"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

"Sandıqdakı qardaşım" - Aysel İbrahimliSonxeber.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan III kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:

Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hər küncündə hələ də onun o ağır, adamı boğan sükutu duyulurdu. Həyətdə Kamilin samovara od salmaq üçün sındırdığı çır-çırpının səsi gəlirdi, mən isə sanki ayaqlarım məndən asılı olmayaraq, illərdir yanından qaçdığım o otağa - anamın yataq otağına tərəf sürüklənirdim. Otağın qapısı elə bir gıcırtı ilə açıldı ki, sanki on illərdir açılmayan bir məzarın qapağı tərpəndi. İçəridəki hava hələ də anamın qoxusunu saxlayırdı; bir az naftalin, bir az köhnə parça və bir az da o izahı olmayan acı dərman qoxusu.

Gözüm dolabın küncündə, tozun içində qalmış o köhnə taxta sandığa sataşdı. Uşaqlığım boyu o sandıq mənim üçün qadağan olunmuş bir qala idi. Hər dəfə əlimi o tərəfə uzadanda anamın sərt səsi qulağımda cingildəyirdi: "Toxunma! Ora getmək olmaz!" İndi isə o sərt səsin sahibi yox idi, sandıq isə qarşımda bütün müdafiəsizliyi ilə dururdu. Uşaqlığımdakı ən böyük arzum bu sandığın anam tərəfindən qorunmaması idi. Axı, bir uşağa nəyi qadağan edərsənsə, o, ona daha maraqlı gəlir. Heç düşünməzdim ki, uşaqlıq arzumda istəmədən də olsa, anamın ölümünü arzulamışam.

Paslanmış açarı çətinliklə kilidə salıb buranda çıxan o qırıq metal səsi boş otaqda əks-səda verəndə bir anlıq dayandım, elə bildim anam hardansa çıxıb yenə əlimdən vuracaq. Qorxsam da, dərin bir nəfəs alıb içimdəki qarışıqlığı susdurmaq istədim ki, qarşımdakı həqiqətlə üz-üzə qalmağa gücüm çatsın.

Sandığı açdım. Üstdə anamın illərlə sandıq qoxusu hopmuş və bir az da nimdaş, saralmış cehizliyi, naxışlı yaylıqları və bir-birinə səliqə ilə bağlanmış süfrələri dururdu. Onları təmkinlə, bir-bir kənara yığdım. Sandığın dibinə yaxınlaşdıqca içimdəki həyəcan qəribə bir qorxu ilə əvəz olundu. Ən altda bir büküm gözümə sataşdı. Küncə elə sıxılmışdı ki, sanki kimsə onu bir daha heç vaxt tapmasın deyə gizlətmişdi: qırmızı bir parça bükümü.

Parçanı açanda içindən çıxan sınıq-salxaq bir oyuncaq maşın və rəngi qaçmış, kənarları süzülmüş bir tibbi arayış düşdü. Arayışı açıb o köhnə yazıya baxanda əvvəl başa düşmədim. Sonra tarixə və ada baxdım. Bu, mən doğulmazdan üç il əvvəl itirilmiş bir körpənin - heç vaxt varlığından xəbər tutmadığım, evdə adı belə çəkilməyən böyük qardaşımın ölüm kağızı idi. Sənədin küncündə anamın qurumuş göz yaşlarının ləkəsi hələ də dururdu.

O an sanki beynimdə illərdir qaranlıq qalan bütün pərdələr bir-bir açıldı. Bu gün özüm ana olsam da, illərlə anamı başa düşə bilməmişdim. O məni sevirdi, yoxsa sevmirdi? Çünki mənə çox vaxt soyuq davranardı. Amma mən xəstələnəndə, ya da ölümlə üz-üzə qalanda sanki ürəyi yerindən qopacaq kimi çırpınardı.

Mən illərdir anamı soyuq, hissiz və məsafəli bir qadın kimi tanımışdım. Əvvəl onun mənə bir dəfə də olsun ürəkdən sarılmamasını, dərdimi danışanda üzünü yana çevirməsini və mənə yaxın durmamasını sevgisizlik sanmışdım. Amma indi o bir parça kağız mənə hər şeyi darmadağın edən bir həqiqəti pıçıldayırdı.

Səkkiz yaşım olanda məktəbdən gəlib həvəslə "Ana, bax, rəsm çəkmişəm!" deyib ona tərəf qaçanda əllərini necə təlaşla geri çəkdiyini indi anlayıram. O zaman elə bilmişdim ki, barmaqlarımın mürəkkəbi onun təmiz önlüyünü bulayar deyə qaçır. Amma yox, o, mənə toxunmaqdan, o toxunuşun yaradacağı o doğmalıq bağından qorxurmuş. Üzünü yana çevirib "Get, dərslərini elə" deyəndə gözlərindəki o qəribə laqeyd baxış deyil, boğulmuş bir hönkürtü imiş.

Bir dəfə bərk qızdırmalı olanda gecə yarı ayılıb anamı çarpayımın küncündə heykəl kimi oturmuş görmüşdüm. Alnıma qoyduğu nəm dəsmal əlindən düşəndə barmaqları təsadüfən saçıma toxunmuşdu. O an sanki elektrik vurmuş kimi diksindi, əlini dərhal geri çəkib otaqdan çıxdı. Mən onda ağlamışdım ki, anam hətta xəstə halımda da mənə sığal çəkməyə nifrət edir. Sən demə, o qırışmış əllər mənim saçlarımda illər əvvəl itirdiyi o körpənin qoxusunu duyubmuş...

Mən illərdir anamı ruhu soyuq, duyğuları kütləşmiş bir qadın kimi tanımışdım. Amma indi o bir parça kağız mənə pıçıldayırdı ki, o, əslində dünyanın ən fədakar sərkərdəsi imiş; öz ürəyini mühasirəyə alıb, içəridəki sevgini mənə sızdırmırdı ki, mən də onun kimi o sevginin altında qalıb əzilməyim. O, mənə sarılmırdı ki, itirəndə qollarının arası boş qalmasın. O, məni uzaqdan sevməklə əslində məni öz bəxtsizliyindən qoruyurmuş.

İndi isə sandığın dibindəki o sınıq oyuncaq maşına baxdıqca içimdəki o soyuq divarların uçulub töküldüyünü hiss edirdim. Anamın mənə vermədiyi hər bir sığal, əslində mənim üçün saxladığı ən böyük göz yaşı imiş. Bir dəfə o ağır itkini yaşamışdı və bir daha eyni ağrını hiss etməmək üçün özünə sevməyi, bağlanmağı, şəfqət göstərməyi qadağan eləmişdi. Mənə həddindən artıq bağlansa, məni də itirəcəyindən qorxduğu üçün aramızda o keçilməz soyuq divarları hörübmüş.

Yoldaşım Kamilin eyvandan gələn ayaq səsləri məni xəyaldan ayırdı. O, otağa girib məni yerdə, toz-torpağın içində, o sənədi bağrıma basıb hönkür-hönkür ağlayan görəndə donub qaldı. Yanımda diz çöküb, heç nə soruşmadan sənədə baxdı. Bir neçə dəqiqə sadəcə sükut oldu. Kamilin əlinin çiyinlərimdəki ağırlığını hiss edəndə bir şeyi də dərk etdim: mən də illərdir eyni yolu gedirmişəm. Mən də Kamillə aramda həmişə bir gizli məsafə saxlamışam, uşaqlarımıza qarşı anamın o "uzaq" modelini təkrar etmişəm. Sanki çox sevsəm, mütləq nəsə fəlakət olacaqmış kimi duyğularımı qıfıla salmışam.

Zamanın amansız çarxı fırlandıqca insan özünü keçmişin aynasında daha tez-tez görür. Bir vaxtlar anamın mənə qarşı olan o buz kimi soyuqluğundan gileylənərdim. İndi isə öz valideynliyimə baxıram və görürəm ki, mən də o soyuqluğun kölgəsindəyəm. Amma bizim hekayəmiz fərqli idi. Mənim səssizliyimin və övladlarımla arama çəkdiyim o görünməz hasarların təməlində tamamilə başqa bir duyğu dayanırdı.

Mən övladlarımı özümdən uzaq tuturdum ki, bir gün bu dünyadan köçüb getsəm, yoxluğum onlara çox ağır gəlməsin. Onları mən yaşaya-yaşaya mənsizliyə alışdırmağa çalışırdım. Hesab edirdim ki, aradakı məsafə nə qədər böyük olsa, itkinin acısı da bir o qədər yüngül olar. Sevgimi bir zireh kimi içimdə gizləmişdim; elə bilirdim ki, onları bu yolla qoruyuram.

Lakin indi anlayıram ki, nə qədər böyük bir yanılmanın içindəymişəm. Valideyn öz sevgisini övladından əsirgədikcə əslində gələcəkdəki o ağrını azaltmır, əksinə, onu daha da dərinləşdirir. İnsan sevdiyini itirəndə ən çox yaşadığı xoş günlərə görə deyil, yaşaya bilmədiyi, yarım qalan sevgilərə görə inciyir.

Verilən ömür elə bir xəzinədir ki, sevgi orada bir damla belə israf edilmədən, doya-doya yaşanmalıdır.

İndi o hasarları bir-bir uçurmağın vaxtıdır. Başa düşdüm ki, övladlarım üçün ən böyük təsəlli mənim yoxluğumda xatırlayacaqları soyuq bir məsafə deyil, ruhlarına toxunan o isti, səmimi ana sevgisi olacaqdır. Çünki sevgi gələcəyin qorxusuna qurban verilməyəcək qədər müqəddəsdir…

Kamil o gün heç nə demədən mənə elə bərk sarıldı ki, mən ilk dəfə o qırmızı parçaya bükülmüş sənədlə birlikdə içimdəki o qorxunc mirası da dəfn etdim. O bağ evindən çıxanda mən təkcə bir sandığı yox, illərdir canımı ağrıdan o sevgisizlik yükünü də o otaqda qoyub çıxdım. Anam getmişdi, amma o, öz ağrılı sirri ilə mənə sevməyin qorxusuz yolunu açmışdı.

Aysel İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2361   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə

15 may
.

Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama

Dünən "Eurovision-2026" Mahnı Müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib. Yarımfinalda 15 ölkənin təmsilçiləri final uğrunda mübarizə aparıb. Azərbaycanı müsabiqədə təmsil edən Cəmilə Həşimova (JIVA) "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxsa da, finala vəsiq

15 may
.

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - Foto

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb. O, 1982-c

10 mart
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizi

1 aprel
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Dilarə Əliyeva qız analarına səsləndi

"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç

6 mart
.

Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Qeyd edək ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlə

23 fevral