"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏDavid Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir".

Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Sonxeber.az-ın suallarını cavablandırıb.

- David müəllim, 44 günlük Vətən müharibəsindən 20 sentyabr Dövlət Suverenliyi Gününə, oradan isə Azərbaycanın son illərdə qazandığı diplomatik nəticələrə qədər böyük bir tarixi mərhələni əhatə edən prosesdən danışırıq. Siz bu dövrü necə xarakterizə edərdiniz?

- Mən hesab edirəm ki, 2020-ci ildən bu günə qədər olan dövrü Azərbaycan dövlətçiliyinin bir-birini tamamlayan tarixi mərhələləri kimi təhlil etmək lazımdır. Bu hadisələri bir-birindən ayrı götürsək, onların əsl siyasi və tarixi mahiyyətini tam görə bilmərik.44 günlük Vətən müharibəsi bir başlanğıc nöqtəsi oldu. Azərbaycan 30 ilə yaxın davam edən işğal faktını dəyişdirdi, ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. 2023-cü ilin sentyabrında isə artıq başqa məsələ - Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası məsələsi həll olundu. 2024-2026-cı illərdə isə gündəliyin xarakteri daha da dəyişdi: artıq əsas məsələlərdən biri əldə edilmiş nəticələrin beynəlxalq münasibətlər sistemində möhkəmləndirilməsi, sülh gündəliyinin formalaşdırılması, regional kommunikasiyaların açılması və Azərbaycanın yeni geosiyasi reallıqdakı rolunun genişləndirilməsi oldu.

Yəni mən bu prosesi şərti olaraq üç mərhələyə bölərdim: Zəfər - Suverenlik - Diplomatik konsolidasiya.
2020-ci il Zəfər mərhələsi idi. 2023-cü il suverenliyin tam bərpası mərhələsi oldu. 2024-2026-cı illər isə Azərbaycanın yeni siyasi reallığı diplomatik və iqtisadi imkanlara çevirməsi baxımından diqqət çəkir.Burada çox mühüm bir məqam var. Hərbi qələbənin özü son məqsəd deyil. Hərbi qələbə siyasi reallıq yaradır. Siyasi reallıq diplomatiya qarşısında yeni imkanlar açır. Diplomatiyanın vəzifəsi isə əldə edilmiş nəticələri uzunmüddətli sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dövlət maraqlarının qorunması ilə möhkəmləndirməkdir.Məncə, Azərbaycanın son altı ildə keçdiyi yol məhz bu baxımdan öyrənilməlidir.

- 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir tarixində ən mühüm nəticəsi nə oldu?

- 44 günlük müharibənin əhəmiyyətini yalnız azad edilmiş ərazilərin xəritəsi ilə ölçmək düzgün olmaz. Əlbəttə, ərazilərin azad edilməsi müharibənin əsas nəticəsi idi. Amma onun siyasi və diplomatik nəticələri də ən azı hərbi nəticələr qədər əhəmiyyətlidir.Azərbaycan 30 ilə yaxın müddətdə işğal faktı ilə üz-üzə qalmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilmişdi, beynəlxalq vasitəçilik mexanizmləri fəaliyyət göstərirdi, müxtəlif görüşlər keçirilirdi. Lakin uzun illər ərzində real nəticə əldə olunmamışdı.
2020-ci ildə bu vəziyyət dəyişdi.

44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə yarandı. Şuşanın azad olunması, ardınca 10 noyabr 2020-ci il bəyanatı və Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması yeni reallıq formalaşdırdı.Amma məncə, ən böyük dəyişiklik Azərbaycanın özünün siyasi subyekt kimi mövqeyində baş verdi.

Azərbaycan artıq yalnız münaqişənin nəticələrindən zərər çəkmiş tərəf kimi deyil, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasına təsir edən əsas dövlətlərdən biri kimi çıxış etməyə başladı. Bu, çox mühüm fərqdir.Çünki diplomatiyada ölkənin mövqeyini yalnız hüquqi sənədlər deyil, onun real siyasi, iqtisadi və təhlükəsizlik imkanları da müəyyən edir.2020-ci il bu baxımdan Azərbaycanın diplomatik çəkisini də artıran dönüş nöqtəsi oldu.

- Bəzi hallarda 2020-ci il hadisələri ilə 2023-cü il hadisələri eyni müstəvidə təqdim olunur. Sizcə, onların arasında hansı prinsipial fərq var?

- Məncə, bu iki hadisəni bir-birinə qarşı qoymaq yox, bir-birini tamamlayan mərhələlər kimi görmək lazımdır. 2020-ci ilin əsas məsələsi Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası idi.2023-cü ilin əsas məsələsi isə Azərbaycanın öz ərazisində dövlət hakimiyyətinin tam bərpası idi.Bu iki anlayış - ərazi bütövlüyü və dövlət suverenliyi - bir-biri ilə bağlı olsa da, eyni anlayış deyil.Dövlətin ərazi bütövlüyü onun beynəlxalq səviyyədə tanınmış ərazisinin bütövlüyü ilə bağlıdır. Suverenlik isə həmin ərazi üzərində dövlət hakimiyyətinin tam həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində böyük nəticə əldə etdi. Lakin Qarabağda separatçı strukturun və silahlı birləşmələrin mövcudluğu davam edirdi.2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində bu mərhələ də başa çatdı. Azərbaycan Prezidentinin 2024-cü il sərəncamında 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi qeyd olunur və həmin tarix Dövlət Suverenliyi Günü kimi təsis edilir.Deməli, 2020 və 2023-cü illəri bir xətt üzrə oxumaq lazımdır: biri ərazi bütövlüyünün bərpasında həlledici mərhələ, digəri isə dövlət suverenliyinin tam bərpası mərhələsi idi.

- 2023-cü il sentyabrın 19-20-də baş verən lokal xarakterli antiterror tədbirlərinin siyasi mahiyyətini necə izah edərdiniz?

- Bu hadisəyə yalnız 23 saat davam edən hərbi əməliyyat kimi baxmaq çox səthi yanaşma olardı.Onun arxasında daha uzun siyasi proses dayanırdı.2020-ci ildən sonra Azərbaycan ərazisində separatçı strukturun və qanunsuz silahlı birləşmələrin mövcudluğu məsələsi qalmaqda idi. Azərbaycan isə bütün ərazisində konstitusiya quruluşunun və dövlət suverenliyinin təmin edilməsini özünün əsas dövlət maraqlarından biri kimi təqdim edirdi.
2023-cü ilin sentyabrında baş verən lokal xarakterli antiterror tədbirləri nəticəsində həmin strukturun fəaliyyətinin sona çatması və Azərbaycan dövlətinin bütün ərazidə konstitusiya quruluşunun bərpasına keçməsi yeni mərhələ yaratdı.
Rəsmi Azərbaycan mənbələrinə görə, əməliyyat 23 saat davam edib və sentyabrın 20-də başa çatıb. Daha sonra 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bunun siyasi nəticəsi çox böyük idi.Çünki bundan sonra Qarabağ məsələsi əvvəlki statusda artıq mövcud deyildi.

Azərbaycan üçün əsas məsələ artıq ərazi üzərində dövlət hakimiyyətinin bərpasından sonra həmin ərazilərin bərpası, Böyük Qayıdış, sosial-iqtisadi inkişaf və regionda yeni münasibətlər sisteminin formalaşdırılması idi.Bu, gündəliyin köklü dəyişməsi deməkdir.

- 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi sizcə, hansı mesajı verir?

- Bu tarix bir dövlət üçün suverenliyin nə qədər fundamental dəyər olduğunu göstərən simvolik gündür. Suverenlik yalnız bayrağın hansı ərazidə dalğalanması demək deyil. Suverenlik həm də həmin ərazidə konstitusiyanın, qanunların və dövlət institutlarının fəaliyyət göstərməsi deməkdir.Ona görə 20 sentyabrı yalnız hərbi qələbənin ildönümü kimi təqdim etmək düzgün olmaz. Bu tarix dövlətçilik baxımından daha geniş məna daşıyır.

Bu tarix həm də bir tarixi dövrün bağlanmasını və yeni dövrün başlanmasını ifadə edir.
1990-cı illərdən 2020-ci ilə qədər əsas problem işğal idi.2020-ci ildən 2023-cü ilə qədər əsas məsələ ərazi bütövlüyü ilə yanaşı, suverenliyin tam bərpası idi.2023-cü ildən sonra isə əsas məsələ artıq quruculuq, reinteqrasiya, Böyük Qayıdış, regional sülh və iqtisadi əməkdaşlıqdır.Bu baxımdan 20 sentyabr həm keçmişi xatırladan, həm də gələcəyə məsuliyyət qoyan tarixdir.

- 2020-ci ildən sonra Azərbaycanın diplomatik xəttində hansı əsas dəyişiklikləri görürsünüz?

- Ən mühüm dəyişiklik Azərbaycanın diplomatik gündəliyinin məzmununun dəyişməsidir.
Əvvəllər Azərbaycan diplomatiyasının mühüm hissəsi işğal faktının aradan qaldırılması və ərazi bütövlüyünün bərpası məsələsinə yönəlmişdi.2020-ci ildən sonra isə diplomatik gündəliyin qarşısına yeni məsələlər çıxdı: sülh sazişi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, regional əməkdaşlıq, iqtisadi inteqrasiya və beynəlxalq tərəfdaşlıqlar.

2025-ci il Vaşinqton prosesinə qədər bu istiqamətdə uzun danışıqlar aparıldı. 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda Azərbaycan və Ermənistan tərəfləri ATƏT-in Minsk prosesinin və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət imzaladılar.Bu iki hadisənin ayrıca siyasi əhəmiyyəti var.Birincisi, tərəflərin razılaşdırdığı sülh mətninin ortaya çıxmasıdır.İkincisi, uzun illər fəaliyyət göstərmiş Minsk prosesinin bağlanması məsələsinin gündəmə gəlməsidir.Bu, münaqişə diplomatiyasından postmünaqişə diplomatiyasına keçidin institusional ifadəsi kimi qiymətləndirilə bilər.

- Vaşinqton görüşünün nəticələrində kommunikasiyalar məsələsi də xüsusi yer tutur. Bu məsələnin Azərbaycan üçün strateji əhəmiyyəti nədir?

- Kommunikasiyalar məsələsi məncə, gələcək regional düzənin ən vacib istiqamətlərindən biridir.Çünki müasir dünyada nəqliyyat xətti yalnız yol deyil. Nəqliyyat xətti iqtisadiyyat, ticarət, investisiya, logistika və geosiyasi əlaqə deməkdir. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının təmin olunmasının və regiondakı digər kommunikasiyaların açılmasının vacibliyi qeyd edilib. Sənəddə TRIPP layihəsinin çərçivəsinin hazırlanması məsələsi də əksini tapıb.Bu məsələyə yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində baxmaq düzgün deyil.Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının inkişafı daha geniş regional nəqliyyat sisteminin bir hissəsi ola bilər. Bu isə Türkiyə, Mərkəzi Asiya və digər istiqamətlərlə bağlantıların genişlənməsi baxımından əhəmiyyət daşıyır.

Eyni zamanda Ermənistan üçün də regional və beynəlxalq nəqliyyat imkanlarının artması mümkündür.Yəni kommunikasiyalar sülhün iqtisadi dayaqlarından birinə çevrilə bilər.

- Azərbaycanın diplomatik uğurlarını 2024-cü ildə keçirilən COP29 və Türk Dövlətləri Təşkilatının Şuşa sammitindən də ayrı təsəvvür etmək mümkün deyil. Bu hadisələr hansı mesajı verdi?

- Məncə, bu hadisələr Azərbaycanın xarici siyasətinin yalnız Qarabağ və Ermənistan məsələsi ilə məhdudlaşmadığını göstərdi.COP29 Azərbaycanın qlobal iqlim gündəliyində rolunu nümayiş etdirdi. Azərbaycan eyni zamanda enerji istehsal edən ölkə kimi enerji keçidi, iqlim maliyyəsi və dayanıqlı inkişaf kimi mövzuların müzakirə edildiyi beynəlxalq platformaya ev sahibliyi etdi.

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti isə başqa istiqaməti göstərirdi - Azərbaycanın Türk dünyasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında rolunu.Bu iki hadisəni birlikdə nəzərdən keçirdikdə Azərbaycanın diplomatik gündəliyinin nə qədər genişləndiyini görmək mümkündür.Bir tərəfdə qlobal iqlim diplomatiyası, digər tərəfdə Türk dünyası inteqrasiyası.Bunun yanında enerji diplomatiyası, Orta Dəhliz, Avropa ilə enerji əlaqələri və regional təhlükəsizlik məsələləri də var.Bu, Azərbaycanın çoxvektorlu diplomatik siyasətinin müxtəlif istiqamətlərini göstərir.

- 2026-cı ilin fevralında Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını bu prosesin davamı kimi görmək olarmı?

- Bəli, amma burada sənədin konkret məzmununa baxmaq lazımdır.2026-cı il fevralın 10-da Bakıda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.Xartiya yalnız siyasi bəyanat deyil. Sənəddə regional bağlantı, iqtisadi investisiyalar, enerji, nəqliyyat, rəqəmsal infrastruktur, süni intellekt, təhlükəsizlik və müdafiə əməkdaşlığı kimi istiqamətlər əhatə olunur.

Xüsusilə diqqət çəkən məqam Azərbaycanın Orta Dəhlizdəki rolunun və TRIPP layihəsinin sənəddə qeyd edilməsidir.
Digər tərəfdən, enerji əməkdaşlığı, investisiyalar, rəqəmsal infrastruktur və süni intellekt kimi yeni istiqamətlərin əlavə olunması göstərir ki, Azərbaycan-ABŞ münasibətləri yalnız enerji və təhlükəsizlik çərçivəsində deyil, daha geniş iqtisadi və texnoloji gündəlik üzrə də inkişaf etdirilməyə çalışılır.Məncə, bu, Azərbaycanın xarici siyasətində yeni mərhələnin göstəricilərindən biridir.

- Bu halda Azərbaycanın diplomatik uğurlarını yalnız "Qarabağ məsələsinin həlli" ilə məhdudlaşdırmaq nə dərəcədə doğru olar?

- Məncə, doğru olmaz.Qarabağ məsələsinin həlli Azərbaycanın son illərdəki xarici siyasətinin ən mühüm istiqamətlərindən biri idi. Amma 2023-cü ildən sonra diplomatik gündəlik daha geniş xarakter aldı.

Azərbaycan artıq öz qarşısında belə suallar qoyur:

Regionda uzunmüddətli sülh necə təmin ediləcək?
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsi necə inkişaf etdiriləcək?
Orta Dəhlizin imkanları necə genişləndiriləcək?
Türk dünyası ilə iqtisadi əlaqələr necə dərinləşdiriləcək?
Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu necə inkişaf etdiriləcək?
ABŞ, Avropa, Türkiyə, Mərkəzi Asiya və digər tərəfdaşlarla yeni iqtisadi və texnoloji layihələr necə qurulacaq?
Deməli, Qarabağ məsələsindən sonra Azərbaycan diplomatiyası üçün yeni imkanlar və yeni məsuliyyətlər yaranıb.

- Sizcə, Azərbaycanın hərbi qələbəsi ilə diplomatik nəticələr arasında necə bir əlaqə var?

- Burada bir prinsipial məsələni qeyd etmək lazımdır: hərbi və diplomatik güc bir-birini əvəz etmir, bir-birini tamamlayır.
Hərbi imkan dövlətin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Diplomatiya isə dövlətin maraqlarının beynəlxalq müstəvidə ifadə edilməsini təmin edir.2020-ci ildən sonra Azərbaycan hərbi nəticələri diplomatik gündəliyə daşıdı.2023-cü ildən sonra isə suverenliyin bərpası diplomatik gündəliyin əsas parametrlərindən birinə çevrildi.2025-ci il Vaşinqton sənədlərində artıq münasibətlərin gələcəkdə sülh, qarşılıqlı suverenlik, ərazi bütövlüyü və kommunikasiyalar əsasında qurulması məsələləri əksini tapdı.2026-cı il Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında isə Azərbaycanın regional bağlantı və iqtisadi layihələrdəki rolunun inkişaf etdirilməsi nəzərdə tutulur.Bu ardıcıllıq göstərir ki, hərbi-siyasi nəticələr sonrakı mərhələdə diplomatik və iqtisadi gündəliyə çevrilə bilir.

- Bəs bu prosesin qarşısında hansı əsas çağırışlar qalır?

- Ən böyük çağırış əldə edilmiş nəticələrin davamlı olmasıdır.Müharibədən sonra sülh qurmaq müharibə aparmaqdan fərqli və uzunmüddətli prosesdir.Azərbaycan üçün əsas istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Burada söhbət yalnız yolların, məktəblərin, xəstəxanaların tikilməsindən getmir. Söhbət bütöv həyatın yenidən qurulmasından gedir.İkinci istiqamət Böyük Qayıdışdır.Üçüncü istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşdırılmasıdır.Dördüncü istiqamət regional kommunikasiyaların inkişafıdır.Beşinci istiqamət Azərbaycanın iqtisadi və diplomatik imkanlarının genişləndirilməsidir.Bütün bunlar bir-birindən ayrı məsələlər deyil.
Məsələn, nəqliyyat əlaqələrinin açılması iqtisadi əməkdaşlığa, iqtisadi əməkdaşlıq isə siyasi sabitliyə təsir edə bilər.
Ona görə Azərbaycanın qarşısında artıq "müharibədən necə çıxmaq?" sualından daha geniş sual dayanır: "Zəfərdən sonra necə dayanıqlı inkişaf və sülh modeli qurmaq?"

- Bir hüquq müdafiəçisi kimi bu prosesdə insan amilini harada görürsünüz?

- İnsan amili bütün bu proseslərin mərkəzində dayanmalıdır.Dövlət suverenliyi yalnız xəritədə sərhədlərin müəyyənləşməsi deyil. Dövlətin gücü və legitimliyi vətəndaşın təhlükəsizliyi, hüquqlarının qorunması, qanunun aliliyi və layiqli həyat imkanları ilə də ölçülür.Qarabağın bərpasının əsas məqsədi insanların öz doğma torpaqlarında təhlükəsiz və normal həyat sürməsini təmin etməkdir.

Şəhid ailələri, qazilər, məcburi köçkünlərin Böyük Qayıdışı, azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin qurulması - bütün bunlar Zəfərin sosial nəticələridir.Ona görə mən Zəfər anlayışını yalnız hərbi nəticə kimi deyil, insan həyatının bərpası prosesi kimi də görürəm.

- David müəllim, 2020-2026-cı illər arasında Azərbaycanın qazandığı nəticələri bir siyasi xətt üzrə ümumiləşdirsək, hansı nəticəyə gəlmək olar?

- Mən belə ümumiləşdirərdim:

2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş yaratdı.
2023-cü il dövlət suverenliyinin tam bərpasını təmin etdi.
2024-cü il Azərbaycanın qlobal və türk dünyası gündəliyində fəallığının genişləndiyi mərhələlərdən biri oldu.
2025-ci il Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində mühüm diplomatik nəticələrin əldə edildiyi il oldu. Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciət bunun əsas nümunələridir.
2026-cı il isə Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə ikitərəfli münasibətlərdə daha geniş institusional gündəliyin formalaşdığı mərhələ kimi diqqət çəkir.

Bütün bunları bir xətt üzrə götürdükdə, mənzərə belədir:

Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardı.Sonra dövlət suverenliyini tam təmin etdi.Daha sonra əldə edilmiş siyasi nəticələri diplomatik müstəvidə möhkəmləndirməyə başladı.İndi isə qarşıda iqtisadi, nəqliyyat, texnoloji və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi dayanır.Bu artıq tamam başqa mərhələdir.

- David müəllim, istərdik Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyətinə də toxumasınız.

- Azərbaycan-Ermənistan münasibətlərində sülh müqaviləsinin imzalanması yalnız iki dövlət arasında münasibətlərin normallaşdırılması baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından əhəmiyyətlidir. Çünki söhbət uzun illər davam etmiş münaqişənin siyasi və hüquqi müstəvidə yekunlaşdırılmasından gedir.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra isə Azərbaycanın suverenliyi bütün ərazisində bərpa olundu. Bundan sonra qarşıda duran əsas məsələlərdən biri yaranmış yeni reallığın sülh müqaviləsi ilə hüquqi müstəvidə təsbit edilməsi idi.

Mən hesab edirəm ki, sülh müqaviləsi imzalandığı halda, Azərbaycan və Ermənistan münasibətlərində yeni səhifə açmaq imkanı yaranacaq. Burada əsas məsələ keçmişi unutmaq deyil, keçmişdən nəticə çıxararaq gələcəkdə yeni münaqişələrin yaranmasına imkan verməyən mexanizmlər formalaşdırmaqdır.

- Sizcə, bu sənəd Azərbaycanın 44 günlük müharibədən sonra formalaşdırdığı siyasi reallığın hüquqi təsdiqi kimi qiymətləndirilə bilərmi?

- Sülh sənədinin əsas mahiyyəti dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini tanımasıdır. Bu baxımdan sənədin məzmununda Azərbaycanın son illərdə formalaşdırdığı yeni regional reallığın mühüm elementləri öz əksini tapır.

Amma burada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Sülh müqaviləsi yalnız Azərbaycanın qazandığı nəticələrin sənədləşdirilməsi kimi təqdim edilməməlidir. Eyni zamanda bu, Ermənistanın da gələcək təhlükəsizlik və iqtisadi inkişaf baxımından yeni imkanlar əldə etməsi deməkdir.

Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini qəbul edirsə, bu, gələcəkdə qarşılıqlı münasibətlərin hərbi qarşıdurma deyil, diplomatiya və beynəlxalq hüquq çərçivəsində aparılması üçün baza yaradır.

- Sülh müqaviləsindən sonra regionda hansı dəyişiklikləri gözləmək olar?

- Ən mühüm dəyişikliklərdən biri kommunikasiya və nəqliyyat əlaqələrinin genişlənməsi ola bilər. Azərbaycan, Ermənistan, Türkiyə və digər regional ölkələr arasında nəqliyyat xətlərinin inkişaf etdirilməsi iqtisadi əlaqələri tamamilə yeni səviyyəyə çıxara bilər.Azərbaycan üçün Zəngəzur istiqamətində kommunikasiyaların açılması mühüm məsələdir. Ermənistan üçün isə Azərbaycan və Türkiyə ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi yeni imkanlar yarada bilər.Bu proses təkcə yolların açılması deyil. Söhbət ticarətdən, investisiyalardan, logistika mərkəzlərindən, enerji layihələrindən və regionun beynəlxalq nəqliyyat dəhlizlərində rolunun artmasından gedir.

- Sülh müqaviləsinin imzalanması Azərbaycan-Ermənistan münasibətlərində bütün problemlərin həlli demək olacaqmı?

- Xeyr. Müqavilənin imzalanması çox mühüm mərhələdir, amma bütün problemlərin bir gündə həll olunması demək deyil.Sülh sənədindən sonra onun müddəalarının icrası məsələsi gündəmə gələcək. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və müxtəlif humanitar məsələlər praktik həll tələb edəcək.Ona görə də sülh müqaviləsini son nöqtə kimi deyil, yeni mərhələnin başlanğıcı kimi görmək daha doğru olar.

- Azərbaycan cəmiyyətində sülh müqaviləsi ilə bağlı əsas gözlənti nədir?

- Əsas gözlənti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə tanınması, gələcəkdə ölkəmizə qarşı hər hansı ərazi iddiasının olmaması və regionda davamlı sabitliyin təmin edilməsidir.Azərbaycan xalqı uzun illər münaqişənin ağır nəticələrini yaşayıb. Şəhidlərimiz, məcburi köçkünlərimiz, dağıdılmış şəhər və kəndlərimiz bu tarixin bir hissəsidir. Buna görə də sülhün dəyəri Azərbaycan cəmiyyəti üçün yalnız diplomatik sənəddən ibarət deyil.
Sülh o zaman real məna qazanır ki, Azərbaycan ərazilərindən bir daha müharibə təhlükəsi yaranmasın, sərhədlər təhlükəsiz olsun və insanlar öz həyatlarını normal şəkildə davam etdirə bilsinlər.

- Ermənistan cəmiyyətində sülhə münasibət məsələsi necə qiymətləndirilməlidir?

- Burada ehtiyatlı olmaq lazımdır. Ermənistan cəmiyyətini vahid mövqedə olan bir toplum kimi təqdim etmək düzgün olmaz. Müxtəlif siyasi və ictimai qüvvələrin sülhə münasibəti fərqlənə bilər.Azərbaycanın marağı isə aydındır: qonşu ölkədə hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, dövlətlərarası münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə söykənməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların olmamasıdır.
Davamlı sülh şəxslərdən deyil, institutlardan və hüquqi öhdəliklərdən asılı olmalıdır.

- Sülh müqaviləsinin regiondakı geosiyasi balans baxımından əhəmiyyəti nədən ibarətdir?

- Cənubi Qafqaz həmişə müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi region olub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə region ölkələrinin öz aralarında daha müstəqil və birbaşa münasibətlər qurmasına imkan yarada bilər.Azərbaycan son illərdə həm Türkiyə, həm Mərkəzi Asiya dövlətləri, həm Avropa, həm də digər tərəfdaşlarla fəal diplomatik münasibətlər qurur. Sülhün təmin olunması Azərbaycanın regional nəqliyyat və enerji layihələrində rolunu da gücləndirə bilər.Digər tərəfdən, Ermənistanın da regional iqtisadi layihələrə qoşulması Cənubi Qafqazın iqtisadi inteqrasiyasına təsir göstərə bilər.

- Sizcə, 44 günlük Vətən müharibəsi ilə sülh müqaviləsi arasında necə bir siyasi əlaqə var?

- Mən bunu bir prosesin müxtəlif mərhələləri kimi görürəm. 2020-ci il müharibəsi hərbi müstəvidə yeni reallıq yaratdı. 2023-cü ildə Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri isə ölkənin suverenliyinin bütün ərazisində bərpası ilə nəticələndi.Bundan sonra diplomatiyanın qarşısında yeni vəzifə yarandı: hərbi reallığın siyasi-hüquqi çərçivədə möhkəmləndirilməsi.Sülh müqaviləsi məhz bu mərhələdə əhəmiyyət qazanır. Çünki artıq əsas məsələ ərazi uğrunda müharibə aparmaq deyil, dövlətlər arasında münasibətlərin gələcək hüquqi çərçivəsini müəyyən etməkdir.

- Azərbaycan üçün sülh müqaviləsinin ən mühüm nəticəsi nə ola bilər?

- Ən mühüm nəticə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq hüquq çərçivəsində qarşılıqlı şəkildə tanınmasının möhkəmləndirilməsi, gələcəkdə qarşıdurma risklərinin azalması və regionda iqtisadi əməkdaşlıq üçün daha əlverişli mühitin yaranmasıdır.Bundan başqa, sülh Azərbaycanın regiondakı kommunikasiya imkanlarını da genişləndirə bilər. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat qovşaqlarından biridir. Regional sabitlik bu mövqenin iqtisadi əhəmiyyətini daha da artıra bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 52   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr