Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Otuz ildən Zəfərə, Zəfərdən SuverenliyəBəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçiliyinin tarixində uzun və mürəkkəb bir yolun nəticəsini ifadə edir. Bu tarixə aparan yol bir gündə, bir ildə, hətta bir neçə onillikdə formalaşmayıb. Onun başlanğıcında xalqımızın müstəqillik arzusu, ortasında ağır işğal illəri və mübarizə, dönüş nöqtəsində 2020-ci ilin Zəfəri, kulminasiya mərhələsində isə 2023-cü ilin sentyabr hadisələri dayanır. Bu baxımdan 20 Sentyabrı anlamaq üçün yalnız 2023-cü ilin hadisələrinə nəzər salmaq kifayət deyil. Bu tarixin mahiyyətini dərk etmək üçün otuz ildən artıq bir dövrün siyasi, hərbi və mənəvi mənzərəsinə nəzər salmaq lazımdır. Çünki 20 Sentyabrın arxasında bir xalqın öz torpağına qayıtmaq arzusu, öz dövlətinin ərazi bütövlüyünü bərpa etmək əzmi və öz taleyinə sahib çıxmaq iradəsi dayanır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil dövlət quruculuğunun ən mürəkkəb mərhələlərindən biri ilə üzləşdi. Yeni dövlət institutlarının formalaşdırılması, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkənin ərazi bütövlüyünə qarşı hərbi təcavüz ciddi təhlükə yaratdı. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində ölkə ərazisinin böyük hissəsi işğal edildi. Azərbaycan xalqı ağır itkilərlə üzləşdi. Yüz minlərlə insan doğma torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər, tarixi və mədəni abidələr dağıdıldı. İşğal yalnız torpaqların itirilməsi demək deyildi. Bu, insanların öz evlərindən, doğma kəndlərindən, ata-baba məzarlarından ayrılması idi. Bu, bir nəslin uşaqlığını, başqa bir nəslin gəncliyini, bütöv bir cəmiyyətin həyatını dəyişdirən faciə idi. Lakin işğal Azərbaycan xalqının dövlətçilik iradəsini sındıra bilmədi. Məcburi köçkün düşərgələrində, şəhərlərdə, kəndlərdə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların yaddaşında Qarabağ daim yaşadı. "Torpaqlarımız işğaldan azad olunacaq" düşüncəsi təkcə siyasi şüar deyil, milli iradənin ifadəsinə çevrildi.

Azərbaycanın mövqeyi ilk gündən beynəlxalq hüquqa əsaslanırdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə tanınmışdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü təsdiqləmiş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etmişdi. Bu sənədlər mühüm siyasi və hüquqi əhəmiyyət daşısa da, onların icrası təmin edilmədi. Azərbaycan xalqı uzun illər beynəlxalq ictimaiyyətdən ədalətli və effektiv mövqe gözlədi. Diplomatik danışıqlar aparıldı, müxtəlif formatlarda görüşlər keçirildi, vasitəçilik mexanizmlərindən istifadə olundu. Lakin illər keçdikcə aydın oldu ki, yalnız danışıqlar prosesinin özünə güvənmək kifayət etmir. Danışıqlar real nəticə vermədikdə işğalın davam etməsi faktiki olaraq mövcud vəziyyətin qorunmasına xidmət edirdi. Azərbaycan isə status-kvonun əbədi ola bilməyəcəyini dəfələrlə bəyan etdi. Bu, həm diplomatik, həm də dövlətçilik baxımından prinsipial mövqe idi.
2000-ci illərdən etibarən Azərbaycan sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin iqtisadi potensialının artması dövlət institutlarının möhkəmlənməsi və müdafiə imkanlarının genişlənməsi ilə müşayiət olundu. Güclü iqtisadiyyat güclü ordunun formalaşdırılması üçün imkan yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası yeniləndi, müasir silah və texnologiyalar əldə edildi, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət yetirildi. Bütün bunlarla yanaşı, Azərbaycan diplomatik müstəvidə də öz mövqeyini ardıcıl şəkildə müdafiə etdi. Ölkəmizin əsas mesajı dəyişməz olaraq qalırdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğala son qoyulmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Zaman keçdikcə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü ilə diplomatik mövqeyi arasında daha sıx əlaqə yarandı. Bu, 2020-ci ildə öz tarixi nəticəsini verdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarından sonra başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni səhifə açdı. 44 gün davam edən müharibə ərzində Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələri azad edildi. Lakin bu qələbələr sırasında xüsusi yeri Şuşanın azad olunması tutur. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, tariximizin və milli kimliyimizin mühüm simvollarından biridir. Şuşanın azad edilməsi hərbi baxımdan olduğu kimi, mənəvi və siyasi baxımdan da müharibənin həlledici məqamlarından birinə çevrildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Otuz ilə yaxın davam edən işğalın böyük hissəsinə son qoyuldu. 2020-ci ildən sonra regionda tamamilə yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan artıq ərazi bütövlüyünün böyük hissəsini faktiki olaraq bərpa etmişdi. Lakin Qarabağın müəyyən hissəsində separatçı rejimin mövcudluğu davam edirdi. Beləliklə, Azərbaycan üçün yeni mərhələ başlamışdı. Əgər əvvəlki mərhələdə əsas məqsəd işğal olunmuş ərazilərin azad edilməsi idisə, bundan sonra əsas məsələlərdən biri ölkənin bütün ərazisində dövlət hakimiyyətinin tam təmin olunması idi. Çünki ərazi bütövlüyü və dövlət suverenliyi bir-biri ilə sıx bağlı anlayışlardır. Dövlət öz ərazisinə sahib olmalı, həmin ərazidə qanunlarını tətbiq etməli və konstitusiya quruluşunu təmin etməlidir. Azərbaycanın 2020-ci ildən sonrakı siyasətinin mühüm istiqamətlərindən biri məhz bu reallığın təmin olunmasına yönəldi.
2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu hadisə Azərbaycanın dövlət sərhədlərinə nəzarətinin təmin edilməsi baxımından mühüm mərhələ idi. Suveren dövlətin öz sərhədinə nəzarət etməsi beynəlxalq praktikada normal dövlət funksiyasıdır. Dövlət sərhədlərinin təhlükəsizliyini təmin edir, insanların və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət həyata keçirir və qanunsuz fəaliyyətlərin qarşısını alır. Azərbaycanın bu addımı həm də işğaldan sonrakı dövrdə dövlət suverenliyinin mərhələli şəkildə bərpasının göstəricilərindən biri oldu. Lakin Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu və separatçı rejimin silahlı fəaliyyətini davam etdirməsi problemi tam həll etməmişdi. Gərginlik davam edirdi. Və 2023-cü ilin sentyabrı tarixdə yeni səhifə açdı. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər cəmi 23 saat 43 dəqiqə davam etdi. Bu qısa zaman kəsiyində regionun siyasi və hərbi mənzərəsi əsaslı şəkildə dəyişdi. Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Qanunsuz silahlı birləşmələrin müqaviməti dayandırıldı və separatçı rejimin fəaliyyətinə son qoyuldu. Sentyabrın 20-də separatçı rejim özünü buraxdığını elan etdi. Bu hadisə Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi oldu. Çünki həmin gün Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində tam şəkildə bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin illər əvvəl səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi!" ifadəsi 2023-cü ilin sentyabr hadisələri ilə tarixi reallığa çevrildi. Bu ifadə uzun illər ərzində Azərbaycan dövlətinin mövqeyini özündə əks etdirirdi. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi idi. 2020-ci il Zəfəri bu ərazinin böyük hissəsində Azərbaycanın nəzarətini bərpa etdi. 2023-cü il sentyabr hadisələri isə prosesin sonuncu mühüm mərhələsini tamamladı. Beləliklə, "Qarabağ Azərbaycandır" fikri yalnız siyasi bəyanat deyil, dövlətin ərazi bütövlüyünün və suverenliyinin praktiki reallığına çevrildi.

2023-cü il sentyabrın 20-dən sonra Azərbaycan tarixində yeni mərhələ başladı. Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə Sərəncam imzaladı. Beləliklə, 20 Sentyabr Azərbaycan Respublikasının rəsmi təqviminə dövlətçilik baxımından mühüm gün kimi daxil edildi. Bu qərarın arxasında yalnız bir hərbi əməliyyatın nəticəsi dayanmır. Bu tarix müstəqil Azərbaycanın onilliklər ərzində keçdiyi yolun nəticəsini ifadə edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ildə öz ərazisinin bütün hissəsində dövlət hakimiyyətini tam təmin etdi. Bu baxımdan 20 Sentyabr müstəqillik və suverenlik tarixinin mühüm tamamlayıcı mərhələsidir.

Azərbaycanın əldə etdiyi Zəfərin arxasında böyük insan taleləri dayanır. Vətən müharibəsində və digər dövrlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların hər biri bu tarixin ayrılmaz hissəsidir. Şəhidlərin xatirəsi qarşısında ən böyük borc yalnız onları anmaq deyil. Onların uğrunda mübarizə apardıqları müstəqil, güclü və suveren dövləti qorumaqdır. Bu baxımdan 20 Sentyabrın əsas mənalarından biri də yaddaşdır. Tarix unudulmamalıdır. Çünki tarixi yaddaşını qoruyan xalq öz gələcəyini daha sağlam əsaslar üzərində qurur.

Suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açdı. Lakin qələbənin əldə edilməsi ilə iş bitmir. İşğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Dağıdılmış şəhərlərin yenidən qurulması, kəndlərin bərpası, yolların və kommunikasiya xətlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası böyükmiqyaslı dövlət layihələrinin həyata keçirilməsini tələb edir. Ən mühüm məsələlərdən biri isə insanların öz doğma torpaqlarına qayıdışıdır. Uzun illər məcburi köçkün həyatı yaşayan insanların ata-baba yurdlarına qayıtması Zəfərin humanitar və sosial nəticələrinin ən mühüm göstəricilərindən biridir. Bu qayıdış həm də tarixdə yeni səhifənin açılmasıdır. Otuz il əvvəl boşaldılmış evlərdə yenidən həyat başlayır. Bir vaxtlar dağıdılmış şəhərlərdə yeni binalar ucalır. Bir vaxtlar səssiz qalan küçələrdə uşaqların səsi eşidilir. Bu mənzərə Zəfərin yalnız hərbi nəticə olmadığını göstərir.

Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıb. Artıq əsas məsələ yalnız əldə olunan nailiyyətləri qorumaq deyil. Bu nailiyyətləri davamlı iqtisadi və sosial inkişaf üçün istifadə etməkdir. Tam suverenlik dövlətə öz ərazisinin bütün hissəsində vahid inkişaf siyasəti həyata keçirmək imkanı verir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni iqtisadi imkanların yaradılması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və regional əməkdaşlığın genişləndirilməsi bu yeni mərhələnin mühüm istiqamətləridir. Azərbaycanın qarşısında daha böyük hədəflər dayanır. Çünki torpağı azad etmək tarixi qələbədirsə, həmin torpaqlarda dayanıqlı və firavan həyat qurmaq uzunmüddətli dövlətçilik missiyasıdır.

Dövlət suverenliyinin əhəmiyyəti 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması ilə də xüsusi vurğulandı. Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə dövlət hakimiyyətinin müstəqilliyini və aliliyini ifadə edir. Bu iki anlayış bir-birindən ayrı təsəvvür edilə bilməz. Ölkənin bütün ərazisində Konstitusiyanın və qanunların qüvvədə olması dövlət suverenliyinin mühüm göstəricisidir. Bu baxımdan 2023-cü ilin sentyabrında baş verən hadisələr təkcə hərbi nəticə yaratmadı. Onlar Azərbaycanın konstitusiya quruluşunun bütün ərazidə təmin edilməsi üçün yeni şərait formalaşdırdı. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd olunması isə bu tarixi nailiyyətlərin siyasi və hüquqi mahiyyətinin cəmiyyətə daha geniş şəkildə çatdırılmasına imkan verdi.

Tarixi günlərin əsl dəyəri onların gələcək nəsillərə nə dediyindədir. 20 Sentyabr gələcək nəsillərə ilk növbədə müstəqil dövlətin necə böyük nemət olduğunu xatırladır. Bu tarix həm də göstərir ki, dövlətçilik yalnız dövlət qurumlarının fəaliyyəti deyil. Dövlətçilik milli birlik, vətəndaş məsuliyyəti, tarixə bağlılıq və gələcəyə inamdır. Azərbaycan xalqının 30 ildən artıq davam edən işğal dövründə öz torpaqlarını unutmaması bunun ən parlaq nümunəsidir. Nəsillər dəyişdi, lakin Qarabağ yaddaşdan silinmədi. Bu yaddaş nəhayət Zəfərlə nəticələndi. Bu baxımdan 20 Sentyabrın ən mühüm mesajlarından biri də budur: milli məqsədlər yalnız bir nəslin deyil, bütöv xalqın iradəsi ilə həyata keçirilir.

2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi dönüş yaratdı. 2023-cü il sentyabr hadisələri isə dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. 2024-cü ildə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi prosesin milli təqvimdə əbədiləşdirilməsinə çevrildi. Beləliklə, 20 Sentyabrın mənası bir günün hüdudlarından çox-çox böyükdür. Bu tarix bir xalqın öz taleyinə sahib çıxmasının rəmzidir. Bu tarix dövlətin öz ərazisi üzərində tam hakimiyyətinin göstəricisidir. Bu tarix beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasının ifadəsidir. Bu tarix şəhidlərin xatirəsinə ehtiramdır. Bu tarix Qarabağa qayıdışın başlanğıcıdır. Və nəhayət, bu tarix gələcəyə baxışdır. Azərbaycan xalqı artıq öz tarixinin yeni mərhələsindədir. Bu mərhələdə əsas məqsəd əldə edilmiş suverenliyi qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək və Azərbaycanın inkişafını davamlı etməkdir. Çünki tarix bizə yalnız qürur duymaq üçün verilmir. Tarix həm də məsuliyyət yaradır. Bu gün Azərbaycanın qarşısında duran ən mühüm məsuliyyətlərdən biri Zəfərlə qazanılmış imkanları gələcək nəsillərin rifahına çevirməkdir. 20 Sentyabr məhz bu baxımdan həm keçmişin xatirəsi, həm bu günün reallığı, həm də sabahın məsuliyyətidir. Otuz il gözlənilən qayıdış, 44 gün davam edən Zəfər və 23 saat 43 dəqiqəyə tamamlanan antiterror tədbirləri Azərbaycan tarixinin ayrı-ayrı epizodları deyil

Milli Məclisin deputatı
Şahin Seyidzadə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 86   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr
.

Milli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə

"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn

16 sentyabr
.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr