Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına, eləcə də banklarla borcalanlar arasındakı münasibətlərə təsir göstərə biləcəyi gözlənilir.
Bəs, müddətli hərbi xidmətə çağırılan şəxslər üçün kredit ödənişləri ilə bağlı hansı hüquqi güzəştlər nəzərdə tutulur və bu güzəştlər hərbi xidmət müddətində borcalanların maliyyə yükünün azalmasına, eləcə də bankların kredit öhdəliklərinin icrası ilə bağlı fəaliyyətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, kreditlərə güzəşt müddəti adətən kredit rəsmiləşdirilərkən, kreditin şərtlərindən asılı olaraq 3, 6, 9 ay və bəzi hallarda 12 aya qədər müəyyən edilə bilər. Bu, əsasən biznes, kənd təsərrüfatı və müəyyən kənar amillərin təsiri ilə gəlirin formalaşmasının vaxt tələb etdiyi təminatlı kreditlərdə tətbiq olunur.
"Şəxsin hərbi xidmətə getməsi, təhsil almaq üçün xarici ölkəyə getməsi və ya ezamiyyətdə olması ilə əlaqədar kredit ödənişlərində fasilə və ya güzəşt müddətinin verilməsi isə hazırda qanunvericilikdə nəzərdə tutulmayıb və bank fəaliyyətində də belə bir praktikaya rast gəlinmir. Bunun hüquqi əsası və tənzimləyici mexanizmi yaradılarsa, banklar hərbi xidmət müddətində olan şəxslərə müəyyən güzəştlər tətbiq edə bilərlər. Nəzərə alsaq ki, hərbi xidmət müddəti ən azı 12 aydan başlayır, şəxsin bir il ərzində kredit ödənişi etməməsi üçün ayrıca mexanizm tələb olunur. Bank da cəlb etdiyi vəsaiti geri qaytarmalıdır. Buna görə bankların həmin dövrdə kredit öhdəliklərinin icrasını təmin etməsi üçün müəyyən yardımçı mexanizmin formalaşdırılmasına ehtiyac var".
Ekspert bildirib ki, belə bir mexanizm olmadığı üçün hazırda hərbi xidmətə gedəcək şəxslərə bəzi hallarda bu amil nəzərə alınaraq kredit verilmir:
"Şəxs kredit götürdükdən sonra hərbi xidmətə çağırılırsa, ödənişləri adətən ailə üzvləri və ya birinci dərəcəli qohumlar həyata keçirirlər. Onlar da ödəniş edə bilmədikdə, kredit gecikməyə düşür və bu halda hüquqi mexanizmlər işə düşə bilər. Əgər şəxsin iş yeri ona müəyyən möhlət verib əməkhaqqısını ödəməyi öhdəsinə götürübsə, məhkəmə qərarı əsasında kredit üzrə tutulmalar həmin əməkhaqqından həyata keçirilə bilər. Digər hüquqi addımlar isə məhkəmənin qərarından asılıdır. Güzəşt müddətinə gəlincə, bu, əsasən kənd təsərrüfatı, biznes və yeni investisiya layihələri üzrə kreditlərdə tətbiq olunur. Məsələn, uzunmüddətli, 5 və ya 10 il müddətinə verilən investisiya kreditlərində şəxsin zavod tikməsi və ya meyvə bağı salması müəyyən vaxt tələb edir. Meyvə bağlarının məhsul verməyə başlaması, məhsulun emalı və gəlirin formalaşması üçün vaxt lazım olduğundan, belə kreditlərdə adətən 3, 6, 9 ay və bəzi hallarda 12 aya qədər güzəşt müddəti müəyyən edilə bilər. Bu müddət kredit müqaviləsinin şərtlərinə və biznes planda nəzərdə tutulan fəaliyyətə əsasən tənzimlənir. Məsələn, şəxs ölkəyə tikinti avadanlığı, dəzgah və ya digər avadanlıq gətirirsə, onun istehsalı və istifadəyə verilməsi müəyyən zaman tələb edə bilər. Bu zaman əlavə xərclərin qarşısının alınması, kredit ödənişlərində problem yaranmaması və vəsaitin əsas biznes plana yönəldilməsi üçün banklar müəyyən hallarda güzəşt müddəti tətbiq edə bilirlər. Bu, biznesin xarakterindən və kredit verilən sahənin profilindən asılıdır".
Onun sözlərinə görə, şəxsin işdən çıxaraq hərbi xidmətə getməsi, ezamiyyətdə olması və ya təhsil almaq üçün xarici dövlətə getməsi kimi hallarda kredit ödənişlərinə güzəşt müddətinin və ya fasilənin verilməsi hazırda nəzərdə tutulmur. Bunun üçün qanunvericilikdə ayrıca hüquqi baza mövcud deyil:
"Hərbçilər üçün kreditlərə güzəşt müddəti nəzərdə tutulacaqsa, ilk növbədə bu müddət ərzində ödəniş mexanizmi araşdırılmalıdır. Şəxs hərbi xidmətə və ya hərbi toplanışa gedirsə, onun kredit ödənişlərinin kim tərəfindən və hansı qaydada həyata keçiriləcəyi müəyyənləşdirilməlidir. İlk növbədə bu suallara cavab tapıldıqdan sonra güzəşt müddətinin tətbiqi mümkün ola bilər. Güzəşt müddətinin tətbiqi şəxsin həmin dövrdə borcunun yaranmamasına, cərimələnməməsinə və əlavə maliyyə yükü ilə üzləşməməsinə müsbət təsir göstərə bilər. Faktiki olaraq şəxs hərbi xidmətdə olur və vətən qarşısında borcunu yerinə yetirir. Bu baxımdan ona müəyyən dəstəyin göstərilməsi məqsədəuyğundur. Lakin güzəşt müddətinin tətbiqi ilə yanaşı, bunun maliyyələşmə mexanizmi və maliyyə mənbələri də müəyyən edilməlidir. Belə bir qanun layihəsi hazırlanarsa, bu məqamlar da nəzərə alınmalıdır. Ümumilikdə isə belə bir mexanizmin yaradılması müsbət və təqdirəlayiq addım ola bilər. Məsələn, şəxs təhsil aldığı müddətdə və ya hərbi xidmətdən möhlət hüququ olduğu dövrdə kredit götürübsə, sonradan həmin möhlətdən məhrum olaraq hərbi xidmətə getmək zərurəti yaranarsa, onun kredit öhdəliklərini necə icra edəcəyi ilə bağlı konkret fəaliyyət qaydası və prosedur hazırlanmalıdır. Bu, həm banklar, həm də müştərilər üçün müsbət hal ola bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bakıda ətin qiyməti 19 manat oldu