Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir?
Alim Qasımov bir sənətkar üçün vacib olan demək olar ki, hər şeyi edib. O, muğamı Azərbaycanın sərhədlərindən çıxarıb dünyanın ən böyük səhnələrinə aparan sənətkarlardandır. Beynəlxalq festivallarda mükafatlar qazanıb, UNESCO-nun Beynəlxalq Musiqi Mükafatına layiq görülüb, "İpək Yolu" kimi beynəlxalq layihələrdə iştirak edib, Azərbaycanın Xalq artisti və professoru adını daşıyır. Onun yaradıcılıq yolunda elə uğurlar var ki, bu gün bir çox sənətçinin ən böyük arzusu olaraq qalır. İndi isə bütün bunların qarşısına bir duet qoyub Alim Qasımovu mühakimə etmək istəyirlər. Nəyə görə? Çünki Üzeyir Mehdizadə ilə mahnı oxuyub?
Axı sənətkarın kimlə oxuyacağına tamaşaçı yox, sənətkarın özü qərar verir. Alim Qasımov da açıq şəkildə deyib ki, mahnının sözləri onun könlünə yatıb və Üzeyirlə əməkdaşlıq etmək istəyib. Hətta öz sözləri ilə desək, muğamı bir az "gəncləşdirmək" niyyətində olub.
Bəs Üzeyir Mehdizadə? Onu da yalnız zövqümüzə uyğun gəlmədiyi üçün kiçiltmək nə qədər doğrudur? Onun öz auditoriyası, öz musiqi dili və uzun illərdir davam edən yaradıcılıq fəaliyyəti var. Kiminsə musiqisini bəyənməmək tamamilə normaldır. Amma bəyənməmək başqa şeydir, həmin sənətçini dəyərsizləşdirmək tamam başqa.
Üstəlik, burada maraqlı bir məqam var: Alim Qasımov özü bu əməkdaşlığı istəyib. Deməli, söhbət kiminsə böyük sənətkarın adından istifadə etməsindən yox, iki fərqli musiqi dünyasının bir araya gəlməsindən gedir. Alim Qasımov kimi sənətkar Üzeyirin musiqisini bəyənibsə və onunla duet oxumaq istəyibsə, niyə oxumamalıdır?
Sənət tarixində müxtəlif janrların, fərqli nəsillərin və ayrı-ayrı musiqi üslublarının görüşündən çox maraqlı nəticələr doğulub. Bəzən belə əməkdaşlıqlar hamının zövqünə uyğun gəlmir. Bu, normaldır. Mahnını bəyənməmək olar, ifanı tənqid etmək olar, musiqi barədə mübahisə etmək olar. Amma bunun üçün Alim Qasımovun bütün yaradıcılıq yolunu sual altına almağa nə ehtiyac var?
Ən qəribəsi də budur ki, biz illərlə dünyaya təqdim etdiyimiz böyük sənətkarlarımızdan biri yeni nəsillə əməkdaşlıq edəndə bundan narahat oluruq. Halbuki muğamın yaşaması onun yalnız keçmişin repertuarında qalması ilə yox, yeni səslərlə, yeni musiqiçilərlə və yeni auditoriya ilə görüşməsi ilə mümkündür.
Alim Qasımov öz sənət məktəbini, öz adını, öz yerini çoxdan qazanıb. Onun bir duetə görə sənətkar kimi dəyəri nə artır, nə də azalır. İndi bəlkə də ondan əl çəkib mahnını sadəcə mahnı kimi dinləmək lazımdır.
Bəyənirsinizsə, dinləyin. Bəyənmirsinizsə, keçin. Amma bir sənətkarın ömrünü, yaradıcılığını və qazandığı böyük uğurları bir mahnının üzərindən mühakimə etməyin.
Alim Qasımovun kimlə duet oxumasından əvvəl, onun Azərbaycan musiqisi üçün nələr etdiyini xatırlamaq daha ədalətli olar.
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO