ABŞ Konqresində azərbaycanlıların qayıdış hüququna dair beynəlxalq konfrans keçiriləcək
24 iyun 2026-cı ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Bildirilib ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqressində keçirilən ilk belə tədbir kimi yadda qalacaq.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edəcəklər.
Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının - öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə daxil edilməsi məsələləri ətrafında müzakirələr aparılacaq.
XX əsr boyunca qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən tarixi torpaqlarından bir neçə mərhələdə - 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə sistemli şəkildə zorla çıxarılmış və etnik təmizləməyə məruz qalmışlar. Bu proses nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınmış, çoxsaylı insan qətlə yetirilmiş, işgəncələrə və qeyri-insani rəftara məruz qalmış, ailələrin sosial-mənəvi və iqtisadi dayaqları dağıdılmışdır.
Etnik təmizləmə siyasəti yalnız azərbaycanlı əhalinin fiziki olaraq tarixi torpaqlarından uzaqlaşdırılması ilə məhdudlaşmamış, eyni zamanda onların əsrlər boyu formalaşmış mədəni, dini və tarixi irsinin silinməsinə yönəlmişdir. Ermənistanda qalan Azərbaycan xalqına məxsus məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər maddi-mədəni irs nümunələri dağıdılmış, təhqir olunmuş və ya mənimsənilmiş, 2000-dən çox Azərbaycan mənşəli toponim dəyişdirilərək erməniləşdirilmiş, bununla da tarixi yaddaşın və bölgənin etnik-mədəni kimliyinin saxtalaşdırılmasına yönəlmiş sistemli siyasət həyata keçirilmişdir.
1951-ci il Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası qayıdış hüququnu etnik təmizləmə nəticəsində didərgin salınmış şəxslərin hüquqlarının bərpasını beynəlxalq hüququn mühüm tələblərindən biri kimi təsdiqləyir. Bu baxımdan, indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıdışının təmin edilməsi, onların mənzil, torpaq, əmlak, mədəni və dini irs üzərində hüquqlarının bərpası Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir.
Konfrans 24 iyunda Vaşinqtonda keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama