Bakıdakı bu universitet bağlandı
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir.
10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.
Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib. Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.
Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.
Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.
Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.
Elm və Təhsil Nazirliyi bir daha bildirir ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri