Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi möhtəşəm Qələbənin və qarşıda duran strateji hədəflərin siyasi baxımdan dərin məzmunlu ifadəsi kimi diqqət çəkir.

Dövlət başçısının müraciətinin məhz Xankəndidən səsləndirilməsi xüsusi rəmzi və siyasi məna daşıyır. Uzun illər işğal altında saxlanılan Qarabağın mərkəzindən Azərbaycan xalqına müraciət edilməsi artıq tarixə çevrilmiş münaqişənin nəticələrini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini nümayiş etdirir. Bir zamanlar separatizmin və işğalçılıq siyasətinin mərkəzi kimi istifadə edilən Xankəndi bu gün Azərbaycanın dövlət suverenliyinin, quruculuq siyasətinin və Zəfər salnaməsinin mühüm ünvanına çevrilib.

Prezident İlham Əliyev müraciətində 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha vurğulayaraq Qələbənin Azərbaycan xalqının qəhrəmanlığı, ordumuzun peşəkarlığı, əsgər və zabitlərimizin fədakarlığı hesabına əldə olunduğunu qeyd etdi. Dövlət başçısının şəhidlərin xatirəsini ehtiramla yad etməsi bir daha göstərir ki, Azərbaycanın qazandığı Zəfərin təməlində Vətən sevgisi, milli iradə və müqəddəs şəhid qanı dayanır.

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi tarixində yeni mərhələ açmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizin mövqeyini gücləndirdi. Müharibə dövründə Azərbaycan Ordusu Ermənistanın qurduğu çoxsaylı müdafiə xətlərini yararaq işğal altındakı əraziləri azad etdi. Prezidentin qeyd etdiyi kimi, 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən təmizləndi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən həlledici hadisələrdən biri oldu.

Bu Qələbənin mühüm siyasi məqamlarından biri Azərbaycanın uzun illər davam edən işğalla heç vaxt barışmaması idi. Prezident İlham Əliyev müraciətində beynəlxalq təzyiqlərə, ölkəmizi qəbuledilməz güzəştlərə sövq etmək cəhdlərinə və münaqişənin hərbi həllinin olmadığını iddia edən yanaşmalara baxmayaraq, Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilmədiyini vurğuladı. Bu, dövlətin milli maraqlarının qorunmasında siyasi iradənin və ardıcıl strategiyanın nə qədər mühüm olduğunu bir daha təsdiqləyir.

Azərbaycanın Qələbəsi yalnız hərbi üstünlüyün nəticəsi deyildi. Bu Zəfər illərlə aparılan ordu quruculuğunun, iqtisadi güclənmənin, müasir hərbi texnologiyaların tətbiqinin və xalq-dövlət birliyinin məntiqi nəticəsi idi. Prezidentin müraciətində də qeyd olunduğu kimi, bizi irəliyə aparan əsas qüvvə milli ruhumuz, ləyaqətimiz və Vətənə bağlılığımız oldu.

Dövlət başçısının 2023-cü il sentyabrın 20-də Xankəndidə baş verən hadisələrə toxunması da müraciətin mühüm siyasi məqamlarındandır. 2020-ci ildə döyüş meydanında qazanılan Zəfərdən sonra 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa edildi. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması prosesi suverenliyin tam bərpası ilə yekunlaşdı.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin müraciətində 97 min insanın artıq azad edilmiş ərazilərdə yaşadığı, təhsil aldığı və çalışdığı bildirildi. Bu rəqəm Böyük Qayıdış prosesinin real nəticələrini göstərməklə yanaşı, dövlətin qarşıya qoyduğu strateji məqsədlərin mərhələli şəkildə həyata keçirildiyini nümayiş etdirir.

İşğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin və digər infrastruktur obyektlərinin yaradılması Azərbaycanın qurucu dövlət olduğunu təsdiqləyir. Vaxtilə viran qoyulmuş torpaqlarda yeni həyatın başlanması hərbi Qələbənin iqtisadi, sosial və humanitar müstəvidə davam etdirilməsidir. Bu baxımdan Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması deyil, həm də milli yaddaşın, tarixi ədalətin və sosial bütövlüyün bərpasıdır.

Prezidentin müraciətində Azərbaycançılıq məfkurəsinə xüsusi yer ayırması da diqqətəlayiqdir. Dövlət başçısı bütün etnik qrupların və dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşadığını, xalqımızı birləşdirən əsas dəyərlərin vətəndaşlıq, həmrəylik və azərbaycançılıq olduğunu vurğuladı. Bu yanaşma göstərir ki, Zəfərin mənəvi və ideoloji əsaslarından biri də milli birliyin qorunmasıdır. Müxtəlif mədəniyyətlərin və dini inancların nümayəndələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirən Azərbaycan modeli ölkəmizin mühüm ictimai-siyasi üstünlüklərindəndir.

Müraciətin ən mühüm mesajlarından biri isə Azərbaycanın gələcəkdə daha da güclü dövlət olması zərurəti ilə bağlıdır. Prezident İlham Əliyevin "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" fikri müasir dövrün çağırışları fonunda xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə siyasi bəyanat deyil, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətini ifadə edir. Güclü iqtisadiyyat, müasir ordu, müstəqil xarici siyasət, siyasi sabitlik və milli həmrəylik dövlət təhlükəsizliyinin başlıca təminatlarıdır.

Dövlət başçısının Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan heç kimdən asılı olmayan güclü dövlət olduğunu vurğulaması ölkəmizin müstəqil siyasət kursunun mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarına əsaslanan siyasət yürüdür, regional və qlobal proseslərdə fəal iştirak edir, suveren qərarvermə hüququnu qoruyur.

Zəfər Gününün əsas mənəvi mesajlarından biri də odur ki, tarixi Qələbə gələcək nəsillər üçün böyük məsuliyyət yaradır. Şəhidlərin qanı bahasına əldə edilmiş azadlıq və suverenlik qorunmalı, dövlətin gücü artırılmalı, milli birlik və həmrəylik daha da möhkəmləndirilməlidir. Zəfər yalnız keçmişin qürur mənbəyi deyil, həm də gələcəyin inkişaf istiqamətini müəyyən edən tarixi təməldir.

Prezident İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət bir daha təsdiqlədi ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsi olmaqla yanaşı, yeni inkişaf mərhələsinin də başlanğıcıdır. Bu gün azad Qarabağda aparılan quruculuq işləri, Böyük Qayıdışın davam etdirilməsi və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Zəfərin davamlı nəticələrini ortaya qoyur.

Azərbaycan xalqı 8 Noyabrı yalnız hərbi Qələbənin ildönümü kimi deyil, milli ləyaqətin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpası günü kimi qeyd edir. Bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə birlik, əzmkarlıq, Vətən sevgisi və milli qürur nümunəsi olacaq. Prezident İlham Əliyevin müraciətinin əsas qayəsi də məhz budur: Qələbə ilə fəxr etmək, şəhidlərin əziz xatirəsini yaşatmaq və daha güclü Azərbaycan naminə bir amal ətrafında birləşmək.

Yaşasın müstəqil Azərbaycan! Qarabağ Azərbaycandır!

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 551   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr