VÜQAR MƏMMƏDOV: Dil öyrənmək sadəcə qaydaları bilmək deyil, həmin dili real məqsədlə istifadə etməkdir
Müasir dünyada xarici dil bilmək artıq əlavə üstünlük deyil, yeni imkanlara açılan mühüm qapıdır. Xarici dil öyrənmək insanın yalnız ünsiyyət imkanlarını genişləndirmir, həm də təhsil, karyera və şəxsi inkişaf üçün yeni perspektivlər yaradır. Bəs ölkədə xarici dil öyrənməyə maraq hansı səviyyədədir, insanlar daha çox hansı dilləri seçirlər və bu istiqamətdə əsas məqsədləri nələrdir ?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan CELTA sertifikatlı beynəlxalq dərəcəli İngilis dili müəllimi və mentor Vüqar Məmmədov xarici dilin müasir dövrdə əhəmiyyətindən bəhs edərək suallarımızı cavablandırıb:
-Azərbaycanda xarici dillərə maraq hansı səviyyədədir?
-9 illik müəllimlik təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda xarici dillərə, əsasən də ingilis dilinə maraq kifayət qədər yüksəkdir və bu maraq hər il daha da artır. Bunun əsas səbəblərindən biri də odur ki, insanlar artıq xarici dil bilməyin sadəcə əlavə üstünlük deyil, həm təhsil, həm karyera, həm də şəxsi inkişaf üçün vacib bir bacarıq olduğunu daha yaxşı anlayırlar. Əvvəllər insanlar daha çox ingilis dili öyrənirəm ki, sertifikatım olsun deyə düşünürdükər, amma bu gün isə ingilis dilini bilim ki, xaricdə işləyə bilim, beynəlxalq layihələrdə iştirak edim, xarici resurslardan istifadə edim, rahat ünsiyyət qura bilim düşüncəsi ilə çalışırlar. Deyərdim ki, gənclər arasında bu maraq daha çox və ciddi hiss olunur. Sosial media, xarici universitetlər, beynəlxalq şirkətlər, onlayn təhsil və süni intellekt kimi texnologiyalar insanlara göstərir ki, dil bilmədən böyük dünyaya çıxış məhdudiyyətlaşır"
Mentor bir məqamı da diqqətə çatdıraraq bildirib ki, dilə maraq yüksək olsa da, onu düzgün və sistemli şəkildə öyrənmək hər zaman eyni səviyyədə deyil. İnsanların bir qismi uzun illər ingilis dili öyrənir, amma real ünsiyyət zamanı danışmaqda çətinlik çəkir. Bu marağın yox, daha çox öyrənmə metodunun problemidir.
-Dil kursları ilə özünütəhsil arasındakı əsas fərqlər nələrdir?
-Hər ikisinin öz üstünlükləri var. Əsas məsələ insanın özünə uyğun sistemi seçməsidir. Dil kursunun ən böyük üstünlüyü sistem, müəllim dəstəyi, geridönüşün olması və məsuliyyət hissidir. Əsasən də başlanğıc səviyyəsində olan insan üçün müəllimin düzgün istiqamət verməsi çox vacib rol oynayır. İnsan nəyi, hansı ardıcıllıqla və necə öyrənəcəyini bilməyəndə çox vaxt zamanını səmərəsiz istifadə edir. Digər tərəfdən baxanda isə, özünütəhsil insanı daha müstəqil edir. İnsan öz tempində işləyir, öz ehtiyacına uyğun resurslar seçir və gündəlik həyatına uyğun proqram qura bilir. Amma burada da belə bir problem ortaya çıxır: resurs həddən artıq çoxdur"
Təlimçinin sözlərinə görə, dil öyrənmək nəzəri bilikdən daha çox, praktik tətbiq tələb edir:
"İnternetdə dil öyrənmək üçün o qədər çox material var ki, tələbə bəzən öyrənməkdən daha çox nəyi öyrənim? deyə düşünür. Mən CELTA təlimimdən və müəllimlik təcrübəmdən öyrəndiyim ən vacib məqamlardan birini burada xüsusilə qeyd etmək istərdim: belə ki, dil öyrənmək sadəcə qaydaları bilmək deyil, həmin dili real məqsədlə istifadə etməkdir. Ona görə ən ideal yanaşma bu ikisinin balansıdır. Yəni, düzgün qurulmuş sistem və fərdin müstəqil və davamlı çalışması.
-Xarici dil öyrənərkən insanların ən çox etdiyi səhvlər hansılardır?
-Ən böyük səhv bu ola bilər ki, insanlar dili öyrənməklə, dili mənimsəməyi, dili istifadə etməyi eyni şey hesab edirlər. Məsələn, bir insan 1000 söz əzbərləyə bilər, 20 qrammatika qaydasını öyrənə bilər, amma qarşısındakı şəxs Why are you learning English? deyəndə cavab verməkdə çətinlik çəkə bilər. Çünki dil yalnız bilik deyil, həm də bacarıqdır. Maşın sürməyi kitab oxuyaraq öyrənmək mümkün olmadığı kimi, danışmağı da yalnız qrammatika qaydalarını oxuyaraq öyrənmək mümkün deyil. İkinci böyük səhv mükəmməlliyyətçi olmaqdır. İnsanlar qrammatikam tam düzəlsin, sonra danışacağam deyirlər. Əslində isə çox vaxt əksinə olmalıdır. Danışdıqca səhvlər edilir, səhvləri gördükcə inkişaf edirik. Üçüncü problem davamlılığın olmamasıdır. İnsan bir ay çox intensiv çalışır, sonra iki-üç ay fasilə verir. Dil isə xüsusilə başlanğıc mərhələdə davamlı olmağı tələb edir. Digər səhv isə yalnız bir bacarıq üzərində işləməkdir. Məsələn, yalnız qrammatika və ya yalnız söz əzbərləmək. Halbuki dinləmə, danışıq, söz ehtiyatı, tələffüz, oxu və yazı bir-birini tamamlayır
İnsanlar çox vaxt dili öyrənməyə başlayanda Mən nə qədər vaxta ingilis dilini öyrənəcəm? sualını verirlər. Lakin bilmək lazımdır ki, dilin öyrəndim qurtardım deyə bir mərhələsi yoxdur. Məqsəd dili həyatın bir hissəsinə çevirməkdir.
-Dil öyrənməkdə məktəbin, valideynin və fərdin rolu nədir?
-Hər üç tərəfin rolu var, amma məncə ən böyük məsuliyyət sonda məşğul olanın öz üzərinə düşür. Məktəb uşağa dil üçün fundamental baza verməlidir. Burda məqsəd sadəcə qrammatika qaydalarını və sözləri öyrətmək yox, uşağın dildən istifadə etməsinə yardım etməkdir. Uşaq səhv etməkdən qorxmamalıdır. Əgər şagird səhv etsəm müəllim pis qiymət yazar, camaat mənə gülər düşüncəsi ilə danışırsa, bu onun inkişafına ciddi şəkildə zərər deyər. Valideynin rolu da uşağa davamlı şəkildə dəstək olmaqdır. Valideyn özü xarici dili bilməyə bilər, amma əsas məsələ uşağa niyə öyrənməlisən? sualının real cavabını göstərmək və prosesə maraq yaratmaqdır. Dil öyrənməyi məcburiyyət kimi görmək əvəzinə, onu imkan kimi göstərmək daha effektli olar. Amma yenə də bütün bunların üzərində tələbənin öz məsuliyyəti dayanır. Müəllim sizə doğru yolu göstərə bilər, valideyn sizi dəstəkləyə bilər, məktəb sizə baza verə bilər. Amma heç kim sizin əvəzinizə dili istifadə etməyəcək. Mən tələbələrimə də bunu deyirəm: müəllim sizin yerinizə ingilis dili öyrənmir. Müəllimin işi sizə dili öyrənmək üçün düzgün şərait, sistem və istiqamət yaratmaqdır. Sizin işiniz isə həmin sistemdə davamlılığı qorumaqdır. Və son olaraq, xarici dil öyrənməkdə ən vacib üç söz davamlılıq, praktika və düzgün metoddur. İnsan bu üçünü birləşdirsə, yaşından, səviyyəsindən asılı olmayaraq dilə yiyələnə bilər"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
İran müqavilədən sonra müharibə vəziyyəti elan etdi
Alonso "Real"dan bu futbolçuya görə ayrılıbmış
"Polat Alemdar" oğulları ilə - Fotolar
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Firad Əliyevin oğlu da tələbə adını qazandı - FOTO
İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA
Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Leyla Əliyevadan ailə FOTOSU