İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar

İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat etmişdir.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdır.

Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək "Dənizneft" Birliyində geoloji şöbə rəisinin müavini və "Azneft" İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə "Başdənizneft" İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə "Xəzərdənizneft" Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti olmuş, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutmuşdur.

Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilərək istismara verilmişdir. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi.

Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınmışdır. Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynamışdır. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapmışdır. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirmiş, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırmışdır.

Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatları – "Heydər Əliyev", "İstiqlal", "Şöhrət", "Şərəf", 1-ci dərəcəli "Əmək" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş, "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva
Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Fərəh Əliyeva

Mikayıl Cabbarov

Pərviz Şahbazov

Emin Əmrullayev

Rövşən Nəcəf

İsa Həbibbəyli

Akif Əlizadə

İbrahim Quliyev".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2019   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr