"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib
25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub.
Panel sessiyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal, "Technip Energies", "Limak Holding", "Green Spark" və "Kazakhstan Insulator Plant" şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.
Sessiyada kritik xammalın qlobal enerji keçidi, yüksək texnologiyalı sənaye və iqtisadi təhlükəsizlik baxımından artan strateji əhəmiyyəti, dayanıqlı təchizat və emal zəncirlərinin formalaşdırılması, beynəlxalq tərəfdaşlıq və investisiya imkanları müzakirə olunub.
Paneldə çıxış edən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın yanaşmasının uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslandığını bildirib. O qeyd edib ki, "Azərbaycan 2030" Milli Prioritetləri çərçivəsində dairəvi iqtisadiyyata əsaslanan biznes modellərinin inkişafı, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və mineral ehtiyatların səmərəli dövriyyəyə cəlb edilməsi əsas hədəflərdəndir. Nazir, həmçinin Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrinin kritik mineral potensial baxımından əhəmiyyətini və layihələrdə ekoloji tələblərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov kritik mineralların artıq yalnız dağ-mədən sənayesinin deyil, qlobal iqtisadi təhlükəsizliyin də mühüm elementinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji keçidi, rəqəmsal texnologiyalar və süni intellektin inkişafı metallara tələbatı artırır, geosiyasi proseslər isə təchizat zəncirlərinin dayanıqlılığını daha da aktuallaşdırır.
Zakir İbrahimov qeyd edib ki, bu baxımdan əsas məsələ yalnız resursların mövcudluğu deyil, onların harada emal edilə bilməsi və dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılmasıdır. O, Azərbaycanın zəngin mineral resursları, enerji və sənaye infrastrukturu, eləcə də Mərkəzi Asiyanı Avropa və qlobal bazarlarla birləşdirən Orta Dəhliz üzərində yerləşməsi ilə bu sahədə mühüm imkanlara malik olduğunu vurğulayıb.
İdarə Heyətinin sədri Filizçay polimetal yatağını nümunə göstərərək, yatağın zəngin sink, qurğuşun və mis resurslarına malik olduğunu və belə layihələrin Azərbaycanın regional təchizat zəncirlərində rolunu gücləndirə biləcəyini qeyd edib.
Zakir İbrahimov, həmçinin Ələt Kritik Minerallar Mərkəzinin inkişafı istiqamətində aparılan işlərə toxunaraq, təşəbbüsün Azərbaycanın mineral resurslarını və emal imkanlarını Mərkəzi Asiya resursları ilə birləşdirərək Avropa və digər qlobal bazarlara çıxış imkanlarını genişləndirə biləcəyini bildirib.
Beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə diqqət çəkən Zakir İbrahimov "AzerGold" QSC ilə Birləşmiş Ərəb Əmirliklərinin "International Resources Holding" şirkəti arasında Naxçıvanda həyata keçirilən əməkdaşlığı nümunə göstərib. O bildirib ki, əməkdaşlıq çərçivəsində kritik metalların da daxil olduğu mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Panel sessiyası sual-cavab formatında davam edib. Müzakirələr zamanı kritik xammalın iqtisadi təhlükəsizlik baxımından əhəmiyyəti, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması, mineral resursların məsuliyyətli mənimsənilməsi, emal imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Ayı arı pətəklərini dağıdıb balları yedi