İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir.
EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatında müzakirə olunub.
Layihəyə əsasən, müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməlidir. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirmişdi ki, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir.
Qanun layihəsində heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, eləcə də baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslərin vəzifələri sırasında bu hədlərə riayət edilməsi də yer alır.
Sənəddə heyvanların daşınmasına dair tələblər də nəzərdə tutulur. Daşınma onların sağlamlığına zərər vurmayan və daşınmadan yaranan gərginliyi minimuma endirən üsul və vasitələrlə həyata keçirilməlidir.
Layihədə minimum çəki və yaş hədlərinin konkret rəqəmləri göstərilməyib.
Görünən odur ki, qanun layihəsinin əsas hədəfi heyvanların daha tez kəsilməsinin qarşısını almaq, heyvan sayını artırmaq və nəticə etibarilə bazarda ət bolluğu yaratmaqdır.
Quzu və dana ətinə maraq niyə böyükdür?
Yada salaq ki, bu gün istehlak səbətində hər ətin öz təyinatı var. Məsələn, quzu ətindən əsasən kabab üçün, qoyun ətindənsə qazan yeməklərində istifadə olunur.
Nəzərə alaq ki, qoyun əti kabab üçün münasib sayılmır. Çünki heyvan yaşa dolduqca əti bərkiyir. Üstəlik quzu ətində xolesterin az olur. Ona görə də quzu ətinə maraq daha böyükdür. Bu maraq qiymətlərdə özünü göstərir. Məsələn, hazırda quzu əti 25-26 manata satılırsa, qoyun əti 20-22 manata təklif edilir. Eləcə də dana əti daha elastik və yumşaq olduğu üçün əhali ona daha çox maraq göstərir.
Ona görə də yaxşı olardı ki, qanunvericiliklə paralel qoyun və yaşlı mal-qaranın əti barədə əhali arasında təbliğat aparılsın. Bu məsələdə həkimlər, diyetoloqlar daha faydalı ola bilər.
Əks halda yüzilliklər boyu davam edən ənənələrdən qısa zamanda əl çəkmək çox çətin olacaq. Bu məsələnin inzibati yolla həlli də effektiv görünmür.
Quzu və dana sahibi malını bazara çıxartmaq üçün hansısa yollara əl atacaq, kimlərləsə sövdələşəcək. Beləcə, subyektiv maraqlar son nəticədə qanunun icrasına kölgə salacaq.
Son nəticədə isə ətin qiyməti artacaq.
Digər tərəfdən fermeri və yaxud sahibkarı quzu, dana satmağa görə cəzalandırmaq da çıxış yolu deyil. Əslində fermerə sərf edir ki, heyvanı daha çox bəsləsin. Belə olanda heyvan daha çox çəki alır və daha baha qiymətə satılır. Amma alıcı bu məsələdə satıcı kimi düşünmür. Alıcı xırda heyvana daha çox maraq göstərir.
Bu təkcə keyfiyyətlə bağlı məsələ deyil...
Məsələn, 90-100 kiloqramlıq dananın ətini bir günə satıb qurtarmaq olur. Amma 150-160 kiloqramlıq heyvanın ətini sutka ərzində satmaq kifayət qədər çətindir. Ertəsi günə qalan ət rəngini və keyfiyyətini dəyişir. Alıcı artıq o ətə maraq göstərmir.
Sumqayıt mal bazarında apardığımız müşahidələr göstərir ki, quzu və danalara maraq daha çoxdur. Halbuki diri qoyunu alarkən onun bir kiloqram ətinin qiyməti 14-15 manata, quzunun əti isə 19-20 manata düşür. Yəni bir heyvanda alıcı ilk baxışdan 50-60 manat irəli düşmüş kimi görünür.
Amma problem odur ki, ət bazarında qoyun əti almaq istəyən çox az olur. Ona görə də kəsim sexləri tez satmaq üçün əsasən xırda heyvan alırlar. Xırda quzuların isə ətinin çəkisi 10-12 kiloqram olur. Bu qədər əti gün ərzində satmaq o qədər də çətin deyil. Amma 18-20 kiloqramlıq qoyun cəmdəyini gün ərzində satmaq o qədər də asan olmur.
Bu da onu göstərir ki, heyvanın çəkisi daha çox iqtisadi dəyər məsələsidir. Çünki xırda heyvanlar daha çox dəyər yaradır.
Ona görə də heyvanların baş sayının artırılması üçün fermerin marağını artırmaq lazımdır.
Bu gün otlaq sahəsi ciddi problemdir.
Yoncaya verilən subsidiya çox aşağıdır. Ən sonda fermerin böyük bazara çıxışı faktiki olaraq mümkünsüzdür.
Yaxşı olar ki, bu məsələlərə də xüsusi diqqət ayrılsın. Nəzarətçi orqanın yox, istehsalçının təklifləri nəzərə alınsın. Belə olarsa, məhsul bolluğuna nail ola bilərik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama