"Gülyanağı tələyə salıb evləndirdim" - Əməkdar artistlə MARAQLI SÖHBƏT

"Gülyanağı tələyə salıb evləndirdim" - Əməkdar artistlə MARAQLI SÖHBƏTLent.az-ın müsahibi Rəşid Behbudov adına Mahnı Teatrının solisti, pianoçu, Əməkdar artist Qorxmaz Qurbanovdur.

- Qorxmaz bəy, ömrünüzün neçə ilini musiqiyə vermisiniz?

- Deyəsən elə hamısını. Ağlım kəsəndən piano ilə "əl-ələ"yəm. Bülbül adına musiqi məktəbini bitirmişəm. 1995-ci ildə, Musiqi Akademiyasını bitirəndən də Mahnı Teatrındayam. Düz 30 ildir. Məni bura Vaqif Gərayzadə gətirib. Duaçıyam ona. Burda Xalq artisti Kamil Vəzirov bədii rəhbər idi. Kamil müəllimlə işləmək özü ayrıca bir məktəb idi. Düzdür, Musiqi Akademiyasında professor Fərhad Bədəlbəylinin sinfini bitirmişəm. Fərhad müəllimin yetirməsi olmaq məncə özü ayrıca bir statusdur. Paralel olaraq Fuad Əlizadənin sinfində xor dirijorluğunu oxumuşam.

- Necə müəllim idi Fərhad Bədəlbəyli?

- Çox qayğıkeş idi. Beynəlxalq müsabiqələrə çıxmağımız üçün səy göstərirdi. Fərhad Bədəlbəyli haqqında başqa nə söz deyəsən? Virtuoz sənətkardır. Bakıda hələ ki, onu ötəcək səviyyədə pianoçu yoxdur. Sizə bir söz deyimmi? Fərhad Bədəlbəyli məni sintezator çalan görəndə incidi, onun qınayan baxışlarını unuda bilmirəm.

- Niyə incidi?

- Mən klassik pianoçu idim, bəzən özüm də peşmanlayıram. Klassik pianoçu kimi qalsaydım, professor olub akademiyada dərs deyərdim. Daha başqa yerlərdə olardım... Pianonu sintezatora dəyişdiyimə görə, hərdən özümü xəyanət eləmiş hiss edirəm. Profilimi dəyişdim, özümü hər gün buna görə qınayıram. Murad Adıgözəlzadə ilə eyni vaxtda oxumuşduq. Amma bu da var ki, Rəşid Behbudov kimi bir dühanın adını daşıyan teatrda işləmək də asan iş deyildi.

- Kamil Vəzirovdan nə öyrənirdiniz bəs? Bu teatrda hamı onu özünə müəllim hesab edir...

- Kamil müəllim sənətkarın səhnəyə necə çıxmasını, necə geyinməsini çox önəmsəyən bir insan idi. Deyirdi çörək almağa çıxanda belə, geyim-keciminiz qaydasında olmalıdır. Xarici ölkənin sərhədindən içəri ayaq basdınsa sən özünü yox, Azərbaycanı təmsil edirsən. Gərək hər sözün, hər addımın Azərbaycana layiq olsun.

- Sizi dəfələrlə tək başına məşq edərkən görmüşəm. Hələ də səhnəyə çıxmaq həyəcanlandırır?

- Gənclik illərimdən indi daha çox həyəcan verir. Evdə özün üçün çalmaq asandır. Amma elə ki, tək solo pianoçu olaraq tamaşaçı qarşısına çıxdın, bax bu nəfəs kəsir. Deyək ki, 50 dəqiqəlik bir əsər çalmalısan, bu 50 dəqiqədə bilirsinizmi nə qədər notu əzbərləmək lazımdır. Dünyaca məşhur pianoçu var, Svetoslav Viktorov, hamımızın idealıdır. O qədər həyəcan keçirirmiş bəzən pərdə arxasından zala baxıb deyirmiş bu gün çıxmıram. Həyəcandan konserti ləğv etdirdiyi günlər olub. Halbuki bütün dünya ona heyran idi.

Bir xatirə yadıma düşdü, Azərbaycan mədəniyyət günləri çərçivəsində Sankt-Peterburqda səfərdə idik. Polad Bülbüloğlu səhnəyə çıxmalı idi. Onda hələ mədəniyyət naziri idi. Çox həyəcanlanmışdı. Soruşduq ki, siz də həyəcan keçirirsiniz? Adamın dünya boyda şöhrəti, təcrübəsi var amma biz onun titrəməsini hiss etdik. Dedi bu həyəcan bir də mən öləndə bitəcək. Mənə də fərq etməyib tamaşaçı 3 nəfərdir, ya 3000 nəfər. Sən öz sənətini məsuliyyətlə, bütün gözəlliyi ilə təqdim etməlisən. Təcrübə sənətkarlıq artdıqca məsuliyyət artır.

- Yaxşı pianoçu olmaq üçün sizcə ifaçıdan nə tələb olunur?

- İlk növbədə intellekt, dünya görüşü, sonra duyum. Klassik musiqi ciddi musiqidir. Ağrılı bir ömür keçirmiş bəstəkarın musiqisini ifa eləmək onun duyğularını yaşadır insana. Bethoveni, Motsartı, Baxı, Listi ifa edib necə yüngülbeyin olmaq olar? Motsartı, Listi, Raxmaninovu ifa eləmək hər pianoçunun işi deyil. Bizə niyə artist deyirlər biz axı musiqiçiyik? Bunu heç düşünmüsünüz? Biz səhnədə ayrı-ayrı dövrlərin bəstəkarlarının dünyasını hiss edirik. Onların həyatını, dövrünü öyrənirik. Ona görə, təfəkkür, düşüncə dərin olmalıdır, beyin barmağa hiss ötürməlidir. Mütaliəsi az olan musiqiçi bunu bacarmaz.

- Deyirlər, ən yaxşı pianoçular kişilərdir. Bu fikirlə razısınız?

- Əslində pianonu daha çox qızlar seçir. Mən akademiyaya daxil olanda 45 qızın arasında bir kişi mən idim. Qızlarım da yolumu davam etdirdilər, hər ikisi Musiqi Akademiyasında pianodan dərs deyir. Kişilər aparat baxımından daha güclüdürlər. Raxmaninovu, Bethoveni səsləndirmək üçün kişi gücü lazımdır. Elə xanımlar var kişilərdən də güclü ifa edirlər. Əvvəllər beynəlxalq müsabiqədə bir notun səhv vurulması qiymətini kəsirdi. İndi pianoçunun dramaturgiyasına önəm verirlər. Bir pianonun arxasına 10 pianoçu keçib eyni melodiyanı 10 fərqli formada çala bilərlər. Fərqi yaradan onların daxili aləmidir. Belə deyim, eyni şeiri Mikayıl Mirzə bir başqa cür deyirdi, başqa qiraətçi bir başqa. Bu onun ruhundan idi. Pianoda da belədir.

- Bizim bəstəkarlardan kimin əsərlərini ifa eləmək daha çətindir?

- Vaqif Mustfazadənin. Çünki onun o gözəl möhtəşəm əsərlərinin çoxunun notu yox idi. Hətta yadıma gəlir mən onun "Mart" və "Düşüncə" əsərlərini televiziyada eşidib maqnitofona köçürmüş, sonra həftələrlə yuxusuz qalıb nota qeyd eləmişdim. Dövlət imtahanında da onun əsərlərini ifa eləmişdim. Amma bəzi professorlarımız "bu nədir, restoran musiqisidir" deyib qəbul eləmək istəməmişdilər. Rəhmətlik sağlığında da əziyyət görmüşdü deyə konservatoriyanı oxumadı. Onun hər ifası bir əsər idi.

- Orta yaşlı insan arzu edirsə, piano çalmağı öyrənə bilər?

- İstəyəndə hər yaşda mümkündür və heç vaxt heç nə gec deyil.

- İndi xalq arasında musiqi deyəndə yada yalnız ritmik toy melodiyalarının düşməsi, incəsənətin bəsitləşdirilməsi sizi incidir?

- Sənətin bəsitləşdirilməsi məni incidir, amma buna bir yandan da normal baxıram. Hər malın öz alıcısı var. Ona da tələbat var deyə. Biz kiməsə şorba yemə, ancaq aş ye, meyxana yox, Fikrət Əmirovu dinlə deyə bilmərik. İnsan var muğamı, insan var ağır roku sevir. Ümumilikdə bütün musiqi növlərinin kökündə klassik musiqi dayanır.

- Biz Avropa bəstəkarlarının əsərlərini eşidirik, bilirik. Bəs qərbdə bizim bəstəkarların əsərləri ifa edilir?

- Vasif Adıgözəlov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun əsərləri ifa olunur. Bizim dirijorlarımız sağ olsunlar Avropa orkestrlərinə milli bəstəkarlarımızın əsərlərini təqdim edirlər. Bu arada deyim ki, dirijordan dirijora da fərq var. Rəhmətlik Nəriman Əzimov, Niyazi musiqiçiləri rəsmən yığıb yığışdırırdılar. Yaxşı dirijor qəhrəman sərkərdə kimidir.

Azərbaycan klassik musiqiçiləri çox dərin təhsil alırlar və dünya musiqi akademiyalarında bizimkilərə böyük tələbat var. Musiqiçi kimi bünövrəmiz, məktəbimiz möhkəmdir. Siz inanın ki, xaric konsertlərimizdə dəfələrlə erməni musiqiçilər pərdə arxasında bizə yanaşıb baş əyiblər. Sənətimizə heyranlıqlarını bildiriblər.

- Dünyanı çox gəzmisiniz. Qastrollardan maraqlı xatirələriniz olar yəqin...

- Hə çoxdur. Bir dəfə çarter reysi ilə xaricə uçasıyıq. Uçuş ləngiyir. Soruşuruq niyə? Dedilər Xalq artisti Gülyanaq Məmmədova hava limanında oturub körpəsinə ana südü verir. Həyat yoldaşı körpəsi ilə gəlmişdi onu ötürməyə. Uşaq ağlayıb, o da nə eləsin? Bu arada bir şeyi də qeyd edim, Gülyanaq Məmmədovanın ailə qurmasına mən səbəb olmuşam. Ondan olsa deyirdi hələ karyeramla məşğul olum, fəxri ad alım sonra evlənərəm. Türkiyədə onu özünün də xəbəri olmaqdan dostumun ailəsi gilə qonaq apardım. "Tələyə" saldım. Bir-birlərini tanıdılar, gördülər, maşallah indi 4 uşaq anasıdır. Gülyanaqla biz çoxdanın dostuyuq. Onunla çox məzəli xatirələrimiz var . Bir dəfə burada səhnədə oxuyurdu, ayaqqabısının dabanı ilişdi döşəmədəki taxtanın deşiyinə. Dartdı, çıxmadı, o da ayaqqabısının o biri tayını da soyunub, başladı yalın ayaqla ifa eləməyə. Bunu salondakılara da elan elədi və rahatlıqla çıxışını başa çatdırdı. İlhamə xanımla da maraqlı xatirələrim var. İlhamə xanımın ürəyi qızıl idi. Amma eqosu var idi də. Həmişə istəyirdi konserti özü açsın, ya da bağlasın. Bir konsertdə sona qalmışdı, xaricilər də nə bilsinlər İlhamə xanımın kaprizini. Ortaya ayrı proqram saldılar, alətlər salondan yığışdırıldı, dedilər konsert bitdi. Bu başladı pərdənin arxasında ağlamağa. Mənə dedi, Qorxmaz sən çal, mən oxuyacam. Gedib rejissordan xahiş elədim. Yenidən ansambl düzüldü səhnəyə. O da çıxıb son nömrəni oxudu. Rəhmətlik Mirzə dayı ilə (Mirzə Babayev) səfərlər, konsertlər maraqlı olurdu. Adam 20-ci sırada çıxış edəcəkdisə də, gəlib hamıdan qabaq dayanırdı kulisdə. Oturmurdu ki, paltarı qırışar. Deyirdi birdən kimsə xəstələnər, gecikər, onu əvəz eləmək lazım gələr.

- Toylara da gedirsiniz?

- Cavanlıqda gedirdim, indi yox. 200 illik yaşasaydım hə. 50-60 illik ömürdən ötrü böyük pulların dalınca qaçmağa dəyərmi? Ömür çox qısadır. Xalq artisti deyirlərsə, o xalqın içində olmalıdır. Toy özü böyük məktəbdir. Səhnə səhnədir, istər toy olsun, istər konsert salonu. Hər bir halda səhnə kübar görüntünü sevir. Hərdən səhnə mənə döyüş meydanı kimi görünür. Oradan qələbə ilə qayıtmaq lazımdır.

- Pianonuzu özünüz kökləyə bilirsiniz?

- Yaxşı pianoçu kökləməyi də bacarmalıdır.

- Bir qərinədən artıqdır səhnədəsiniz. Yerinə yetməmiş nə arzunuz var?

- Özümdən çox narazıyam. Bu məni psixoloji olaraq boğur, bilirəm ki, daha yaxşı yerlərdə olardım. Müğənnilər göz önündə olurlar, instrumentalisti gec fərq edirlər. Düzdür, biz səhnəyə fəxri ad üçün çıxmırıq. Amma qiymət görmək də gözəl duyğudur. Mədəniyyətimizi lazımınca təmsil edə biliriksə nə xoş bizə.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1041   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun