Anar Əsədlini həbsə aparan heyrətamiz faktlar: Elçibəyin köməkçisi hər şeyi açıqladı - VİDEO

Anar Əsədlini həbsə aparan heyrətamiz faktlar: Elçibəyin köməkçisi hər şeyi açıqladı - VİDEO"Anar Əsədlinin yaxınları bu məsələni siyasiləşdirməyə çalışır, lakin... "

"Yalnız o halda şikayətimi geri götürməyi düşünərəm ki... "

Aprelin 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Partiya sədri dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Anar Əsədlinin həbsi ilə bağlı Musavat.com-a müsahibə verərək, sual doğuran bir sıra məsələlərə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:

- İstərdik ki, daha əvvəldən başlayasınız. Necə oldu ki, bu hadisə baş verdi?

- 7 aydır ki, hüquqi proses başlanılıb. Mən hər zaman bu məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınmağa çalışdım və düşündüm ki, məsələ normal şəkildə həllini tapa bilər və başqa yönə istiqamətləndirilməz. Lakin təəssüf ki, həm bu müddət ərzində, həm də Anar Əsədlinin həbsi ilə bağlı informasiya yayıldıqdan sonra onun yaxınları tərəfindən "Facebook"da müxtəlif statuslar paylaşıldı və mən bu günə qədər olan düşüncənin dəyişmədiyini gördüm.

Əvvəla belə bir hadisənin baş verməsinə təəssüf edirəm. Çünki Anar Əsədli ilə bizim uzun müddət münasibətlərimiz olub və bu münasibətlər nəticəsində hansısa iş birliyimiz yaranıb. Lakin sonda belə bir məqama gəldik.

Mən ötən gün Anar Əsədlinin müavinlərindən birinin "Facebook" statusunu oxuduqdan sonra düşündüm ki, artıq hüquqi proseslərdə bir mərhələ bitib və cəmiyyət üçün müəyyən aydınlıqlar gətirmək lazımdır. Çünki Anar Əsədlinin ətrafı, yaxınları o cümlədən vəkilləri hüquqi prosesdən qaçaraq, məsələni siyasiləşdirməyə cəhd etdilər, hansı ki, burada heç bir siyasi məsələdən söhbət gedə bilməz. Bizim aramızda baş verənlər sırf işlə bağlı məsələdir. Yəni iş adı ilə götürülmüş pulun geri qaytarılmaması ilə bağlı məsələdir ki, sonda bizi hüquq-mühafizə orqanlarına gətirib çıxardı. Bunun da məsuliyyətini mən daşımıram. Çünki mən Anar Əsədliyə, həm də yaxınlarına dəfələrlə bildirdim ki, bizi başqa istiqamətlərə yönləndirməsinlər, məsələni həll etsinlər. Lakin başqa mənzərə ilə qarşılaşdım. Belə ki, ötən ilin oktyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra sosial şəbəkələrdə və ictimai rəydə mənə qarşı mənəvi terror başladıldı. Mənim və İlham Hüseynovun müraciətləri guya hansısa dövlət qurumu tərəfindən təşkil olunmuş iş, təzyiq adlandırıldı, məsələyə başqa don geyindirməyə çalışdılar. Ötən gün də onun müavini "Facebook" sosial şəbəkəsində status yazdı ki, "hər şey gözəl olacaq, Azərbaycanda partiya liderinin həbs olunması ilk dəfə deyil, yaxın zamanlarda hər kəs öz saatlarını AY saatına uyğunlaşdıracaq" və sairə.

- Gizlin deyilsə, açıqlayardınız. Anar Əsədli sizdən nə qədər pul almışdı? Bəzi iddialar var ki, bu pulu partiya işlərinə xərcləyib. Başqa versiyalar da var ki, şərik biznes qurmaq istəmisiniz. Bu iddiaların hansı doğrudur?

- Bir daha qeyd edirəm ki, Anar Əsədli ilə bizim tanışlığımız çox uzun zamana, 1997-ci ilə təsadüf edir. Həmin dövrdə onunla mərhum eks-prezident Elçibəylə Kələkidən qayıtdıqdan sonra tanış olmuşuq. Daha sonra münasibətlərimizdə bir yaxınlaşma baş verdi. Qeyd edim ki, onun ictimai fəaliyyətində mənim müəyyən yardımlarım, dəstəyim olub".

2016-cı ildə Anar Əsədli mənə Türkiyədə ev alqı-satqısı, təmiri biznesi ilə məşğul olduğunu bildirərək, ortaq işləməyi təklif etmişdi və bununla əlaqədar olaraq məndən üst-üstə 150 min ABŞ dolları vəsait alıb. Bir müddət sonra Anar Əsədli bildirdi ki, Türkiyədə iqtisadi vəziyyət yaxşı olmadığına görə 2018-ci ilin sentyabrın sonlarında həmin vəsaiti Azərbaycana qaytarıb və burada qızıl və zinət əşyalarının satışı ilə məşğul olan qohumu ilə birgə biznes işinə yatırıb. Bundan əlavə, həmin vəsaiti alan zaman guya bu vəsaitin 50 min dollarını da Türkiyədə xəstəxana tenderi xərclərinə yönəldib. Ondan sonrakı dövrdə müşahidə etdim ki, Anar Əsədlinin dediyi məsələlər bu prosesə uyğun gəlmir və 2020-ci ilin sonlarında müəyyən ortaq tanışlar vasitəsilə mənə məlum oldu ki, onun digər şəxslərlə pul məsələsində problemləri var. Ona görə də mən 2021-ci ilin yanvar ayında bu vəsaiti nə zaman qaytaracağı ilə bağlı soruşmuşam, o da bildirib ki, 2021-ci ilin mart ayında bu vəsaiti qaytaracaq. Lakin bu barədə mart ayında soruşanda qaytaracağı vaxtı iyun ayı deyib, iyunda soruşanda isə sentyabrda qaytaracağını deyib. Sentyabrda razılaşdıq ki, noyabr ayının əvvəlində vəsait tam şəkildə geri qaytarılacaq. Lakin sonrakı dövrdə Anar Əsədli bu istiqamətdə heç bir addım atmadı, 2021-ci ilin mart ayından başlayaraq artıq mənimlə təmaslardan yayındı, buna görə də məsələ daha gərgin xarakter aldı.

- Son olaraq Anar Əsədli ilə nə zaman danışmışdınız?

- Son olaraq üzbəüz görüşümüz ötən ilin mart ayında olub. Daha sonra isə oktyabrın 28-də, yəni biz artıq şikayət verdikdən sonra görüşmüşdük.

- Sizə nə deyirdi? Bu pulu niyə qaytara bilmirdi. Özünün hər hansı bir formada izahatı var idimi?

- Bizim aramızda olan danışıqlarda, yazışmalarda bildirirdi ki, guya 1 gün, iki gün, 1 saat, 2 saatdan sonra qaytaracaq. Bu cür vədlər verərək deyirdi ki, guya pul gələcək, borcunu göndərəcək. Amma bunların heç biri həyata keçirilmədi. Daha sonra faktiki olaraq pulu geri qaytarmaqdan imtina etdiyini bildirib. Hələ o zaman hüquq-mühafizə orqanlarına müraciət etmək haqqında düşündüm. Lakin bizim ortaq tanışlarımız dövriyyəyə girdilər, onunla söhbət apardılar. Bu zaman da öhdəlik götürdü ki, sentyabr ayında bu vəsaiti tam şəkildə geri qaytaracaq.

Sonuncu dəfə oktyabr ayında ondan soruşanda ki, "niyə borcu ödəməkdən qaçırdın?" mənə cavab verdi ki, pul yox idi. Mən də dedim ki, pul yox idisə, təklifim var idi ki, oturub bu məsələləri danışaq. Lakin təəssüf ki, Anar Əsədli o zaman da mənim bu təklifimdən imtina etmişdi.

Bir dəfə mənə yazdığı mesajda bildirmişdi ki, guya evini satışa çıxarıb, onu satıb, mənə borcunu geri qaytaracaq. Təbii ki, bu da baş vermədi. Hətta torpaq sahəsi olduğunu, onu borc əvəzi mənim adıma keçirmək istədiyini və həmin torpaq sahəsinin çox bahalı olduğunu demişdi. Mən isə cavabımda demişdim ki, əgər belədirsə, sən o torpaq sahəsini sat, necə ki, borcu sənə pul şəklində vermişdim, eləcə də pul şəklində mənə geri qaytar. Təbii ki, onun dediyi rəqəmlər yalandır. Biz həmin əraziyə mütəxəssislər aparmışdıq və dəyərləndirmə zamanı bildirilmişdi ki, həmin torpaq sahəsinin qiyməti Anar Əsədlinin dediyi qiymətdən dəfələrlə ucuzdur.
Anar Əsədlinin bu gün həbsdə oturmağının səbəbi biz şikayətçilər ilə bağlı deyil. Onun vəkilləri, partiya ətrafında olan bir çox şəxslər ilə bağlıdır. Onlar bu məsələni siyasiləşdiməyə cəhd etdilər. Guya Anar Əsədli müxalif lideri imiş, hakimiyyətə təhlükə yaradırmış və məhz buna görə ona bu cür təzyiq edilir. Əlbəttə ki, bu, tamamilə yanlış yönləndirmədir.

Həmçinin qeyd etdiyim kimi, bu məsələdə onun vəkillərinin də təsiri var. Belə ki, vəkilləri onu inandırıblar ki, burada heç bir hüquqi əsas yoxdur və açıq şəkildə vəkillərimə demişdilər ki, "bu istintaq hamısı boş şeydir, onun əməlində heç bir cinayət tərkibi yoxdur". Bundan sonra isə arada olan bütün əlaqələr tamamilə kəsildi.

Çox təəssüf. Amma bu, Anar Əsədlinin özünün seçimi oldu. Biz heç istəməzdik ki, məsələ bu yerə gəlib çıxsın.

- Anar Əsədli ilə üzləşmisinizmi? İstintaqda iştirak edirsinizimi?

- İstintaqa müraciət etdikdən sonra dəvət olunmuşam, izahatmı vermişəm. Daha sonra yenə bəzi məsələlərin dəqiqləşdiriməsi ilə bağlı çağırılmışam və verilən suallara aydınlıq gətirmişəm. Anar Əsədli üzləşmədə iştirak etməyib.

- Yəni bundan imtina edib?

- Görünür ki, belədir.

- Sizdən başqa bu məsələdə daha kimlər var?

- Məndən başqa İlham Hüseynov var və onun adı artıq mətbuata məlumdur. Belə ki, İlham Hüseynov Zəngilan rayonunun keçmiş icra başçısı və vaxtilə Anar Əsədlinin seçki qərargahında önəmli şəxslərdən biri olub.

Mətbuatdan oxuduğum məlumata görə artıq 4 nəfərin də şikayəti istintaqa daxil olub. Hər halda istintaq işi gedir, daha başqa nüanslar ortaya çıxa bilər.

- Bir partiya sədrinin həbs olunması böyük hadisədir. Bunun səs-küyündən qorxmursunuz? Özünüzü nə qədər haqlı hesab edirsiniz?

- Əlbəttə ki, istənilən şəxsin həbs olunması xoş deyil, xüsusilə də Anar Əsədli ilə bizim münasibətlərimiz olub. Lakin mən vicdanımda çox rahatam ki, Anar Əsədliyə qarşı sona qədər dürüst davrandım, ona sona qədər şans tanıdım və təəssüf ki, o, bunların heç birini dəyərləndirmədi. Əksinə, sonradan mənim şəxsimə qarşı sosial şəbəkələrdə mənəvi terror yaratdı, onun müavinləri tərəfindən mənim haqqımda ağlagəlməz iddialar səsləndirildi, barəmdə təhqiramiz ifadələr yazıldı. Mən bunların hamısını sinəmə çəkib, dayandım. Mənim nə Anar Əsədli, nə də onun yaxınları qarşısında heç bir başıaşağılığım yoxdur. Çünki dəfələrlə birgə oturub bu məsələni həll etməyi xahiş etdim. Hətta bildirmişdim ki, onun üçün kimlərdən borc almışdım, onların pullarını geri qaytarsın, mənə aid olan hissənin isə qaytarılması ilə bağlı öz aramızda bir qrafik yaradaq. Sadəcə olaraq, Anar Əsədli bütün yolları qapatdı, mənə başqa yol buraxmadı və mən məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etdim.

Əlbəttə ki, siyasi partiya liderinin həbs olunması kifayət qədər ciddi hadisədir və buna görə istintaq bu qədər uzun çəkdi və kifayət qədər də dəqiq aparılmağa cəhd edildi ki, sonradan hansısa bir əlavə problem çıxmasın.
Hər kəs etdiyi əməllərə görə qanun qarşısında cavabdehdir. Hamımız qanun qarşısında bərabərik, heç birimizin qanundan üstün mövqeyimiz yoxdur.

- Əgər Anar Əsədli borcunu ödəyərsə, şikayəti geri götürərsinizmi?

- Əvvəldə də bildirmişdim ki, bu məsələdə mən kifayət qədər tolerantam, güzəştlərə hazıram. Təəssüf ki, mən bunların qarşılığını görmədim. Əlbəttə ki, Anar Əsədli və yaxud yaxınları bu məsələ ilə bağlı konkret addımlar atsalar, sonra bu barədə düşünmək olar.

Digər məsələ, məhz mənim müraciətimdən sonra Anar Əsədli və onun yaxınları, vəkili tərəfindən mənə bir ev təklif olundu. Bu evin mənim adıma keçirilməsi söhbəti ortaya çıxdı. Mən də təkrarən bildirdim ki, həmin mənzil satılsın, mənə pul verilsin. Amma bu addım atılmadı. Sonradan da mənə aydın oldu və vəkili də bunu mənə etiraf etdi, ortada belə bir plan olub – həmin mənzilin mənim adıma keçirilmə prosesi başlayır, hüquqi proses dayanır, işə xitam verilir və bundan sona həmin evin sahibi hansı ki, Anar Əsədliyə yaxın bir şəxsdir, o, məhkəməyə müraciət edir və məhkəmə mənim adıma keçirilmə prosedurunu ləğv edir və ev geri, sahibinə qaytarılır. Məhz bu davranışlar bu məsələnin kifayət qədər mənzərəsini dəyişdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1881   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

8 oktyabr
.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr
.

Vahid məktəbli forması: Məqsəd intizam yaratmaqdır

Məktəbdə vahid geyim qaydalarına əməl olunması yalnız xarici görünüş məsələsi deyil, eyni zamanda təhsil mühitində nizam-intizamın, məsuliyyətin və qarşılıqlı hörmətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısın

9 oktyabr