Süni intellekt əmək bazarına necə təsir edəcək? - AÇIQLAMA
Çində süni intellektin sürətlə tətbiqi fonunda bəzi şirkətlərin işçi sayını azaltması texnologiyanın əmək bazarına təsiri ilə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, Çin texnologiya şirkətləri on minlərlə iş yerini ixtisar edib və ya yenidən strukturlaşdırıb, xüsusilə proqramlaşdırma, tərcümə və media kimi sahələrdə dəyişikliklər daha çox hiss olunur.
Bəs, süni intellektin geniş tətbiqi gələcəkdə kütləvi işsizliyə səbəb ola bilərmi, hansı peşələr avtomatlaşdırma qarşısında daha həssasdır və süni intellektin yaratdığı yeni iş yerləri itirilən məşğulluğu kompensasiya edə biləcəkmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, süni intellekt çox zaman bütöv peşəni deyil, həmin peşənin daxilindəki təkrarlanan və standartlaşdırıla bilən tapşırıqları avtomatlaşdırır.
"Beynəlxalq Əmək Təşkilatının 2025-ci il araşdırmasına görə, dünyada təxminən hər dörd işçidən biri müəyyən dərəcədə generativ AI təsirinə məruz qala biləcək peşədə çalışır. Lakin araşdırmanın əsas nəticəsi kütləvi işsizliyin qaçılmaz olması deyil, əksər hallarda işlərin tamamilə yox olmaqdan daha çox transformasiya olunacağı gözlənilir. Əsas risk yüksək həcmdə rutin, rəqəmsal və qaydalara əsaslanan tapşırıqların olduğu vəzifələrdədir. Məsələn, məlumatların daxil edilməsi və ilkin emalı, standart müştəri xidməti və call-center funksiyaları, sadə mühasibat və inzibati əməliyyatlar, ilkin səviyyəli kontent və mətn hazırlanması, bəzi tərcümə və transkripsiya işləri, standart hesabatların hazırlanması. Amma burada da "bu peşə yox olacaq" deməkdənsə, "bu peşənin müəyyən funksiyaları avtomatlaşdırılacaq" demək daha doğrudur".
Ekspertin fikrincə, insan amilinin yüksək olduğu peşələr daha davamlı olacaq:
"Buraya liderlik, strateji idarəetmə, mürəkkəb qərarvermə, yaradıcılıq, danışıqlar, emosional zəka, insanlarla işləmək və yüksək səviyyəli ekspertiza tələb edən fəaliyyətlər daxildir. Eyni zamanda səhiyyə, təhsil, sosial xidmətlər, tikinti və digər fiziki və insanmərkəzli sahələrdə də tələbin artacağı gözlənilir. Dünya İqtisadi Forumunun 2025-ci il hesabatında 2030-cu ilə qədər 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə struktur dəyişiklikləri nəticəsində sıradan çıxacağı proqnozlaşdırılır. Nəticədə qlobal məşğulluqda xalis 78 milyon artım gözlənilir".
Onun sözlərinə görə, bu rəqəmlər çox vacib mesaj verir:
"Texnoloji transformasiya yalnız iş yerlərini azaltmır, eyni zamanda yeni əmək tələbi yaradır. AI və big data mütəxəssisləri, kibertəhlükəsizlik, proqram təminatı, data analitikası, AI məhsul idarəetməsi kimi sahələrdə yeni imkanlar yaranır. Lakin bununla yanaşı, qayğı, təhsil, logistika, tikinti və digər ənənəvi sahələrdə də yeni iş yerlərinin artacağı gözlənilir. Məsələn, gələcəyin mühasibi sadəcə məlumatları sistemə daxil edən şəxs olmayacaq, o, AI tərəfindən hazırlanmış məlumatı təhlil edən, riskləri müəyyən edən və biznes qərarlarına dəstək verən mütəxəssisə çevriləcək. Eyni proses HR, marketinq, hüquq, maliyyə və digər sahələrdə də baş verəcək. Beynəlxalq Əmək Təşkilatının 2025-ci il araşdırmasına görə, dünyada hər dörd işdən təxminən biri generativ süni intellektin təsirinə məruz qala bilər. Lakin tədqiqat göstərir ki, əksər hallarda söhbət peşələrin tamamilə əvəzlənməsindən deyil, işlərin transformasiyasından gedir. Xüsusilə inzibati, məlumatların emalı və digər rutin rəqəmsal vəzifələr daha yüksək risk altındadır".
O, qeyd edib ki, ən böyük risk işsizlikdən daha çox "bacarıq uyğunsuzluğu"dur:
"Yəni problem bəzən iş yerinin olmaması deyil, mövcud işçinin yeni iş üçün tələb olunan bacarıqlara malik olmamasıdır. Dünya İqtisadi Forumunun məlumatına görə, 2030-cu ilə qədər işlərdə tələb olunan bacarıqların təxminən 40%-nin dəyişəcəyi gözlənilir. Ona görə şirkətlər üçün ən düzgün strategiya yalnız ixtisar deyil, reskilling və upskilling olmalıdır. Gələcəyin əmək bazarında əsas rəqabət "insan, yoxsa AI?" arasında olmayacaq. Məncə, əsas rəqabət "AI-dan istifadə edən insan" ilə "AI-dan istifadə etməyən insan" arasında olacaq. Eyni zamanda şirkətlərin AI tətbiq edərkən məsuliyyətli transformasiya siyasəti aparması vacibdir. Kütləvi ixtisarlar qısa müddətdə xərcləri azalda bilər, lakin uzunmüddətli perspektivdə institusional biliklərin, təcrübənin və insan kapitalının itirilməsi şirkət üçün ciddi risk yarada bilər".
Ekspert qeyd edib ki, son dövrdə bəzi texnologiya şirkətlərinin AI ilə işçi sayını kəskin azaltmaq planlarını yenidən nəzərdən keçirməsi də göstərir ki, insan əməyinin tam avtomatlaşdırılması hər zaman gözlənilən məhsuldarlıq nəticəsini verməyə bilər:
"Süni intellektin kütləvi işsizliyə səbəb olması qaçılmaz ssenari deyil. Lakin əmək bazarında ciddi struktur dəyişikliklərinin baş verəcəyi artıq reallıqdır. Əsas təhlükə AI-nin özü deyil, insanların və təşkilatların bu dəyişikliklərə hazır olmamasıdır. Ona görə əsas məsələ "AI insanları əvəz edəcəkmi?" sualından daha çox, insanların AI ilə işləmək üçün lazımi bacarıqları nə qədər sürətlə qazanacağıdır. Məncə, gələcək əmək bazarında ən böyük üstünlük texnologiyanı insan yaradıcılığı, analitik düşüncə, ünsiyyət və qərarvermə bacarıqları ilə birləşdirə bilən şəxslərdə olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA
Ən yaşlı və ən gənc tələbə onlar oldu
İran müqavilədən sonra müharibə vəziyyəti elan etdi
Alonso "Real"dan bu futbolçuya görə ayrılıbmış
"Polat Alemdar" oğulları ilə - Fotolar
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Firad Əliyevin oğlu da tələbə adını qazandı - FOTO
İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA
Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Leyla Əliyevadan ailə FOTOSU
Sabah hava necə olacaq?