BƏXTİYAR NƏCƏFOV: Xaricdə təhsil ölkənin insan kapitalına qoyulan çox mühüm investisiyadır

BƏXTİYAR NƏCƏFOV: Xaricdə təhsil ölkənin insan kapitalına qoyulan çox mühüm investisiyadırXaricdə təhsil müasir dövrdə gənclərin dünyagörüşünün genişlənməsi, yeni bilik və bacarıqlar əldə etməsi baxımından mühüm imkanlardan biri hesab olunur. Eyni zamanda, xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və təcrübəni ölkənin inkişafına yönəltməsi insan kapitalının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Bəxtiyar Nəcəfov bir sıra suallarımızı cavablandırıb.

- Xaricdə təhsil beyin axını problemini artırır, yoxsa ölkəyə fayda verir?
-Bu suala birmənalı şəkildə faydalıdır və ya zərərlidir cavabını vermək doğru olmaz. Məsələyə iki fərqli ssenari üzrə yanaşmaq lazımdır. Birinci ssenari ölkənin artıq yetişdirdiyi və hazırda ehtiyac duyduğu peşəkar kadrların xaricə işləməyə getməsidir. Məsələn, proqram təminatı mühəndisləri, kompüter mühəndisləri, kibertəhlükəsizlik mütəxəssisləri, süni intellekt mühəndisləri, data analitikləri və digər yüksək texnologiya sahələrində çalışan peşəkarlar daha yaxşı iş imkanlarına görə ölkədən gedir və Azərbaycanla peşəkar əlaqələrini tamamilə itirirlərsə, bu, ciddi beyin axınıdır. Çünki burada söhbət yalnız bir əməkdaşın və ya bir mütəxəssisin ölkədən getməsindən getmir. Ölkə həmin şəxsin hazırlanmasına sərf etdiyi zamanı, resursu, təcrübəni və institusional biliyi də itirir. Eyni zamanda onun yerini dolduracaq kadr tapılmır, gənc mütəxəssislərin öyrənə biləcəyi mentorların sayı azalır və strateji sahələrdə kadr çatışmazlığı yaranır. Xüsusilə kibertəhlükəsizlik və süni intellekt kimi istiqamətlərdə bu məsələ təkcə əmək bazarı ilə deyil, ölkənin texnoloji müstəqilliyi və təhlükəsizliyi ilə də bağlıdır. İkinci ssenari isə gənclərin xaricə təhsil almaq məqsədilə getməsidir. Mən bunu avtomatik olaraq beyin axını hesab etmirəm. Əksinə, düzgün idarə olunduğu halda xaricdə təhsil ölkənin insan kapitalına qoyulan çox mühüm investisiyadır. Azərbaycanın ali təhsil sistemində kifayət qədər güclü ixtisaslar və peşəkar müəllimlər var. Bununla yanaşı, sürətlə inkişaf edən bəzi dar ixtisaslaşmalar üzrə yerli akademik kadr, laboratoriya və tədqiqat imkanları hələ genişlənmə mərhələsindədir. Süni intellekt, kibertəhlükəsizlik, biotexnologiya, yüksək texnologiyalı tibb, logistika, rəqəmsal ticarət və digər yeni sahələr üzrə tələbələrin dünyanın qabaqcıl universitetlərində təhsil alması onlara yalnız nəzəri bilik deyil, həm də müasir tədqiqat mədəniyyəti, texnologiya, peşəkar şəbəkə və beynəlxalq iş standartları qazandırır. Hətta mən deyərdim ki, müqavilə öhdəliyi olmayan tələbənin məzun olduqdan dərhal sonra deyil, ixtisasına uyğun olaraq bir və ya iki il beynəlxalq şirkətdə, laboratoriyada və ya elmi-tədqiqat mərkəzində təcrübə qazanaraq Azərbaycana qayıtması daha faydalı ola bilər. Çünki bu zaman ölkəyə yalnız diplom deyil, real iş təcrübəsi, yeni idarəetmə yanaşması, beynəlxalq əlaqələr və layihə mədəniyyəti gətirilir. Beləliklə, beyin axını beyin dövriyyəsinə, daha sonra isə ölkə üçün beyin qazanımına çevrilir"
Ekspertin sözlərinə görə, burada əsas məsələ gəncin xaricə getməsi deyil, onun bilik və təcrübəsinin sonradan Azərbaycanla necə əlaqələndirilməsidir. O, bildirib ki xaricdə qalan hər bir azərbaycanlını da avtomatik olaraq itirilmiş kadr hesab etmək doğru olmaz. Xaricdə yaşayan mütəxəssis Azərbaycan universitetləri ilə birgə tədqiqat apara, yerli şirkətlərə texnologiya transferi edə, tələbələrə mentorluq göstərə, investisiya və beynəlxalq layihələr cəlb edə bilər. Ancaq bunun üçün dövlət, universitetlər və özəl sektor həmin insanlarla sistemli əlaqə qurmalıdır:
"Mən hesab edirəm ki, xaricdə təhsil almış və beynəlxalq iş təcrübəsi qazanmış azərbaycanlıların ölkəyə reinteqrasiyası üçün ayrıca və kompleks dövlət proqramına ehtiyac var. Bu proqram yalnız ölkəyə qayıdın çağırışından ibarət olmamalıdır. Xaricdəki azərbaycanlı mütəxəssislərin məlumat bazası yaradılmalı, onların ixtisas və təcrübələri müəyyənləşdirilməli, məzun olmalarından əvvəl uyğun dövlət qurumları, universitetlər və özəl şirkətlərlə əlaqələndirilməlidirlər. Onlara konkret karyera perspektivi, tədqiqat qrantları, startap imkanları, laboratoriya infrastrukturu və layiqli iş şəraiti təqdim olunmalıdır. Çünki insanı ölkəyə yalnız müqavilə deyil, imkanlar qaytarır. Xaricdə təhsil risk deyil; geri dönüş, reinteqrasiya və bilik transferi mexanizmləri olmadıqda riskə çevrilir"

-Təqaüd proqramları xaricdə təhsilə çıxışı necə asanlaşdırır və təşkil edir?

-Təqaüd proqramlarının ən böyük əhəmiyyəti xaricdə keyfiyyətli təhsili yalnız yüksək maddi imkanlara malik ailələrin övladları üçün deyil, istedadı, biliyi və potensialı olan bütün gənclər üçün əlçatan etməsidir. Təhsil haqqı, yaşayış, sığorta, viza, nəqliyyat və digər xərclər bəzən çox yüksək olduğuna görə, təqaüd proqramı olmasa, kifayət qədər bacarıqlı bir gənc dünyanın nüfuzlu universitetindən qəbul alsa belə, orada təhsil ala bilməz. Azərbaycanın 2022-2028-ci illər üçün Dövlət Proqramı bu baxımdan strateji əhəmiyyət daşıyır. Proqram ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərinə uyğun prioritet ixtisas sahələrini müəyyən edir və dünyanın nüfuzlu universitetlərindən qəbul almış namizədlərin təhsilini maliyyələşdirir. Burada vacib məqam odur ki, Dövlət Proqramı tələbəni universitetə qəbul etmir. Namizəd əvvəlcə müstəqil şəkildə uyğun universitet və ixtisas üzrə qəbul almalı, daha sonra Dövlət Proqramının seçim mərhələsində iştirak etməlidir. Bu proqramı yalnız sosial dəstək kimi deyil, dövlətin gələcək insan kapitalının hazırlanması siyasəti kimi qiymətləndirmək lazımdır. Dövlət bu gün gələcəkdə əmək bazarında, elmdə, texnologiyada, səhiyyədə və idarəetmədə ehtiyac duyacağı mütəxəssislərin hazırlanmasına investisiya qoyur. Proqram iştirakçılarının təhsildən sonra ölkəyə qayıtması və beş il əmək fəaliyyəti göstərməsi ilə bağlı öhdəliyin olması da dövlət investisiyasının ölkəyə geri qayıtması baxımından başadüşüləndir. Ancaq məncə, məqsəd yalnız müqavilə şərtini yerinə yetirmək olmamalıdır. Elə bir peşəkar mühit yaradılmalıdır ki, həmin gənclər Azərbaycana məcburiyyətdən deyil, öz istəkləri ilə qayıtsınlar və burada qalaraq məhsuldar fəaliyyət göstərsinlər. Çünki məcburiyyət qayıdışı təmin edə bilər, amma motivasiya insanın ölkədə qalmasını, inkişaf etməsini və yaratdığı dəyəri artırmasını təmin edir"
Təhsil analitiki hesab edir ki, tələbə hələ xaricdə təhsil aldığı dövrdə onun gələcək karyerası planlaşdırılmalıdır. Məzuniyyətə altı ay və ya bir il qalmış proqram iştirakçıları ilə Azərbaycan dövlət qurumları, universitetləri, elmi-tədqiqat institutları və özəl şirkətləri arasında görüşlər təşkil oluna bilər. Onlara əvvəlcədən uyğun iş təklifləri, tədqiqat imkanları və karyera istiqamətləri təqdim edilə bilər. Dövlət Proqramı məzunları üçün güclü məzun şəbəkəsi və vahid karyera platforması da yaradılmalıdır.

Azərbaycanın Dövlət Proqramı ilə yanaşı, Macarıstan, İtaliya, Çin və digər ölkələrin də beynəlxalq tələbələr üçün müxtəlif dövlət təqaüd proqramları mövcuddur. Bu proqramlar tələbə üçün böyük imkan yaratsa da, həmin ölkələr baxımından yalnız xeyriyyə və ya maliyyə yardımı deyil. Onlar bununla öz universitetlərinin beynəlxalqlaşmasını, ölkələrinin tanıdılmasını, akademik əlaqələrin genişləndirilməsini və istedadlı gənclərin cəlb edilməsini hədəfləyirlər. Bəzi ölkələr məzun olduqdan sonra yüksək ixtisaslı gəncləri öz əmək bazarlarında saxlamağa da çalışırlar. Azərbaycanlı tələbə belə bir təqaüdlə xaricə gedib yüksək səviyyəli təhsil aldıqdan sonra ölkəyə qayıdırsa, bu, Azərbaycan üçün çox böyük qazancdır. Əgər xaricdə qalır və Azərbaycanla bütün peşəkar əlaqələrini itirirsə, bu, müəyyən mənada ölkə üçün insan kapitalı itkisidir. Ancaq xaricdə qalaraq Azərbaycanı uğurla təmsil edir, yerli universitetlərlə, şirkətlərlə və gənclərlə işləyirsə, o zaman həmin şəxs ölkənin beynəlxalq elmi və peşəkar şəbəkəsinin bir hissəsinə çevrilir. Ona görə təqaüd proqramının uğuru yalnız neçə tələbənin xaricə göndərilməsi ilə ölçülməməlidir. Əsas göstərici neçə peşəkar mütəxəssisin yetişməsi, onların neçə faizinin ölkəyə qayıtması və Azərbaycana hansı elmi, iqtisadi və sosial dəyəri qazandırması olmalıdır"

-Xaricdə təhsilin əsas çətinlikləri nələrdir və hansı amillər nəzərə alınmalıdır?

-Xaricdə təhsilin çətinlikləri yalnız universitetə qəbul və viza almaqla bitmir. Əsl proses tələbə həmin ölkəyə çatdıqdan sonra başlayır. Mən bu çətinlikləri akademik, psixoloji, maliyyə, sosial və hüquqi istiqamətlər üzrə qiymətləndirərdim. Birinci böyük çətinlik yeni ölkəyə və mədəniyyətə uyğunlaşmaqdır. Tələbə fərqli həyat tərzi, ünsiyyət forması, sosial davranış qaydaları və təhsil sistemi ilə qarşılaşır. İlk aylarda yaranan mədəni şok, tənhalıq, ailədən uzaq qalmaq və sosial çevrənin olmaması tələbənin psixoloji vəziyyətinə, dolayısı ilə dərs göstəricilərinə təsir edə bilər. Birinci ildə yaranan akademik geriliyi sonrakı illərdə aradan qaldırmaq bəzən çox çətin olur. Ona görə tələbə getməzdən əvvəl yalnız sənədlərlə deyil, psixoloji baxımdan da hazırlanmalıdır.

Gedəcəyi ölkənin mədəniyyəti, qanunları, gündəlik həyat qaydaları, universitet sistemi və insanlarla ünsiyyət xüsusiyyətləri haqqında əvvəlcədən məlumat almalıdır. İkinci məsələ dil problemidir. Dil sertifikatı almaq həmin dildə akademik təhsil almağa tam hazır olmaq demək deyil. Tələbə gündəlik danışığı başa düşə bilər, amma professorun sürətli mühazirəsini izləməkdə, akademik məqalə yazmaqda, təqdimat etməkdə və seminar müzakirələrində iştirak etməkdə çətinlik çəkə bilər. Buna görə xaricə getməzdən əvvəl ümumi dil biliyi ilə yanaşı, akademik yazı, təqdimat və ixtisas terminologiyası da inkişaf etdirilməlidir. Üçüncü çətinlik təhsil sistemlərinin fərqli olmasıdır. Bir çox Avropa və Amerika universitetində tələbədən müstəqil araşdırma aparmaq, tənqidi düşünmək, elmi mənbələrdən düzgün istifadə etmək və öz vaxtını sərbəst idarə etmək tələb olunur. Plagiat, istinad qaydaları və süni intellekt vasitələrindən istifadə ilə bağlı ciddi akademik normalar mövcuddur. Bu qaydaları bilməyən tələbə, niyyəti olmasa belə, akademik pozuntu ilə üzləşə bilər. Dördüncü böyük problem yaşayış yerinin tapılmasıdır. Xüsusilə Avropanın böyük tələbə şəhərlərində yataqxana və münasib qiymətə ev tapmaq çox çətindir. Bəzən tələbələr qəbul məktubunu aldıqdan sonra yaşayış məsələsini son ana saxlayırlar və nəticədə yüksək kirayə, böyük depozit və ya saxta elanlarla qarşılaşırlar. Buna görə universitet seçilərkən yalnız təhsil haqqı deyil, şəhərin kirayə qiymətləri, yataqxana imkanları, nəqliyyat və ümumi yaşayış xərcləri də hesablanmalıdır. Beşinci məsələ düzgün maliyyə planlamasıdır. Təqaüd bütün xərcləri hər zaman tam qarşılamaya bilər. Valyuta dəyişiklikləri, depozit, dərs materialları, sığorta, nəqliyyat və gözlənilməz tibbi xərclər tələbənin büdcəsinə əlavə yük yarada bilər. Buna görə tələbənin əvvəlcədən real aylıq büdcəsi və fövqəladə hallar üçün ehtiyat vəsaiti olmalıdır. Altıncı çətinlik sənədləşmə və hüquqi proseslərdir. Viza aldıqdan sonra yaşayış icazəsi, ünvan qeydiyyatı, tibbi sığorta, bank hesabı, vergi nömrəsi və tələbə işləyəcəksə iş icazəsi ilə bağlı qaydalar ortaya çıxır. Bu məsələlərdə gecikmə tələbəyə həm maliyyə itkisi, həm də hüquqi problem yarada bilər. Tələbələr həmin ölkənin qanunlarını bilməli, məlumatları sosial şəbəkələrdən deyil, universitetin və dövlət qurumlarının rəsmi mənbələrindən əldə etməlidirlər.

Bəxtiyar Nəcəfov onu da xüsusi olaraq vurğulayıb ki, digər mühüm məsələ tələbənin işləməklə təhsil arasında balans yaratmasıdır. Bəzi tələbələr maddi ehtiyac səbəbindən həddindən artıq işləyir və bunun nəticəsində dərslərini, imtahanlarını və elmi fəaliyyətini ikinci plana keçirirlər. Tələbənin əsas məqsədi diplom almaq deyil, həqiqətən ixtisaslı mütəxəssis kimi yetişmək olmalıdır:

"Universitet və ixtisas seçimi də çox ciddi araşdırılmalıdır. Tələbə yalnız ölkənin adına, şəhərin məşhurluğuna və ya universitetin ümumi reytinqinə baxmamalıdır. Konkret proqramın keyfiyyəti, akkreditasiyası, professor heyəti, laboratoriya imkanları, məzunların iş göstəriciləri, təcrübə proqramları və diplomun Azərbaycanda tanınma imkanları əvvəlcədən yoxlanılmalıdır. Bəzən yüksək reytinqli universitetin bütün ixtisasları eyni səviyyədə olmur. Nəhayət, tələbənin xaricə getməzdən əvvəl karyera və geri dönüş planı olmalıdır. Əvvəlcə gedim, sonra baxaram yanaşması çox vaxt insanın məqsədsiz qalmasına səbəb olur. Tələbə hansı bilikləri qazanacağını, hansı şirkət və ya laboratoriyada təcrübə keçəcəyini, hansı peşəkar əlaqələri quracağını və həmin təcrübəni Azərbaycanda necə tətbiq edəcəyini əvvəlcədən düşünməlidir. Buna görə mən xaricə gedən tələbələr üçün məcburi gedişöncəsi hazırlıq proqramının təşkil edilməsini təklif edərdim. Bu proqramda akademik hazırlıq, psixoloji uyğunlaşma, maliyyə planlaması, hüquqi prosedurlar, yaşayış məsələləri və karyera planı öyrədilməlidir. Xaricdə təhsil alan azərbaycanlı məzunlar da yeni gedən tələbələrə mentor kimi təyin oluna bilərlər. Tələbənin uğuru yalnız universitetdən qəbul məktubu alması ilə ölçülməməlidir. Əsl uğur onun təhsilini sağlam şəkildə başa vurması, peşəkar təcrübə qazanması və əldə etdiyi bilikləri özü, ailəsi və ölkəsi üçün real dəyərə çevirə bilməsidir"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 122   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçın Şəhəri Günü: Zəfərimizin, Böyük Qayıdışımızın və dirçəlişimizin ünvanı

Laçın - tariximizin, milli yaddaşımızın və Böyük Qayıdışımızın simvollarından biri. Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhəri özünəməxsus təbiəti, zəngin tarixi, qədim mədəni irsi və strateji coğrafi mövqeyi ilə ölkəmizin tarixində xüsusi yer tutur. Bu gün Laçın təkcə gözəl dağ şəhəri kimi deyil

26 avqust
.

Sabah hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündü

25 avqust
.

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. report-a istinadən xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib

25 avqust
.

"Azəripək" "Azərxalça"ya birləşdirildi - Fərman

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Azərxalça" ASC (bundan sonra - Cəmiyyət) "Azəripək"

25 avqust
.

Elgiz Əkbər bu verilişlə qayıdır

Aparıcı Elgiz Əkbər yeni mövsümdən efirə qayıdır. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Elgiz "Şadlıq olsun" adlı yeni layihəsinin tizerini izləyiciləri ilə bölüşərək "tezliklə" qeydini yazıb. Qeyd edək ki, ötən mövsüm onun aparıcılığını etdiy

26 avqust
.

Bakıda gecə klubunda yanğın OLUB - VİDEO

Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

25 avqust
.

Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub

Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəya

25 avqust
.

AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. Bu barədə -a AQTA-dan məlumat verilib. Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurm

25 avqust
.

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə türk dünyasında ən sürətlə inkişaf edən və ən çoxşaxəli əməkdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin təməlində yalnız müasir dövlətlərarası maraqlar deyil, əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Bakı ilə Daşkən

25 avqust