500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomatik şəkildə rəsmiləşdirilməsi mümkün deyil və hər bir əmlakın hüquqi statusu ayrıca qiymətləndirilir.
Bəs, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı yaxın dövrdə hansı dəyişikliklər gözlənilir, hansı əmlakların qanuniləşdirilməsi mümkündür və vətəndaşların belə evlərə çıxarış alması üçün hansı əlavə imkanların yaradılması məqsədəuyğun olardı?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda 500 mindən artıq sənədsiz ev var və onların böyük əksəriyyətinin qanunla nəzərdə tutulmuş qaydada müəyyən əmlak amnistiyası həyata keçirilməklə sənədlə təmin edilməsi mümkündür.
"Bu, ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Belə ki, yeni vergi subyektlərinin yaranması, qiymətləndirmə, sığorta, alqı-satqı, miras və mülkiyyət hüquqlarının dövriyyəsi baxımından həmin evlərin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi əlavə büdcə daxilolmalarına səbəb ola bilər. 500 min sənədsiz evin böyük bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində inşa edildiyi üçün qanunsuz hesab olunur. Lakin həmin ərazilərdə çoxlu sayda analoji evlərin mövcud olduğunu nəzərə almaq lazımdır. Söhbət bir-iki evdən deyil, bütöv massivlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsindən gedir. İnsanlar həmin evlərdən faktiki mülkləri kimi istifadə edir və müvafiq ödənişləri həyata keçirirlər. Bir qərarla həmin evlərin yerləşdiyi torpaqların statusu dəyişdirilərək yaşayış təyinatlı torpaqlara çevrilsə, problemin böyük hissəsini həll etmək mümkün olar".
Ekspert bildirib ki, digər tərəfdən, 2001-ci ilə qədər tikilmiş və müəyyən dövlət qurumlarından müvafiq sənədlərlə təmin olunmuş, lakin həmin sənədləri mülkiyyət hüququnu təsdiq edən sənədlərə dəyişdirilməmiş evlər də var:
"İlkin sənədləri mövcud olan belə evlərin də mərhələli şəkildə sənədlə təmin edilməsi mümkündür. Düşünürəm ki, bu proses mərhələli qaydada həll ediləcək. 500 min evin sənədsiz olması həm dövlətin, həm də vətəndaşların maraqlarına uyğun deyil. Azərbaycan 35 ildir müstəqil dövlətdir və müstəqil dövlətin mütləq əmlak reyestri formalaşmalıdır. Bu istiqamətdə kadastrın yenidən formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib. Faktiki mövcud olan evlərin qeydiyyata alınması, daha sonra tələblərə uyğun olanların reyestrə daxil edilməsi prosesinə də start verilib. Müvafiq dövlət qurumları da bu problemin həll edilməsinin vacibliyini başa düşür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi iradə ortaya qoyulub. 2015-ci ildən başlayaraq bir neçə dəfə müvafiq göstəriş, qərar və sərəncamlar verilib. Düşünürəm ki, 2026-2027-ci illərdə bu problemin bu və ya digər formada həllinin mümkünlüyünü görəcəyik".
Onun sözlərinə görə, bunun üçün əmlak amnistiyasının həyata keçirilməsi lazımdır və qanunsuz tikililərə amnistiya verilməsinin yeni qanunsuz tikililər üçün presedent yaradacağından ehtiyat etmək lazım deyil:
"Çünki müvafiq dövlət qurumları - icra hakimiyyətləri, bələdiyyələr və hüquq-mühafizə orqanları bundan sonra vətəndaşların icazəsiz tikinti aparmasının qarşısını almalıdır. Lakin bütün tikililərin qeydiyyata alınması mümkün deyil. Ciddi qanun pozuntusu ilə inşa edilmiş, məsələn, sürüşmə zonasında, strateji obyektlərin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında və ya strateji əhəmiyyətli kommunikasiya vasitələrinin, neft və qaz boru kəmərlərinin üzərində yerləşən tikililərin qeydiyyatından söhbət gedə bilməz. Belə tikililər həm həmin evlərdə yaşayan insanlar, həm də yaxınlıqdakı digər evlər üçün ciddi təhlükə yaradır və qanunla da onların inşasına icazə verilmir. Bu şəxslərə alternativ kompensasiya verilməli və onlar alternativ yaşayış sahəsi ilə təmin olunmalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakıda yağış, bölgələrdə leysan yağacaq
Türk bayrağına tüpürən ingilis turist həbs edildi
Leyla Əhmədova həbs olundu
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
"Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO