"France TV" Fransa müstəmləkəçiliyini "yara" adlandırdı - Telekanalın filmi mükafat qazandı

"France TV" Fransa müstəmləkəçiliyini "yara" adlandırdı - Telekanalın filmi mükafat qazandı"Fransız Qvianasının katolik pansionatları, yara" adlı sənədli film Fransız Qvianasında "Dünya inqilabçıları" kinofestivalında "Məktəblilərin Münsiflər Heyətinin Medalı" ilə təltif olunub.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, "France TV"nin ərsəyə gətirdiyi sənədli film Fransız Qvianasında 1930-2023-cü illər arasında mövcud olmuş "Homes indiens" katolik pansionatlarından bəhs edir.

Əsasən aborigenlər - amerendienslər olmaqla ümumilikdə 2000-ə qədər uşaq həmin pansionatlarda yerləşdirilib və təhsil alıb. Burada əsas məqsəd aborigenlərin məqsədyönlü şəkildə assimilyasiya edilməsi olub.

Yerli ailələrdən zorla qopardılmış və pansionatlara yerləşdirilmiş uşaqlara yalnız fransız dili və tarixi öyrədilib. Fransa hökuməti ilə katolik kilsə arasında bu məsələdə sövdələşmə mövcud olub. Fransanın məqsədyönlü assimilyasiya siyasətinə uyğun yanaşma tətbiq edən bu pansionatlar məhz rəsmi Paris tərəfindən maliyyələşdirilirib.

Sənədli filmdə pansionatın birində çalışan Anne-Marie adlı rahibə etiraf edir ki, onlara yuxarıdan göstəriş gəlib ki, uşaqlar yalnız fransız dilində danışmağı öyrənməlidirlər, yerli dildə danışmaq qadağandır. Uşaqlar ana dillərində danışdığı zaman sərt şəkildə cəzalandırılırdılar.

Fransa hökuməti bu maliyyələşdirməni sosial yardım kimi rəsmiləşdirib. Lakin çətinlik ondan ibarət idi ki, yardım yalnız Fransa vətəndaşlarına göstərilə bilərdi və amerendienslər, hətta İkinci Dünya müharibəsindən sonra belə uzun müddət bu statusa yiyələnə bilməyiblər. Fransa hökuməti bu çətinliyi aradan qaldırmaq üçün uşaqları yetim kimi qeydiyyatdan keçirib. Bu və fransız dilinin məcburi öyrədilməsi uşaqların öz ailələri ilə əlaqənin itirməsi ilə yanaşı, onlarda psixoloji problemlərin peyda olunmasına səbəb olub.

Məlumat üçün bildirək ki, 1930-cu illərdən etibarən Fransız Qvianasında təxminən 2000 yerli hindu və köləlikdən qurtulmuş qaradərili qulların uşaqları kəndlərindən uzaqlaşdırılıb, ailələrindən qopardılaraq "Hind evləri" adlı katolik internatlara yerləşdiriliblər.

Onlar özlərini ailədən tamamilə qoparılmış kimi hiss etdiklərini, bu xatirələri silməyin mümkün olmadığını deyirlər:

"Bu, insanın yaddaşından silinməyən kabus kimidir".

Fransalı rəsmilərin hədəfi bu uşaqları ciddi dini təlimlər vasitəsilə xristian dəyərlərinə uyğun "əsl fransız" kimi yetişdirmək olub.

2022-ci ilin sentyabrında aparılan tarixi araşdırma müqəddəs "kolonial üçlüyü" - yəni beyin yuma, xristianlaşdırma və zorakı assimilyasiya siyasətini gün üzünə çıxarıb.

Bu siyasət əvvəlcə katolik kilsəsi tərəfindən müstəmləkə dövründə tətbiq olunmuş, daha sonra Fransa dövləti tərəfindən vicdansızcasına təqribən bir əsr ərzində davam etdirilib.

Bu gün yerli hindu assosiasiyaları katolik internatlarını müstəmləkə cinayəti kimi qiymətləndirir, həqiqət və sülh komissiyasının yaradılmasını tələb edirlər. Bu proses bəzi keçmiş internat şagirdlərinin yaşadıqları travmaları ifadə etməsinə və bir çoxunun sağalmaz yara kimi daşıdığı keçmişin az da olsa, qaysaq bağlamasına şərait yarada bilər.

Zorakı assimilyasiya qurbanlarından biri hazırda 94 yaşı olan Aqnesdir. Onun "Homes indiens" katolik pansionatlarının birində fotosu çəkiləndə 11 yaşı olub.

Aqnes Kalina hindularının yaşadığı Pointiser adlı sahil kənarı bir kənddə böyüyüb. Onun uşaqlıq illəri ov və balıqçılıq hekayələri ilə keçib.

Amma Aqnes hindu kimi uşaq həyatından çox az zövq ala bilib. Anası vəfat etdikdən sonra Manadakı rahibələrə verilib və bir neçə il öz kəndindən bir neçə saat uzaqda yerləşən internatda yaşamalı olub. Bura artıq onun üçün tamam başqa bir dünya idi və həmin xatirələri yada salmağa gücü artıq yetmir.

Başqa bir qurban Kadi isə doğulduğu kənddən uzaqlaşdırılandan sonra yavaş-yavaş valideynləri ilə danışdığı kalina dilini unudub. İnternatda o, doğma dilini tamamilə yaddan çıxarıb.

"Bəzən mahnı oxuyurduq. Amma nə oxuduğumuzu bilmirdik. Dua edirdik, amma kimə dua etdiyimizi bilmirdik. Uşaqkən bu, mənim üçün heç nə ifadə etmirdi".

Kadi assimilyasiya prosesi tamamlanarsa, adamın bütün kimliyini, kimliyinin mahiyyətini itirdiyini deyir:

"Məqsəd budur. İnternatlar bu prosesin bir hissəsidir".

1980-ci illərin əvvəlində Fransız Qvianasındakı səkkiz katolik internatdan beşi bağlanıb. Yerli hərəkat isə mübarizəyə hazırlaşırdı. İlk etiraz aksiyası 1984-cü il dekabrın 8-9-da baş tutur. Kəşfiyyat qeydlərində əvvəlcə bu hadisə sadəcə folklor tədbiri kimi təsvir edilir - Avala-Yalimapoda rəqs və musiqi qruplarının çıxış edəcəyi, minə yaxın iştirakçının gözlənildiyi qeyd olunur. Məsələnin siyasi tərəfi qəti şəkildə dilə gətirilmirdi. Rəsmi şəxslər və seçilmiş nümayəndələr bu cür tədbirlərə dəvət edilirdilər. Onlara Amazoniyanın ənənəvi içkisi olan kaşiri təqdim edilirdi və tədbir adətən bu şəkildə yekunlaşırdı. Amma bu dəfə çıxışların başlaması hamını təəccübləndirib:

"Bizi əzdiniz, bizi xalq kimi, fərd kimi, sizinlə bərabər hüquqlara malik insanlar kimi görmədiniz".

Feliks Tiyuka Fransa hökumətinə xitab edərək həm dövlətə, həm də Qviananın yerli nümayəndələrinə qarşı sərt tənqidlər səsləndirib: "Biz artıq digər fransızlar kimi olmaq istəmirik. Tamhüquqlu vətəndaş da olmaq istəmirik. Biz torpaqlarımız üzərindəki hüququmuzun, hindu kimliyimizi qoruyub saxlamaq, mədəniyyətimizi və institutlarımızı inkişaf etdirmək hüququmuzun tanınmasını tələb edirik".

Bu çıxış silkələnmə yaratmışdı. Fransız Qvianasında yerli hindi dünyasının və ümumiyyətlə cəmiyyətin sarsıldığı dövr idi. Bu hərəkatın simaları isə Tomas Apoliner, Pol Henri və əlbəttə, həmin məşhur çıxışı edən Feliks Tiyuka olub.

2022-ci ilin sentyabrında jurnalist Elen Ferrarini Fransız Qvianasındakı katolik internatlarının tarixinə həsr olunmuş kitab nəşr etdirib. Onun araşdırması uşaqların məcburi internata cəlb edilməsi, xristianlaşdırma və assimilyasiya faktlarını gün üzünə çıxardı. Bu prosesin təsirləri bir neçə nəslə təsir edib.

7 il əvvəl yayımlanan bir hesabatda gənc hindular arasında intihar hallarının çoxalması qeydə alınıb. Bu gənclər həm köklərindən qopmuş, həm də qərb dünyasında özlərinə yer tapa bilməyənlər idi.

İnternat siyasəti Cənubi Afrikada, yaxud Avstraliya və Kanadada yerli xalqlara qarşı həyata keçirilən siyasətlərə bənzəyir. BMT-nin təşviqi ilə bəzi qurumlar artıq Fransız Qvianasındakı internatlarla bağlı Həqiqət və Sülh Komissiyasının yaradılması ideyasını müzakirə etməyə başlayıblar.

Müstəmləkəçilik dövrünün fəsadlarını üzə çıxarmaq istəyi yeni bir fikir deyil. Bu, artıq beynəlxalq miqyas almış bir fəaliyyətdir. Lakin Fransada bu məsələ hələ də tabu və həssas bir mövzu olaraq qalır. Utanc hissi, qorxu və ya başqa səbəblərdən dolayı susurlar. Keçmişdə internatlara göndərilmiş uşaqlar susdular. Artıq cəmiyyət onları dinləməlidir.

Əlbəttə, Fransız Qvianasındakı internatlarda uşaqlara qarşı tətbiq olunan zorakılıq Kanadadakı hallar qədər ağır olmamış ola bilər. Kanadada kütləvi məzarlıqlar, tibbi eksperimentlər ortaya çıxıb. Fransız Qvianasında bu səviyyədə faktlar qeydə alınmayıb. Lakin dillərin, milli kimliyin repressiyası belə, bir xalqı məhv etməyə yönəlmiş zorakılıqdır. Bu cür zorakılığa bu gün "mədəni soyqırımı" deyirik. Bu, fiziki yoxetmə deyil, mədəniyyətin məhv edilməsidir. O məşhur şüar yada düşür: "Hindunu öldür, insana çevrilsin". Bu şüar 1950-ci illərdə Fransız Qvianasında bir fransız məmur tərəfindən səsləndirilib. O belə deyib: "Hindular yoxa çıxmalı, onların yerini fransız qvianalılar almalıdır". Bu isə açıq şəkildə assimilyasiya və müstəmləkəçi düşüncənin təzahürüdür.

Bir çoxları üçün internatlar Fransız Qvianasının işğal tarixinin sonuncu, lakin travmatik fəslidir. Qızıl axtaranlar, missionerlər və müstəmləkəçilərin ortaq cəhəti odur ki, dəniz yolu ilə gəliblər. Yerli hindular - Kalinlər əsrlərdir, onlara yalnız bədbəxtlik gətirən bu adamları belə adlandırırdılar: "Pas la nagigle", yəni "dənizin pis ruhları" deməkdir.

Azadlıq, bərabərlik və qardaşlıq prinsipləri adı altında Fransa dövləti katolik internatlarını yerləşdirməklə, hindu xalqına yalnız zorakılıq tətbiq edib. Torpaqların əllərindən alınması, ailələrə zorla müdaxilə bu xalqların sosial və mədəni nizamını ciddi şəkildə sarsıdıb. İnternatlar bir çox hindular tərəfindən fransız müstəmləkəçiliyinin son balta zərbəsi kimi qəbul edilir. Hələ də qanayan yara və bir travmadır. Və onlar bu yaranı necə sağaldacaqlarını bilmirlər.

Qeyd edilənlərlə yanaşı, sənədli filmdə amerendienslərin Fransa hökuməti tərəfindən ucuz işçi qüvvəsi kimi Kuru kosmodromunun tikilməsi zamanı işlədilməsi barədə də məlumat verilir.

Sözügedən film hazırda "France TV"nin rəsmi internet səhifəsində bu ilin 11 noyabrına qədər baxışa açıqdır - https://www.france.tv/france-5/la-case-du-siecle/7116110-pensionnats-catholiques-de-guyane-la-blessure.html


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 629   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr