Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edən əsas amillər sırasında göstərilir. Azərbaycanda su ehtiyatlarının məhdud olması fonunda çayların və yeraltı suların qorunması, su itkilərinin azaldılması və daha səmərəli idarəetmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Bəs, çayların quruması və şirin su ehtiyatlarının azalmasının əsas səbəbləri nələrdir və Azərbaycanda su qıtlığının qarşısının alınması, mövcud su ehtiyatlarının qorunması və gələcəkdə su təminatının yaxşılaşdırılması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, su ehtiyatlarının azalmasının birinci səbəbi iqlimdə baş verən kəskin dəyişikliklərdir.
"Bildiyimiz kimi, temperaturda artım var və iqlimdəki kəskin temperatur yüksəlişi uzunmüddətli quraqlıqlara səbəb olur. Azərbaycanda bu il yay aylarında da bunun şahidi olduq. Eyni zamanda, qısamüddətli, lakin böyük həcmli və sürətli yağışlarla müşayiət olunan dəyişikliklər baş verir. Bütün bunlar su ehtiyatlarının azalmasına səbəb olur. Uzunmüddətli quraqlıq buxarlanmanı artırır. Normal halda bu göstərici 8-10 faiz təşkil edirdisə, iqlim dəyişiklikləri şəraitində 10-15 faizə qədər yüksəlir. İkinci əsas səbəb çay axınlarında suyun azalmasıdır. Burada həm antropogen, yəni insan təsiri, həm də iqlim dəyişikliklərinin təsiri var. Məsələn, Xəzər dənizini qidalandıran ən böyük çay olan Volqanın suyunda əhəmiyyətli azalma müşahidə olunur. Xəzərə daxil olan su axınının həcmi təxminən 20-30 faiz azalıb. Eyni proses Kür, Terek və Ural çaylarında da baş verir. Bu iri çayların suyunda sürətli azalma olduğuna görə su ehtiyatları da azalır. Nəticədə həm içməli suyun, həm də əkin sahələrinin suvarılmasında istifadə olunan suyun həcmi azalır".
Ekoloq bildirib ki, artıq iqlimdə baş verən dəyişikliklərin qarşısını tam almaq mümkün deyil:
"Buna görə də adaptasiya proqramları həyata keçirilməlidir. Suya qənaət edən suvarma sistemlərinə, xüsusilə damcılı suvarma üsuluna keçilməlidir. Müxtəlif üsullardan istifadə etməklə suya qənaət etmək və problemi qismən yumşaltmaq mümkündür. Digər tərəfdən, içməli su sistemlərində itkilər azaldılmalıdır. Xüsusilə əkin sahələrində torpaq kanallarının istifadəsi məhdudlaşdırılmalıdır. Bəzi rayonlarda fermerlərin torpaq kanallarına polietilen örtüklər döşədiyini müşahidə etmişik ki, su itkiyə getməsin. Çünki torpaq kanallarında su itkisi həddindən artıq çoxdur. Hazırda itkilər 40-50 faiz arasında dəyişir. İçməli su nasos stansiyalarında və su anbarlarında təmizlik işləri aparılmalı, avadanlıqlar mütəmadi olaraq dəyişdirilməli və xidmətin səviyyəsi yüksəldilməlidir. Eyni zamanda, içməli sudan qənaətlə istifadə olunmalıdır. Bir çox sahələrdə, məsələn, avtomobil yuma məntəqələrində, sənaye müəssisələrində və digər yerlərdə texniki sulardan istifadə edilməlidir".
Onun sözlərinə görə, temperaturun artması şəraitində bu tədbirləri həyata keçirməklə həm insanları suya qənaət etməyə öyrətmək, həm də kənd təsərrüfatında məhsuldarlığı qorumaq mümkündür:
"Bu, eyni zamanda miqrasiyaya təsir edən amillərdən biridir. İçməli sudan qənaətlə istifadə etməklə su ehtiyatlarımız azalsa belə, mövcud imkanlardan daha səmərəli yararlana bilərik. Alternativ mənbə kimi yağış sularının toplanmasından da istifadə etmək mümkündür. Yağış suyunu toplamaq, anbarlarda saxlamaq və bir neçə filtrasiya mərhələsindən keçirməklə ondan həm içməli su, həm suvarma, həm də texniki məqsədlər üçün istifadə etmək olar. Yağış suyu atmosfer çirkliliyinə görə müəyyən dərəcədə çirklənə bilər, buna görə də istifadədən əvvəl təmizlənməsi və filtrasiya olunması vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır