin boş və mənasız olduğunu başa düşən Abbas Mirzə çox ittihamları qəbul edir. 1938-ci il noyabrın 2-də deyir: "Biz əksinqilabi təşkilatların üzvləri ilə "Avropa" mehmanxanasında görüşürdük".

"2839" nömrəli məhbusu da belə təslim edirlər.

... Abbas Mirzə Şərifzadə "İran casusu", "xarici ölkə casusu" kimi günahlandırılaraq ölüm cəzasına məhkum edilir. 1938-ci il soyuq noyabr günlərinin birində hökm yerinə yetirilir. Azərbaycan səhnəsinin daha bir günəşi qırx beş yaşında belə söndü...

Qardaşının başına gələn faciəni eşidəndən bir il sonra, üstündən tikanlı məftillər keçən Arazın o tayında - Tehran şəhərində Abbas Mirzənin istəkli qardaşı Qulammirzə dərdə dözməyib dünyadan köçdü.

Bəzi məlumatlara görə A.M.Şərifzadəyə həbsxanada işgəncə verdikdən sonra o, çətinliklə ayağa qalxıb səhnədə dediyi məşhur "olum, yoxsa ölüm" monoloqunu söyləmiş, sonra dişləri ilə əlinin damarlarını qopartmağa başlayıb.Həbsxana işçiləri gəlib onu aparıblar və bu hadisədən sonra onun həyatından heç bir məlumat olmayıb. (Moderator.az)


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1637   Tarix: 05 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama

Dünən "Eurovision-2026" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Yarımfinalda 15 ölkənin təmsilçiləri final uğrunda mübarizə aparıb. Azərbaycanı müsabiqədə təmsil edən Cəmilə Həşimova (JIVA) "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxsa da, finala vəsiq

15 may
.

Leyla Əliyeva tamaşada - Fotolar

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. "Qafqazinfo" xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək dava

2 mart
.

"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş

XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"

11 may
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

29 may
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"

"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını

29 aprel
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

Xətai Sənət Mərkəzində "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi keçirilib - FOTOLAR

7 mart tarixində Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi və moda nümayişi keçirilib. Layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılova tərəfindən ərsəyə gətirilən bu tədbiri

8 mart
.

Xalq artistinin məzarından VİDEO

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər diqqət çəkib. xəbər verir ki, mərhum sənətkarın məzarından çəkilən video qısa zamanda geniş yayılıb. Paylaşılan kadrlarda sənətkarın uyuduğu məkan əks olunub və bu görüntülər izləyicilə

13 aprel