Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür

Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdürBu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür.

Sonxeber.az xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür.

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoyan Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Burada dərs deyən Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib.

1934-cü ildə musiqiyə olan məhəbbəti Tofiq Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meyilini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev "mənəvi ata" saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında "Rast" və "Segah-Zabul" muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: "Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir".

Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə "Azərbaycan xalq rəqsləri"ni fortepiano üçün işləmiş, "Azərbaycan xalq mahnıları" topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan "Evləri var xana-xana" və "Qoy gülüm gəlsin, ay, nənə" mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. "Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini" özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış "Bəs pələng hanı?", "Molla Nəsrəddin və plov" məzhəkəli mahnısını və "Zibeydə" vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur "Karvan" pyesini "Çahargah" məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə "Çahargah" kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – "Azərbaycan diviziyası", "Vətən haqqında mahnı", "Azərbaycan", "Döyüşçülərin mahnısı" və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının "Babək" tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin "On ikinci gecə", C.Cabbarlının "Aydın" və "Yaşar", N.Hikmətin "Qəribə adam" və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda "Azərbaycan süitası", romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı "Bakı haqqında mahnı", "Züleyxa", "Neftçilər mahnısı", "Süfrə mahnısı" kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin "Könlüm" və "Sevgilimə", Xaqaninin "Bəxtəvər oldum" sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. "Sənə də qalmaz", "Qəmgin mahnı", "İlk bahar", "Neylim", "Axşam mahnısı", "Bakı gecələri" kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan "qara qızıl" çıxaranları "Gənc neftçilər" mahnısında, zəhmətkeş insanları "Pambıq" mahnısında, "Saçaqlı qız" əsərlərində tərənnüm edir. "Moldova-Azərbaycan", "Zlata Praqa", "Bratislava" haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən "Badamlı" və "Toy mahnısı" bu sahədəki axtarışlarının bəhrəsidir.

Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. "Səbuhi", "Ögey ana", "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı", "Telefonçu qız", "Nəsimi" və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, "Aktrisa", "Qızıl axtaranlar", "Sənin bircə sözün", "Sabahın xeyir, Ella" kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar "Artıq tamah", "Şəngülüm, Şüngülüm, Məngülüm" və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət "Məhəbbət mahnısı" adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, "İstiqlal ordeni" ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 451   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Apreldə neçə gün iş olmayacaq?

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək

21 fevral
.

Nə dana, nə quzu əti - Ən yaxşısı budur

Sağlam qidalanma axtarışında olan istehlakçılar üçün sürpriz bir nəticə ortaya çıxıb. Məlum olub ki, insan sağlamlığı üçün dana və quzu ətindən daha faydalı ət var. xəbər verir ki, avropalı aimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ən çox istifadə olunan dana və quzu əti ilə müqayisəd

22 fevral
.

Peyvənd vurulan körpə şoka düşərək öldü - Yenilənib

Goranboyda peyvənd vurulan körpə ölüb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktl

23 fevral
.

Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? - AÇIQLAMA

Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir. Bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşə

21 fevral
.

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayə

23 fevral
.

Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib. -ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" nəşri məlumat verib. Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktu

21 fevral
.

23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə günorta saatlarında şəhər sakini 26 yaşlı Emin Kərimovun yaşadığı ünvanda baş verib. Belə ki, aralarında yaranmış mübahisə zəminində o, 23 yaşlı həyat yoldaşı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib

23 fevral
.

Azərbaycanda dövlət agentliyinin sədri vəzifəsindən azad edildi

Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. -ın məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Fotoda Elnur İbrahimov. Digər sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdar

23 fevral
.

Orucu xurma, yoxsa su ilə açmaq daha faydalıdır?

Ramazan ayında iftar süfrəsində müzakirə edilən mövzulardan biri də orucun necə açılması ilə bağlıdır. Bir çox insanı düşündürən əsas sual budur: orucu əvvəl xurma ilə açmaq daha faydalıdır, yoxsa su içmək daha doğrudur?. xəbər verir ki, İslam ənənəsinə görə, orucu xurma ilə açmaq tövsiyə olunur. Xurm

23 fevral