"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib " - DEPUTAT

"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib " - DEPUTAT"1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. "Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb:

"Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir;

"Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli "Kaspi" qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

Deputat söyləyib ki, Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür:

"1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Dövlət başçımızın qeyd etdiyi kimi bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".

Deputat vurğulayıb ki, Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır:

"Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər.
Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. "Media haqqında" AR Qanununun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir".

Deputat bu il Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunduğunu da bildirib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdurHəmçinin, 2025-ci il 25 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır.

Bu gün internet qəzetçilik də inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. İnformasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Habelə, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Həmçinin deputat söyləyib ki, Azərbaycan Prezidentlərinə təqdim olunan "Jurnalistlərin dostu" mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir:

"Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşlər.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur". Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).

Şuşada 2023-cü il 21-23 iyul tarixlərində "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda və 2024-cü il 20-22 iyul tarixlərində "Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda Qlobal Media Forumlar keçirilmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 18 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021