"Laçınım mənim" mahnısının sözlərini kim yazıb? - FOTO

"Laçınım mənim" mahnısının sözlərini kim yazıb? - FOTOAzərbaycanda Laçın şəhəri günü keçirildi. Laçın dağlarından bu gözəl diyarın himninə çevrilmiş "Laçınım mənim" mahnısı səsləndi. Laçın həsrəti ilə yanıb-tutuşan, o dağların eşqi ilə yaşayan şəlalə səsli Məhəbbət Kazımov özü gedə bilməsə də, səsi getdi göz açdığı torpaqlara. 30 ilə yaxındır dillərdən düşməyən bu gözəl mahnı necə yaranıb?

Lent.az "Laçınım mənim" mahnısının yaranması haqqında araşdırma aparıb.

Öncə onu qeyd edək ki, mahnı populyarlaşdıqdan sonra onun haqqında "mən yazmışam" deyənlər çox olub. İllərlə mahnının bəstəkarı kimi Məhəbbət Kazımovu bilsək də, onun ölümündən çox sonra həmkarı, keçmiş duet ortağı Könül Kərimova bildirib ki, mahnının musiqisini o bəstələyib, amma vaxtında səsini çıxarmayıb.

Söz yazarı olaraq da ortalıqda bilindiyi kimi, iki yox, hətta üç nəfərin adı hallanıb. Əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslan.

Araşdırma nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu ortaya çıxıb.

Osman Alıoğlu məşhur mahnının yaranmasından danışıb:

"Mən əslən Laçının Mişni kəndindənəm. 65 yaşım var. 1976-81-ci illərdə Bakıda Lenin adına Pedaqoji İnstitutda coğrafiya ixtisasını bitirmişəm. Hazırda da müəllim işləyirəm. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. Bu şeir 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazılıb. Mənim qaçqınlıq dövründə şeirlərim çox idi. Bu şeirin adı "Laçınım, sevincim, kədərim mənim" idi. Laçının işğalının birinci ildönümü ilə əlaqədar yazılmışdı. Məhəbbət Kazımovla tanışlığımız mahnı bəstələndikdən sonra olub. O, mahnını ilk dəfə 1997-ci ilin sonlarında Füzulidə, əsgərlərin qarşısında oxuyub.

O, efirdə oxuyanda, dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma sözlərin yerini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan xahiş etdim ki, bizi görüşdürsün. Bilmək istəyirdim, bu şeiri haradan əldə edib. Burada bir haşiyə çıxım. 1994-95-ci illərdə mən "Təzadlar" qəzetində altı ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç şeir vermişdim, o şeirlər redaksiyadan yox oldu. Kimsə götürmüşdü. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib, dedi ki, araşdıracağam. Sonra Fəxrəddini də çağırdı, məni də, bizi üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə isbat olundu ki, şeir mənimdir. Fəxrəddin, sadəcə, sözləri dəyişib. Şeir Fəxrədinin əlinə keçib, verib Məhəbbət müəllimin yeznəsinə.

Sonralar Könül xanımın da iddiası səsləndi. Məni təəccübləndirən odur ki, niyə Fəxrəddin və Könül 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər bu söhbəti etmədilər, öləndən sonra danışdılar. Məhəbbət elə şəxs idi ki, əsla yalan danışmazdı. O, məğrurluğun, kişiliyin rəmzi idi. Nə vardısa, sözü üzə deyərdi, indi belə insanlar çox azdır. O heç vaxt başqasının beyin məhsulunu öz adına çıxa bilməzdi. Haqqın tərəfdarı idi o kişi. Sonralar "Min bir mahnı" adlı bir kitab çıxmışdı, o kitabda "Laçınım mənim" mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi. Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışmış, o da şeirin onun olmadığını demişdi. O kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və müəllif kimi mənim adımı oraya saldırdı. Sonralar da Müəllif Hüquqları Agentliyinə müraciət edərək, bu mahnının sözlərinin müəllifi kimi mənim adımı yazdırıb. Bir neçə sözün yerini mahnının ahənginə uyğun olsun deyə dəyişmişdi, onun da razılığını, halallığını məndən aldı.

O, Könül xanımın yazdığı mahnıya onun gözü bax-baxa "mənimdir" deməzdi. Zəng vurdu mənə, Könül xanım da yanındaydı, dedi ki, qardaşoğlu, balaca bir dəyişiklik eləmişik. Cavab verdim ki, o, sadə bir şeirdir, sizin səsiniz onu gözəl edib, sizə həvalə edirəm. Hələ də qulağımdadır səsi, qayıtdı ki, başqasının sözünü öz adıma çıxsam, bu, nakişilik olar".

Osman müəllim adının bəzən mediada Osman Alovlu kimi yazılmasına da münasibət bildirib:

"Bəziləri elə bilirlər, təxəllüs götürmüşəm. Mən Alovlu deyiləm, sakit bir kişiyəm, odla, alovla işim yoxdur. Soyadım Alıyevdir, Məhəbbət Kazımov mənim adımı Müəllif Hüquqları Agentliyinə Alıoğlu kimi təqdim eləmişdi. Hələ bir dəfə gülə-gülə dedi ki, mənim də adım Möhübbətdir, Məhəbbət eləyiblər. O vaxt AzTV-də gözəl diktorumuz Roza Tağıyeva onun adını Məhəbbət Kazımov kimi təqdim etmişdi, sənəddə adı Möhübbətdir, qardaşları Qənimət, Əhliyət də təsdiq edərlər. Bizim rayonda Məhəbbət kişi adı yoxdur, Möhübbət olub, Məhəbbət olmayıb", - deyə o bildirib.

Laçın şəhəri günündə mahnının sözlərini fərqli şəkildə eşitdik, müğənni Ehtiram Hüseynov "Laçınım mənim"i fərqli sözlərlə oxudu, daha həsrət, ayrılıq nəğməsi deyildi o. Osman müəllimin bundan xəbəri varmı? Sualı cavablandıran müəllif bildirib ki, yeni sözləri onun həmyerlisi, jurnalist Şərif Ağayar yazıb:

"Şərifin yazdıqlarını oxudular. Etirazım, iradım yoxdur, əsas odur, Laçın azaddır. Oraya dönəcəyimiz günü səbirsizliklə gözləyirəm", - deyə Osman müəllim qeyd edib.

O hazırda Qaradağ rayonunda, Ümid qəsəbəsində yaşayır. Laçına qayıtmaq daha ümid, arzu deyil, reallıqdır. Laçın öz sakinlərinə qucaq açıb, yol gözləyir. Tezliklə bütün ellərində, obalarında ocaqlar tüstülənəcək, toylarında bu hava səslənəcək. İndi daha nisgili yox, unudulmamalı olan bir tarixi hayqıracaq "Laçınım mənim".
"Laçınım mənim" mahnısının sözlərini kim yazıb? - FOTO"Laçınım mənim" mahnısının sözlərini kim yazıb? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3729   Tarix: 28 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr