Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadıAzərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarının bilmədiyi tamam fərqli bir taleyin, ailə qayğılarının, ayrılıqların və peşmanlıqların izləri vardı.

Lent.az "Unudulan sənətkarlar" rubrikasında bu dəfə Azərbaycan teatr və kinosunun unudulmaz simalarından biri, Xalq artisti Səyavuş Aslandan bəhs edir.

Teatra gedən fərqli yollar

Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Onun sənətə gedən yolu isə birbaşa teatr məktəbindən başlamayıb. Əksinə, gələcəyin məşhur aktyorunun ilk peşəsi tamam başqa sahə ilə bağlı olub. O, əvvəl musiqi ilə məşğul olub, tar dərslərinə gedib.

Səyavuş Aslan məktəbin yeddinci sinfini bitirdikdən sonra Bakı Dəmir Yolu Texnikumuna daxil olub. Təhsil aldığı illərdə Biləcəridə lokomotiv deposunda maşinist köməkçisi kimi də çalışıb. Bəlkə də həyat başqa cür davam etsəydi, Azərbaycan tamaşaçısı onu səhnədə deyil, dəmir yolunda çalışan biri kimi tanıyacaqdı.

Amma onun içində teatra qarşı güclü maraq vardı. Dəmiryolçular klubunda görkəmli aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə yazılması Səyavuş Aslanın taleyində dönüş nöqtəsinə çevrildi. İlk obrazlarını da məhz həmin həvəskar səhnədə yaratdı.

Lütfəli Abdullayevi əvəz edən gənc

Səyavuş Aslanın sənət həyatında maraqlı məqamlardan biri 1954-cü ilə təsadüf edir. Həmin dövrdə o, Musiqili Komediya Estrada Truppasının xor heyətinə qəbul olunmuşdu. Gənc Səyavuş hələ böyük rolların ifaçısı deyildi. Lakin tamaşaların birində məşhur aktyor Lütfəli Abdullayev xəstələndiyi üçün onun oynadığı "Vəli" obrazını Səyavuş Aslana həvalə edirlər. Beləcə, xor heyətində çalışan gəncin qarşısında birdən-birə böyük səhnə imkanı açılır.

1954-cü ilin payızında hərbi xidmətə yollanan aktyor 1957-ci ildə geri qayıdıb. Bir müddət Filarmoniyanın nəzdində fəaliyyət göstərən kukla teatrı kollektivində çalışıb, "Cırtdan", "Məlik Məmməd" kimi tamaşaların hazırlanmasında iştirak edib. 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışan aktyor bir il sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına daxil olub. Bu teatr onun sənət taleyində xüsusi yer tutub.

Sənət incikliyi

Səyavuş Aslanın xarakterini göstərən ən maraqlı hadisələrdən biri "Bəyin oğurlanması" filminin çəkilişində baş verib. Rejissor səhnənin daha təbii alınması üçün Muxtar Maniyevə əvvəlcədən tapşırıb ki, Səyavuş Aslana xəbər vermədən həqiqətən şillə vursun. Aktyor zərbəni gözləmədiyi üçün reaksiyası tam təbii alınıb. Sonradan isə bu hadisəyə görə rejissor Vaqif Mustafayevdən bir müddət inciyib.

Səhnədəki başqa adam

Səyavuş Aslanın ən qəribə xüsusiyyətlərindən biri səhnədəki xarakteri ilə şəxsi həyatdakı davranışının bir-birindən kəskin fərqlənməsi idi. Tamaşaçı onu şən, hazırcavab, hər hərəkəti ilə insanları güldürən adam kimi tanıyırdı. Ailəsinin xatirələrinə görə isə evdə son dərəcə ciddi və tələbkar insan olub.

Oğlu Eldar Aslan atasının evdə çox az zarafat etdiyini, uşaqlarının onu daim ciddi gördüklərini danışıb. Hətta ailədə uşaqların gec saatlara qədər oyaq qalmasına icazə verilmirmiş. Saat 10-da artıq yatmaq qaydası varmış. Səyavuş Aslan övladlarının böyüklərə, qohumlara və qonşulara münasibətinə də xüsusi diqqət yetirirmiş.

Ad günlərinə həvəssizliyi

Səyavuş Aslanın az bilinən xüsusiyyətlərindən biri də ad günlərini sevməməsi olub. O, doğum gününü böyük məclislərlə qeyd etməyə həvəs göstərməz, yalnız yubiley tarixlərində tədbirlərə razılıq verərmiş.

Həyatının böyük sevgisi - Ofeliya Aslan

Səyavuş Aslanın şəxsi həyatının ən mühüm siması aktrisa Ofeliya Aslan idi.

Onların münasibəti sənət mühitində də diqqət çəkirdi. Oğullarının xatirələrinə görə, valideynləri bir vaxtlar teatra qol-qola gələr, geyimləri və bir-birlərinə münasibətləri ilə seçilərmişlər. Məlumata görə, Ofeliya xanım ilə ailə qurduğu vaxt maddi vəziyyəti yaxşı olmayıb. Xatirələrə görə, Musiqili Komediya Teatrının rəhbəri Şəmsi Bədəlbəyli göstəriş verib və aktyora toy üçün teatrın geyim sexindən kostyum tapılıb.

Lakin illər keçdikcə ailə münasibətlərində problemlər yaranıb və cütlük 1985-ci ildə rəsmən boşanıb. İddialara görə, ailənin dağılmasına səbəb Səyavuş Aslanın Ofelya xanıma teatrdakı başqa qadınla xəyanət etməsi olub.

Onlar boşansalar da, uzun müddət eyni mənzildə yaşayıblar. Evin bir hissəsində Səyavuş Aslan, digər hissəsində Ofeliya Aslan qalırmış. Aradakı qapını bağlayaraq ayrı yaşayırmış kimi həyat sürüblər. Ən maraqlısı isə budur ki, onların heç biri sonradan başqa ailə qurmayıb. İllər sonra Səyavuş Aslan Ofeliyanı çox sevdiyini və ailə həyatında baş verənlərə görə peşman olduğunu gizlətməyib. Ofeliya Aslan 2010-cu ildə dünyasını dəyişib. Bu itki Səyavuş Aslana ağır təsir edib.

Ailə və səhnə həyatının əvəzolunmaz adları

Aktyorun həyatının son illəri onun ekran obrazlarından tamamilə fərqli, kədərli mənzərə yaradıb.

O, artıq dünyasını dəyişmiş həyat yoldaşını soruşurmuş: "Ofeliya haradadır?"

Yaxınları ona Ofeliyanın öldüyünü hər dəfə söyləməyə ürək etmirmişlər. Həmin dövrdə onun tez-tez xatırladığı iki qadının adı vardı: Ofeliya Aslan və Nəsibə Zeynalova.

Bəlkə də bu iki ad onun yaddaşında həyatının iki böyük dünyasını təmsil edirdi - ailəsini və səhnəni. Bir vaxtlar tamaşaçı zalını qəhqəhəyə qərq edən aktyor ömrünün sonunda qapıya baxaraq artıq geri qayıtmayacaq insanları gözləyirdi.

Ölümündən iki gün əvvəl verilən orden

Səyavuş Aslanın həyatının son günlərində maraqlı və təsirli bir təsadüf də baş verib. 2013-cü il iyunun 25-də Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə o, "Şərəf" ordeni ilə təltif edilib.

Cəmi iki gün sonra - iyunun 27-də Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 77 yaşlı sənətkar II Fəxri xiyabanda dəfn olunub.

O, 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, müxtəlif illərdə dövlət mükafatları ilə təltif edilmişdi.

Bu gün onun olmadığı səhnələr sakitdir. Amma "Ulduz"a, "Bəyin oğurlanması"na, "Yaşıl eynəkli adam"a və onlarla başqa ekran işinə yenidən baxmaq kifayətdir ki, Səyavuş Aslan yenə üzümüzü güldürsün.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 733   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021