Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümüAzərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanın mürəkkəb tarixi inkişaf yolunun, azadlıq mübarizəsinin və müstəqil dövlət quruculuğunun fəlsəfi-siyasi mahiyyətini dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Üçrəngli bayrağımızın tarixi xalqımızın öz milli kimliyini qorumaq, müstəqil yaşamaq və gələcəyini özü müəyyən etmək iradəsinin tarixidir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilən üçrəngli bayraq milli dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Mavi, qırmızı və yaşıl rənglərin vəhdəti təsadüfi seçim deyildi. Bu rənglər xalqımızın milli-mənəvi dünyasını, tarixi mənsubiyyətini və gələcəyə baxışını ifadə edən ideoloji məzmun daşıyırdı. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, demokratiyanı və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu təcəssüm etdirirdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti öz bayrağı vasitəsilə milli kimlik, müasir dövlətçilik və mənəvi dəyərlər arasında ahəngdar əlaqənin siyasi modelini ortaya qoydu.

Lakin Azərbaycanın dövlətçilik tarixində baş verən faciəli hadisələr nəticəsində 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğradı və üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirdi. Bununla belə, bayraq xalqın yaddaşından silinmədi. O, müstəqillik ideyasının, milli azadlıq arzusunun və gələcək dövlətçilik mübarizəsinin simvolu kimi yaşadı. Bu məqam xüsusi əhəmiyyət daşıyır: dövlət atributları yalnız hüquqi sənədlərlə müəyyənləşən rəmzlər deyil, eyni zamanda xalqın tarixi yaddaşında qorunan milli dəyərlərdir.

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik tariximizin dönüş nöqtələrindən biri oldu. Həmin qərar sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə milli dövlətçilik iradəsinin açıq ifadəsi idi. Ulu öndər Heydər Əliyev bu addımı ilə xalqın tarixi yaddaşına, milli kimliyinə və müstəqillik istəyinə siyasi məzmun verdi. Sonrakı proseslər göstərdi ki, bu qərar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun mühüm siyasi və mənəvi dayaqlarından biri idi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra üçrəngli bayrağımız Azərbaycanın rəsmi dövlət rəmzi kimi təsdiqləndi. Müstəqil dövlət quruculuğunun qarşısında dayanan əsas vəzifələrdən biri dövlət atributlarının qorunması, milli ideologiyanın formalaşdırılması və cəmiyyətin vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi idi. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu ideologiya etnik, dini və sosial fərqlərdən asılı olmayaraq bütün vətəndaşları vahid Vətən və dövlətçilik məfkurəsi ətrafında birləşdirən mühüm amil oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti üçrəngli bayrağımızın ifadə etdiyi müstəqillik və suverenlik ideallarını yeni tarixi mərhələyə daşıdı. Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlarının qətiyyətlə müdafiə olunması dövlət bayrağının daşıdığı mənəvi-siyasi məzmunu daha da zənginləşdirdi. Bu gün bayrağımız beynəlxalq tədbirlərdə, diplomatik platformalarda və dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu nümayiş etdirir.

Üçrəngli bayrağımızın tarixində ən mühüm mərhələlərdən biri isə Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə bağlıdır. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi dövlət bayrağımızın rəmzi mənasını daha da gücləndirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində ölkəmiz öz ərazi bütövlüyünün bərpasına nail oldu. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın ucaldılması təkcə hərbi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının simvoluna çevrildi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunması dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirdi. Beləliklə, üçrəngli bayrağımızın dalğalandığı coğrafiya ilə dövlətimizin suverenliyinin coğrafiyası tam şəkildə üst-üstə düşdü. Bu, Azərbaycanın müasir tarixində mühüm siyasi və tarixi nəticə olmaqla yanaşı, dövlət müstəqilliyinin möhkəm əsaslar üzərində qurulduğunu təsdiqlədi.

Bayrağın siyasi əhəmiyyəti onun yalnız dövlətin mövcudluğunu ifadə etməsi ilə məhdudlaşmır. Bayraq həm də cəmiyyətin birliyini, milli həmrəyliyi və ortaq məsuliyyəti formalaşdıran ideoloji vasitədir. Azərbaycan nümunəsində üçrəngli bayraq müxtəlif ictimai, siyasi, dini və etnik mənsubiyyətə malik insanların vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsinin rəmzidir. Bu baxımdan bayrağa münasibət vətəndaşın dövlətə, Konstitusiyaya, milli dəyərlərə və müstəqilliyə münasibətinin göstəricisi kimi çıxış edir.

Müasir dövrdə Dövlət Bayrağı Gününün əhəmiyyəti gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ilə də sıx bağlıdır. Gənclər bayrağın tarixini, onun uğrunda aparılan mübarizəni və daşıdığı ideoloji məzmunu bilməlidirlər. Çünki dövlətçilik yalnız siyasi institutların fəaliyyəti ilə deyil, həm də milli yaddaşın qorunması, vətəndaş məsuliyyətinin gücləndirilməsi və gələcək nəsillərin dövlətə bağlılığının təmin edilməsi ilə möhkəmlənir. Bu mənada bayrağımızın təbliği formal mərasimlər çərçivəsində deyil, təhsil, mədəniyyət, ictimai həyat və gündəlik vətəndaş davranışları səviyyəsində həyata keçirilməlidir.

Bu gün Azərbaycan bayrağı həm keçmişimizin, həm də gələcəyimizin rəmzidir. Onun tarixində Cümhuriyyət qurucularının müstəqillik arzusu, ulu öndər Heydər Əliyevin dövlətçilik qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfər və şəhidlərimizin müqəddəs amalının izləri var. Bayrağımızın hər dalğalanışı xalqımızın azad yaşamaq iradəsini, müstəqil dövlət qurmaq əzmini və milli birliyini nümayiş etdirir.

Nəticə etibarilə, Dövlət Bayrağı Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün hər bir azərbaycanlı üçün dövlət müstəqilliyinin hansı tarixi mübarizə nəticəsində əldə edildiyini, suverenliyin hansı qurbanlar bahasına qorunduğunu və gələcək nəsillər qarşısında hansı məsuliyyətin dayandığını xatırladan milli hesabat günüdür. Üçrəngli bayrağımızın ucalığı Azərbaycanın dövlətçilik qüdrətinin, milli birliyinin və tarixi Zəfərinin ucalığıdır. Onu qorumaq, yüksəltmək və gələcək nəsillərə əmanət etmək hər bir vətəndaşın mənəvi borcudur.

Əhliman Əmiraslanov
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 167   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr