Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ

Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələsi

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla yanaşı, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisi oldu.

Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən ilk növbədə həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, münaqişənin həlli məqsədilə yaradılmış vasitəçilik mexanizmləri real nəticə verə bilməmişdi. Azərbaycan isə öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin etdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıc nöqtəsinə deyil, uzunmüddətli sülhün təməlinə çevirdi. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüldü. 2022-ci ildə Bakı gələcək sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini təqdim etdi. Qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək, dövlət sərhədinin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması bu yanaşmanın əsasını təşkil edir.

Ötən müddət Azərbaycanın irəli sürdüyü prinsiplərin faktiki olaraq sülh prosesinin siyasi çərçivəsinə çevrildiyini göstərdi. Vaşinqtonda "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin paraflanması isə bu istiqamətdə əldə edilən ən mühüm nəticələrdən biri oldu.

Son bir ilin dinamikası göstərir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq normallaşma prosesinin əsas və alternativsiz formatı kimi getdikcə daha aydın şəkildə təsbit olunur. Əgər əvvəllər iki ölkə arasındakı məsələlərin müzakirəsində müxtəlif beynəlxalq vasitəçilik platformaları ön planda idisə, hazırda ikitərəfli təmaslar sistemli və davamlı xarakter almaqdadır. Yüksək və ali səviyyədə dialoq formalaşıb, administrasiyalar arasında daimi operativ əlaqələr mövcuddur. Diplomatik kanallar vasitəsilə də təmaslar davam etdirilir və beynəlxalq təşkilatlar çərçivəsində gərginliyin azaldılmasına yönəlmiş ünsiyyət aparılır.

Son bir ilin əsas dəyişiklikləri ondan ibarətdir ki, uzun illər hərbi-siyasi qarşıdurma yaradan məsələlər artıq tədricən danışıqlar, hüquqi mexanizmlər və qarşılıqlı razılaşmalar müstəvisinə keçir.

Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional kommunikasiyaların açılması istiqamətində daha konkret perspektivin meydana çıxmasıdır. Bu baxımdan "Tramp marşrutu" - TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinə imkan yaratmaqla yanaşı, daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin formalaşdırılması üçün yeni perspektivlər açır.

Son bir ildə TRIPP-in həyata keçirilməsi istiqamətində müşahidə edilən dinamika layihənin tədricən siyasi konsepsiyadan praktiki müstəviyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi maraq, Azərbaycan və Ermənistanla aparılan iş, eyni zamanda, Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və bağlantı məsələlərinin müzakirəsi TRIPP-in əhəmiyyətinin yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmadığını göstərir. Layihənin gələcəkdə Orta Dəhlizin imkanları ilə əlaqələndirilməsi Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat marşrutlarının strateji əhəmiyyətini daha da artıra bilər. Bu mənada TRIPP yalnız nəqliyyat infrastrukturu layihəsi deyil, eyni zamanda, Cənubi Qafqazın formalaşmaqda olan yeni geoiqtisadi arxitekturasının mühüm elementinə çevrilmək potensialına malikdir.
TRIPP eyni zamanda üçüncü tərəfin Azərbaycan-Ermənistan sülh gündəliyində iştirakının mümkün modelini də ortaya qoyur. Burada əsas prinsip ondan ibarətdir ki, üçüncü tərəfin iştirakı yalnız Azərbaycan və Ermənistanın razılığı əsasında və konkret istiqamət, yaxud layihə çərçivəsində həyata keçirilir. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın sülh prosesində oynadığı rol xüsusi qeyd edilməlidir.

Vaşinqton formatının fərqləndirici xüsusiyyəti ABŞ-ın Azərbaycan və Ermənistanın siyasi iradəsini əvəz edən ənənəvi vasitəçi rolunda deyil, tərəflərin razılığı əsasında konkret istiqamətlər üzrə siyasi və iqtisadi dəstək göstərən tərəf kimi çıxış etməsidir. Bu model Azərbaycanın uzun müddətdir müdafiə etdiyi birbaşa dialoq prinsipinə də uyğundur.
Ötən ilin mühüm nəticələrindən biri normallaşma prosesinin artıq yalnız siyasi-diplomatik müstəvi ilə məhdudlaşmamasıdır. İqtisadi qarşılıqlı fəaliyyətin ilkin elementlərinin meydana çıxması, regional nəqliyyat layihələri ətrafında ortaq maraqların formalaşması, ekspert və vətəndaş cəmiyyəti səviyyəsində təmasların genişlənməsi sülh gündəliyinin tədricən daha geniş və praktik məzmun qazandığını göstərir. Bu proses həm Azərbaycan, həm də Ermənistan üçün yeni imkanlar yaradır. Regionda hərbi qarşıdurma riskinin azalması təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, investisiyaların cəlb olunması və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiya baxımından əlavə perspektivlər açır. Beləliklə, sülh gündəliyi yalnız siyasi məqsəd olmaqdan çıxaraq tədricən regional inkişaf və əməkdaşlıq resursuna çevrilir.

Bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın əsas müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra tam suverenliyini bərpa etdi və əldə olunmuş tarixi nəticənin davamlı regional sülh və əməkdaşlıq modelinə çevrilməsi təşəbbüsünü irəli sürdü. Bu yanaşma regionun gələcək siyasi arxitekturasını da dəyişir. Əgər əvvəlki regional düzən münaqişə, işğal, separatizm, qapalı sərhədlər və xarici vasitəçilik mexanizmləri ilə xarakterizə olunurdusa, hazırda tədricən fərqli model formalaşır. Bu modelin əsasını dövlətlərin suverenliyinə hörmət, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təşkil edir.

Vaşinqton görüşünün birinci ildönümünün əsas siyasi mənası da məhz bu transformasiyada axtarılmalıdır. 8 avqust 2025-ci ildə əldə edilmiş nəticələr ayrıca diplomatik hadisə olaraq tarixdə qalmadı. Onlar sonrakı proseslərin məntiqini və istiqamətini müəyyənləşdirən siyasi çərçivəyə çevrildi. Şübhəsiz ki, qarşıda görüləcək işlər və həllini gözləyən məsələlər hələ çoxdur. Lakin ötən bir ilin nəticələri əsas tendensiyanın artıq formalaşdığını göstərir. Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən uzaqlaşaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Azərbaycan isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri olaraq çıxış edir. Bu baxımdan Vaşinqton Sammitindən ötən bir ili yalnız əldə olunmuş razılaşmaların ildönümü deyil, Azərbaycanın yaratdığı yeni regional reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar.

Əlövsət Allahverdiyev - "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 323   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr