Qədim Naxçıvan yeni inkişaf mərhələsində

Qədim Naxçıvan yeni inkişaf mərhələsindəNaxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, öz sosial-iqtisadi potensialını qoruyub saxlayan bu qədim diyar indi tamamilə fərqli geoiqtisadi reallıq qarşısındadır. Qarşıdakı dövrdə Naxçıvanın əsas üstünlüyü təkcə Azərbaycanın ayrılmaz hissəsi olması və strateji coğrafi mövqeyi ilə deyil, həm də yeni nəqliyyat və enerji kommunikasiyalarının kəsişdiyi məkana çevrilmək imkanları ilə ölçüləcək.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə bu baxımdan xüsusilə diqqət çəkir. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Naxçıvanın qarşısında duran inkişaf perspektivi ayrı-ayrı layihələrin icrasından daha geniş məzmun daşıyır. Söhbət təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm və idarəetmənin bir-biri ilə əlaqələndirildiyi kompleks inkişaf modelindən gedir. Prezident müsahibəsində Naxçıvanın yeni nəqliyyat damarlarının formalaşdığı məkan olduğunu vurğulamaqla yanaşı, muxtar respublikanın gələcəkdə enerji ixrac edən bölgəyə çevriləcəyini də diqqətə çatdırıb.
Bu mənada, Naxçıvanın inkişafında yeni mərhələni bir cümlə ilə ifadə etmək mümkündür: dünən blokadanın yaratdığı coğrafi məhdudiyyətlərlə üzləşən Naxçıvan sabah regional bağlantıların yaratdığı iqtisadi üstünlüklərdən istifadə edən mərkəzə çevrilməlidir.

Naxçıvanın inkişafı Azərbaycanın dövlətçilik tarixində və xüsusilə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində həmişə mühüm yer tutub. Ümummilli liderin Naxçıvanla bağlı siyasi irsi bu qədim diyarın Azərbaycanın dövlətçilik tarixindəki xüsusi mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir. Sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən bu siyasət yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilib.

Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi də bu siyasətin sistemli xarakter aldığını göstərir. Sənəddə iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastrukturun yaxşılaşdırılması kimi istiqamətlər müəyyənləşdirilib. Sonrakı illərdə Dövlət Proqramına edilən dəyişikliklər isə nəqliyyat, su təsərrüfatı, təhsil və digər sahələr üzrə institusional imkanların daha da genişləndirilməsinə xidmət edib.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri çərçivəsində keçirilən tədbirlər də bunu təsdiqləyir. Dövlət başçısının qeyd etdiyi kimi, hər səfər konkret layihələrin icrası və yeni qərarların qəbulu ilə müşayiət olunur. Bu dəfə isə sənaye parkının təməlinin qoyulması, yeni enerji layihələrinin təqdim edilməsi, sosial xidmət infrastrukturunun genişləndirilməsi, nəqliyyat vasitələrinin yenilənməsi və digər tədbirlər Naxçıvanın inkişafının növbəti mərhələsinin konturlarını ortaya qoyub.

Muxtar respublikanın gələcək iqtisadi inkişafında sənayeləşmə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması mühüm hadisədir. Prezident İlham Əliyevin 2024-cü il 5 dekabr tarixli fərmanı ilə yaradılan parkın əsas məqsədi müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün sahibkarlara zəruri infrastruktur yaratmaqdır. Parkın fəaliyyətinin təşkili İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib.
Avqustun 11-də Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu qərarın praktiki mərhələyə keçdiyini göstərir. Dövlət başçısının sözlərinə görə, ərazi baxımından Naxçıvan Sənaye Parkı Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq.

Bu layihənin əhəmiyyəti onun ərazisinin böyüklüyündən daha çox, Naxçıvan iqtisadiyyatında yaradacağı yeni istehsal əlaqələri ilə bağlıdır. Sənaye parkları yalnız zavodların yerləşdiyi ərazilər deyil. Onlar xammal təminatından emala, logistika və qablaşdırmadan satışa, texniki xidmətdən ixraca qədər bütöv istehsal zəncirinin formalaşmasına imkan verən iqtisadi platformalardır.

Naxçıvanın coğrafi mövqeyi isə bu baxımdan xüsusi imkanlar yaradır. Türkiyə və İran bazarlarına yaxınlıq, gələcəkdə Ermənistan ərazisindən keçən kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqənin yaradılması və regional tranzit imkanlarının genişlənməsi sənaye parkında istehsal olunan məhsulların bazarlara çıxışını asanlaşdıra bilər.

Deməli, Naxçıvan Sənaye Parkına yalnız daxili tələbatı ödəyən müəssisələrin cəmləşdiyi məkan kimi yanaşmaq düzgün olmazdı. Qarşıdakı mərhələdə burada ixracyönümlü istehsalın, emal müəssisələrinin və regional təchizat zəncirlərinin formalaşdırılması daha böyük iqtisadi nəticələr verə bilər.

Naxçıvanın gələcək inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri enerjidir. Burada da son illərdə həyata keçirilən tədbirlər artıq yeni mərhələyə keçmək üçün zəmin yaradıb. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib ki, Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavatdır. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Beləliklə, təkcə bu stansiyanın istifadəyə verilməsi muxtar respublikanın generasiya gücünü təxminən 1,5 dəfə artıracaq. Dövlət başçısının vurğuladığı kimi, layihənin iki əsas məqsədi var: Naxçıvanı dayanıqlı enerji ilə təmin etmək və gələcəkdə elektrik enerjisinin ixracına imkan yaratmaq.

Bu, Naxçıvanın iqtisadi gələcəyinə baxışda prinsipial dəyişiklikdir. Çünki əvvəllər əsas məsələ muxtar respublikanın enerji təminatının sabitliyini qorumaq idisə, indi məqsəd istehsal güclərini artıraraq artıq enerjinin xarici bazarlara çıxarılmasıdır.

Naxçıvanda bərpaolunan enerji mənbələrinin inkişafı isə bu strategiyanın daha mühüm hissəsini təşkil edir. Dövlət başçısının sözlərinə görə, Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Eyni zamanda, yerli və xarici investorların bu sahəyə marağı da artır.
Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında Türkiyə ilə yaradılmış İğdır-Naxçıvan qaz kəməri də xüsusi rol oynayır. Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının mühüm layihələrindən biri olan bu xətt Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verib. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması muxtar respublikanın gələcək nəqliyyat imkanları baxımından mühüm baza yaradıb. Lakin bundan da əhəmiyyətlisi Naxçıvanın enerji sisteminin gələcəkdə regional enerji şəbəkələrinin bir hissəsinə çevrilməsi perspektividir.
Prezident İlham Əliyevin müsahibəsində açıqladığı kimi, Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi ilə Naxçıvana elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır. Cəbrayıl rayonunda böyük ötürücü yarımstansiyanın inşa edilməsi də məhz bu perspektiv nəzərə alınmaqla həyata keçirilib. Dövlət başçısının sözlərinə görə, gələcək enerji dəhlizi yalnız elektrik xətləri ilə məhdudlaşmaya bilər. Yəni fiber-optik kabel xəttinin, zərurət yarandığı halda isə neft-qaz kəmərlərinin də bu kommunikasiyanın tərkibinə daxil olması mümkündür.
Bu yanaşma Naxçıvanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Çünki müasir dünyada nəqliyyat dəhlizləri artıq yalnız yük və sərnişin daşıyan yollar deyil. Onlar paralel olaraq elektrik, rəqəmsal rabitə, enerji və digər kommunikasiyaların keçdiyi çoxfunksiyalı infrastruktura çevrilir.
Beləliklə, Naxçıvanın gələcək iqtisadi modeli bir istiqamətdən asılı olmayacaq. Türkiyə, İran və Azərbaycanla əlaqələrin genişlənməsi, perspektivdə Ermənistan ərazisindən keçəcək kommunikasiyalar muxtar respublikanın iqtisadi təhlükəsizliyini və dayanıqlılığını artıracaq.

Aynur Xəlilova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 120   Tarix: 13 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh

12 avqust
.

Qədim Naxçıvan yeni inkişaf mərhələsində

Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, öz sosial-iqtisadi potensialını qoruyub saxlayan bu qədim diyar indi tamamilə fərqli geoiqtisadi reallıq qarşısındadır. Qarşıdakı dövrdə Naxçıvanın əsas üstünlüyü təkcə Azərbaycanı

13 avqust
.

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ - VİDEO

Avqustun 11-də keçirilən "Sabah" - "Orhus" oyunundan sonra baş verən insidentlə bağlı yeni görüntülər yayılıb. xəbər verir ki, oyundan sonra davanı azərbaycanlı azarkeşlərin başladığı barədə iddialar səsləndirilib. Lakin yayılan görüntülərdə hücuma ilk keçən və vəziyyəti gərginləşdirə

12 avqust
.

Sabah 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-3

12 avqust
.

Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir. "Qafqazinfo" xəbər verir ki, Kürdoğlu Əsgərov -a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib. K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mül

13 avqust
.

"Yeni ulduz" qayıdır

İllər əvvəl yayımlanan məşhur "Yeni ulduz" layihəsi yenidən başlayır. Axşam.az-ın əldə etdiyi məlumata görə, "SOY" prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq. "Yeni ulduz" yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, "SOY"

13 avqust
.

Naxçıvanın yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin müsahibəsindən doğan perspektivlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında tutduğu xüsusi yeri

12 avqust
.

Eyni marka, fərqli tərkib: Qlobal brendlər məhsullarını niyə ölkədən-ölkəyə dəyişirlər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qlobal brendlərin eyni məhsulu müxtəlif ölkələrdə fərqli tərkiblə istehsal etməsi son illərdə istehlakçıların diqqətini çəkən məsələlərdən biridir. Eyni marka adı və oxşar qablaşdırma ilə satılan məhsulların dadı, qoxusu, istifadə olunan xammalı və hətta bəzi hallarda əsas tərkib komponentləri bazardan-bazar

12 avqust
.

Bu şəxslərin hərbi xidmətinə MÖHLƏT VERİLMƏYƏCƏK - AÇIQLAMA

Əyani doktoranturada təhsil alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama bu kateqoriyadan olan çağırışçıların hüquq və öhdəliklərini yenidən gündəmə gətirib. Mövcud qaydalara əsasən, əyani doktoranturada təhsil alan şəxslərə təhsil müddəti başa çatanadək möhlət verilir

13 avqust