Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub.

Sonxeber.az "AzPolitika"ya istinadən bildirir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsil alacaq gəncləri və onların valideynlərini düşündürən əsas məsələ illik təhsil haqqı məbləğidir.

Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunan qəbul planlarına görə, bu il də bir sıra universitetlər təhsil haqlarını artırıb.

Universitetlər üzrə təhsil haqqındakı artım belə olub:

- Azərbaycan Texniki Universiteti - 100-300 manat;

- Bakı Mühəndislik Universiteti - 100-500 manat;

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 200-300 manat;

- Azərbaycan Turizm və Menecment Universiteti - 100 manat;

- Azərbaycan İdman Akademiyası - 500 manat;

- Sumqayıt Dövlət Universiteti - 100 manat;

- Lənkəran Dövlət Universiteti - 200-300 manat;

- Azərbaycan Kooperasiya Universiteti - 100-300 manat;

- "Azərbaycan" Universiteti - 300-500 manat;

- Bakı Avrasiya Universiteti - 200-300 manat;

- Odlar Yurdu Universiteti - 200-500 manat;

- Bakı Biznes Universiteti - 300 manat artım;

- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - 100 manat.

Qeyd edək ki, universitetlərdə illik ödənişlər bəzi proqramlarda 2 min manatdan başlasa da, ayrı-ayrı universitetlərdə 5 500 manata qədər yüksəlir.

Təqdim olunan qəbul planında ən yüksək məbləğlərdən biri Xəzər Universitetində qeydə alınıb. Burada bəzi ixtisaslar üzrə illik təhsil haqqı 5 500 manatadəkdir. Universitetin bəzi proqramlarında isə ödəniş 4 500, 5 000 və 5 500" manat aralığında göstərilib. Bu, qəbul balı və güzəşt mexanizmlərindən asılı olaraq tələbənin ödəyəcəyi məbləğin dəyişə biləcəyini göstərir.

I ixtisas qrupu - texniki və İT ixtisasları

I qrup üzrə universitetlərdə əsas diqqət kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, ekologiya və digər texniki istiqamətlərə yönəlib.

Azərbaycan Kooperasiya Universitetində Ekologiya mühəndisliyi və Kompüter mühəndisliyi üzrə illik təhsil haqqı 2 700 manatdır. Qida mühəndisliyi 2 600 manat, Şərabçılıq, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisaslarında isə ödəniş 2 800 manat təşkil edir.

"Azərbaycan" Universitetində İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi üzrə illik təhsil haqqı 2 500 manat müəyyənləşdirilib. İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan dilində təhsil 2 700 manat, ingilis dilində proqram isə 3 000 manatdır.

Qərbi Kaspi Universitetində I qrup üzrə ödənişlər daha yüksəkdir. Kompüter elmləri 3800 manat, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi isə 4 000 manatdır. İngilis dilində tədris olunan proqramlarda da əsasən eyni qiymətlər tətbiq olunur.

Xəzər Universitetində isə I qrup üzrə bir sıra ixtisaslarda daha yüksək ödənişlər nəzərdə tutulub. Kompüter elmləri üzrə 80, İnformasiya təhlükəsizliyi üzrə 50, Kompüter mühəndisliyi üzrə isə 100 plan yeri ayrılıb. Bu proqramlarda təhsil haqqı 4 500-5 500 manatadək yüksələ bilir.

II ixtisas qrupu - biznes və iqtisadiyyat

II qrup üzrə əsas istiqamətlər biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat və turizmdir.

Azərbaycan Kooperasiya Universitetində bu ixtisaslar üzrə illik təhsil haqları əsasən 2200-2 800 manat arasında dəyişir. Universitetdə Biznesin idarə edilməsi üzrə 110, Marketinq üzrə 130, İqtisadiyyat üzrə 70, Maliyyə üzrə 80, Mühasibat üzrə isə 50 plan yeri ayrılıb.

"Azərbaycan" Universitetində biznes və iqtisadiyyat istiqamətində həm Azərbaycan, həm də ingilis dilində proqramlar təklif olunur. Təhsil haqları 2 000-3 000 manat arasındadır. Biznesin idarə edilməsi üzrə 70, Marketinq üzrə 70, Turizm işinin təşkili üzrə 80 plan yeri nəzərdə tutulub.

Qərbi Kaspi Universitetində II qrup üzrə əyani proqramların böyük hissəsində illik təhsil haqqı 3 800-3 900 manatdır. Qiyabi təhsil alanlar üçün isə bu məbləğ 2 600 manat səviyyəsindədir.

Xəzər Universitetində biznes və iqtisadiyyat istiqamətində xüsusilə ingilis dilli proqramlar önə çıxır. Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat və Turizm işinin təşkili üzrə proqramlara qəbul aparılır. Burada illik təhsil haqqının yuxarı həddi ixtisasdan asılı olaraq 4 500-5 500 manat arasında dəyişir.

III ixtisas qrupu - sosial elmlər və humanitar ixtisaslar

III qrup üzrə universitetlərdə beynəlxalq münasibətlər, regionşünaslıq, filologiya, tərcümə, tarix, politologiya, sosial iş və pedaqoji istiqamətlərə üstünlük verilir.

Qərbi Kaspi Universitetində III qrup üzrə təhsil haqqı əsasən 3 000-3 500 manat təşkil edir.

Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Tarix müəllimliyi, Beynəlxalq münasibətlər, Filologiya, Politologiya, Regionşünaslıq və Tərcümə kimi ixtisaslar üzrə qəbul nəzərdə tutulub. Burada bəzi proqramların qiyməti 4 500-5 000 manatadək yüksəlir.

"Odlar Yurdu" Universitetində III qrup üzrə illik təhsil haqqı əsasən 3 000-3 500 manatdır.

IV ixtisas qrupu - tibbə yaxın və biologiya istiqamətləri

IV qrupda universitetlərdə ixtisas seçimi digər qruplarla müqayisədə daha məhduddur.

Qərbi Kaspi Universitetində Psixologiya, Biologiya, Biotexnologiya, Ekologiya, Su bioehtiyatları və akvakultura kimi proqramlar təqdim olunur. Təhsil haqları 3 000-3 500 manat arasında dəyişir.

Xəzər Universitetində Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Psixologiya, Biotexnologiya və Baytarlıq təbabəti üzrə qəbul aparılır. Bu proqramlarda təhsil haqqı bəzi hallarda 4 500 manatadək yüksəlir.

V ixtisas qrupu - dizayn və incəsənət

V qrupda özəl universitetlərdə əsasən dizayn və incəsənət istiqamətli proqramlar təqdim olunur.

Qərbi Kaspi Universitetində Dizayn üzrə Azərbaycan dilində 60, ingilis dilində isə 20 plan yeri ayrılıb. Hər iki proqram üzrə illik təhsil haqqı 3 500 manatdır.

Xəzər Universitetində Təsviri incəsənət müəllimliyi və Dizayn üzrə qəbul aparılır. Dizayn ixtisasında həm Azərbaycan, həm də ingilis dilində proqramlar mövcuddur. Təhsil haqqı 0-4 500 manat aralığında göstərilib.

Difər tərəfdən, ADA Universiteti ən yüksək təhsil haqqı tələb edən ali məktəblərdən biridir. Bakalavriat proqramlarında illik ödəniş ixtisasdan asılı olaraq təxminən 6 000-8 000 manat arasında dəyişir. Hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat və biznesin idarə edilməsi kimi istiqamətlər yüksək ödənişli proqramlar sırasındadır.

Azərbaycan Tibb Universitetində də bəzi ixtisaslar üzrə təhsil haqqı kifayət qədər yüksəkdir. "Müalicə işi", "Stomatologiya" və digər proqramlarda illik ödəniş 5 000-6 500 manat səviyyəsinə çatır.

Xəzər Universiteti isə özəl ali məktəblər arasında yüksək təhsil haqqı ilə seçilən universitetlərdəndir. 2026/2027-ci tədris ili üzrə bəzi bakalavriat proqramlarında illik ödəniş 5 500 manata qədər yüksəlir.

Buradan da aydın olur ki, xüsusilə illik ödənişi 5 000-8 000 manat olan proqramlarda dördillik təhsilin ümumi xərci tələbəyə 20-30 min manata başa gəlir ki, bu da kifayət qədər yüksək hesab olunan bir məbləğdir.

Bəs maraqlıdır, bu gün Azərbaycan universitetlərində verilən təhsil tələbələrin ödədiyi bu məbləğləri qarşılaya bilirmi?

Bu barədə təhsil eksperti Əmrah Həsənli bildirib ki, Universitetlərdə təhsil haqlarının artırılması məsələsinə yalnız rəqəmlər üzərindən yanaşmaq düzgün deyil: "Təhsil haqqının 5-6 min, hətta 8 min manata çatması öz-özlüyündə həmin məbləğin yüksək və ya aşağı olduğunu göstərmir. Əsas məsələ tələbənin ödədiyi vəsaitin qarşılığında hansı imkanları əldə etməsidir. Yüksək təhsil haqqı avtomatik olaraq təhsilin keyfiyyətinin də yüksək olması anlamına da gəlmir. Universitetin akademik heyəti, tədris proqramlarının müasirliyi, maddi-texniki bazası, tələbələr üçün yaradılan təcrübə və mübadilə imkanları, laboratoriyalar, infrastruktur, xarici dil mühiti, məzunların əmək bazarındakı nəticələri və tələbələrin əldə etdiyi kompetensiyalar əsas qiymətləndirmə meyarları olmalıdır".

"Azərbaycanda 5-8 min manat aralığında təhsil haqqının özünü doğrultmadığını deməzdim. Çünki bəzi universitetlərdə daha yüksək ödənişin arxasında əlavə imkanlar, beynəlxalq proqramlar, güclü akademik mühit və əmək bazarına daha sıx çıxış imkanları dayanır. Buna ən böyük nümunələrdən biri kimi ADA Universitetini göstərmək olar", - deyə Əmrah Həsənli qeyd edib.

Onun sözlərinə görə, universitetlər təhsil haqlarını müəyyənləşdirərkən tələbəyə və cəmiyyətə həmin məbləğin qarşılığını əsaslandırmağı bacarmalıdır.

Ekspert xaricdə təhsil məsələsində də yalnız universitetlərin illik təhsil haqlarının müqayisə edilməsinin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, 5-8 min manat səviyyəsində xaricdə universitet tapmaq mümkündür. Lakin bu zaman yaşayış, kirayə, sığorta, viza, nəqliyyat və digər xərclər də nəzərə alınmalıdır.

Əmrah Həsənli bildirib ki, bəzi ölkələrdə münasib təhsil haqqı ilə yanaşı tələbələrə daha geniş beynəlxalq akademik və karyera imkanları təqdim olunur: "Seçim Azərbaycan, yaxud xarici ölkə prinsipi ilə aparılmamalıdır. Əsas prinsip ödədiyim vəsaitin qarşılığında hansı universitetin mənə daha yaxşı akademik və karyera imkanları yaratması olmalıdır. Hazırda universitetlər arasında rəqabət yalnız diplom üzərindən deyil, tələbəyə verilən real dəyər üzərindən qurulur".

Ekspert hesab edir ki, 8 min manat təhsil haqqı ödəyən tələbə bunun qarşılığında sadəcə auditoriyada dərs saatı almamalıdır: "Tələbə müasir tədris, güclü müəllim heyəti, praktiki hazırlıq, beynəlxalq imkanlar və məzun olduqdan sonra əmək bazarında rəqabət üstünlüyü əldə etməlidir".

Ə. Həsənli gələcəkdə universitetlərin təhsil haqlarının əsaslandırılması və həmin ödənişlərin tələbələrə yaratdığı real imkanların daha şəffaf şəkildə göstərilməsinin vacib olacağını da vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 382   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr