Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA
Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün dövlət tərəfindən bir sıra maliyyə mexanizmləri tətbiq olunur.
İpoteka kreditləri, güzəştli ipoteka və satmaq öhdəliyi ilə kirayə modeli müəyyən kateqoriyalara aid vətəndaşların mənzil əldə etməsini asanlaşdırır.
Bəs bu imkanlardan kimlər yararlana bilər, kreditlərin şərtləri necədir və həqiqətən də vətəndaşlara "asan yolla" ev sahibi olmaq imkanı yaradılırmı?
Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan ipoteka və güzəştli ipoteka kreditləridir.
Xüsusilə güzəştli ipoteka müəyyən sosial və peşə qruplarına daha əlverişli şərtlərlə mənzil əldə etmək imkanı yaradır. Məsələn, müəyyən hallarda dövlət qulluqçuları, müəllimlər, şəhid və Vətən Müharibəsi Qəhrəmanlarının övladları, məcburi köçkünlər, elmi dərəcəsi olan şəxslər və digər qanunvericiliklə müəyyən edilmiş kateqoriyalar bu imkandan yararlana bilirlər. Gənc ailələr üçün də ayrıca güzəştli kateqoriyalar nəzərdə tutulub.
Hazırkı şərtlərə görə güzəştli ipoteka üzrə maksimum kredit məbləği 100 min manat, müddət 30 il, minimum ilkin ödəniş isə 10 faizdir. Güzəştli ipotekada illik faiz dərəcəsi zəmanətsiz kreditlər üzrə maksimum 4 faiz, zəmanətli kreditlər üzrə isə 3,7 faiz müəyyən edilib. Adi ipoteka üzrə isə maksimum məbləğ 150 min manat, müddət 25 il və minimum ilkin ödəniş 15 faizdir.
Burada vacib məqam ondan ibarətdir ki, söhbət dövlət tərəfindən vətəndaşa pulsuz mənzil verilməsindən getmir. Bu, uzunmüddətli və nisbətən əlverişli şərtlərlə mənzil almaq üçün yaradılmış maliyyə mexanizmidir. Kredit üçün vətəndaşın rəsmi və ya qaydalara uyğun təsdiqlənən gəlirləri, ödəmə qabiliyyəti və digər tələblər nəzərə alınır.
Bundan başqa, vətəndaşlar üçün satmaq öhdəliyi ilə kirayə mexanizmi də mühüm imkanlardan biridir. Bu modeldə vətəndaş mənzildən kirayə əsasında istifadə edir və müəyyən edilmiş şərtlər çərçivəsində ödənişlərini həyata keçirərək son nəticədə həmin mənzilə sahib ola bilir. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2026-cı ilin ilk yarısında məhz bu mexanizm vasitəsilə 475 ailə mənzil sahibi olub.
Mən hesab edirəm ki, burada əsas məsələ vətəndaşların mövcud imkanlar barədə düzgün və rəsmi məlumatlandırılmasıdır. Çünki bəzən "asan mənzil" və ya "dövlət pulsuz ev verir" kimi ifadələr yanlış təsəvvür yarada bilər. Əslində isə dövlətin təqdim etdiyi əsas üstünlük daha uzunmüddətli, aşağı faizli və müəyyən kateqoriyalar üçün güzəştli maliyyələşmə imkanlarının yaradılmasıdır.
2026-cı il üzrə də ipoteka kreditləşməsi davam etdirilir. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, 2026-cı il üçün adi ipoteka üzrə müraciətlərin qəbulu martın 5-dən, güzəştli ipoteka üzrə isə martın 6-dan elektron sistem vasitəsilə başlayıb. Müraciətlər "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən elektron imza vasitəsilə həyata keçirilir.
Yəni ümumiləşdirsək, Azərbaycanda ev sahibi olmağın "asan yolu" kimi vahid və hamıya şamil olunan bir qanundan danışmaq düzgün olmaz. Lakin güzəştli ipoteka, adi ipoteka və satmaq öhdəliyi ilə kirayə kimi dövlət mexanizmləri mənzil əldə etməyi vətəndaşların müəyyən qrupları üçün daha əlçatan edir. Əsas şərt isə şəxsin hansı kateqoriyaya aid olduğunu, gəlir imkanlarını və konkret proqramın tələblərini əvvəlcədən dəqiq müəyyənləşdirməsidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
Bu dondurmanın satışı qadağan edildi - Fotolar
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Məleykə Abbaszadədən təsirli paylaşım
Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA
Gənclərdə xərçəngin bu növü AŞKARLANIR: Səbəb nədir? - AÇIQLAMA
Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
"Qarabağ" "Sabah"ı belə təbrik etdi
Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?
Diyetoloqlar 50 yaşdan sonra əzələlər üçün vacib qida maddəsini açıqladı