Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası"na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, "AzərEnerji" ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.
Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.
Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.
Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq "Ağbulaq-1" Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir. Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.
"Ağbulaq-1"stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.
Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq "Ağbulaq-2" Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.
Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib
"Ağbulaq-2" SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.
Laçın rayonunda inşa edilən 4 MVt gücündə "Şeylanlı" Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.
Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.
"Şeylanlı" SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.
Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hamamdakı kanalizasiya qoxusunu yox etmək üçün məsləhət
Dostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər
Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO
Keçmiş futbolçu saxlanıldı
Sabah 40 dərəcə isti olacaq
Plastik qabda tapıldı, dəyəri 5 milyon dollardır
Azərbaycanlı model xərçəngdən vəfat etdi (VİDEO)
"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
Müəllimin sinifdə çəkdiyi video sosial şəbəkələrdə müzakirələrə səbəb olub - VİDEO
Bu universitetlər Xankəndinə ve işğaldan azad olunmuş digər rayonlara köçürülə bilər - AÇIQLAMA