İdxal 27,6% azaldı: Azərbaycanda xaricdən məhsul alışları niyə kəskin düşüb? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanın xarici ticarətində ilin ilk yarısında diqqətçəkən dəyişiklik baş verib. Yanvar-iyun aylarında ölkənin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalaraq 8,34 milyard dollar təşkil edib. Rəqəmlər ilk baxışdan Azərbaycanın xaricdən daha az məhsul almağa başladığını göstərsə də, idxalın azalmasının arxasında yalnız daxili tələbin zəifləməsi dayanmayıb. İdxalın strukturunda baş verən dəyişikliklər, ayrı-ayrı məhsul qrupları üzrə qiymət və həcm fərqləri də yekun göstəriciyə təsir edə bilər. Bu vəziyyət isə başqa bir sualı gündəmə gətirir: idxalın belə ciddi azalması Azərbaycan bazarında məhsul bolluğuna, qiymətlərə və istehlakçıların seçim imkanlarına necə təsir edəcək?
Digər tərəfdən, daxili istehsalın idxalı əvəzləməsi baş verirsə, bu, yerli sahibkarlar və istehsalçılar üçün hansı imkanları yarada bilər? Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk altı ayında qeyri-neft-qaz sənayesində 4,1 faiz, kənd təsərrüfatında isə 2,2 faiz artım qeydə alınıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, idxalın 27,6 faiz azalması ilk baxışda Azərbaycanın xaricdən daha az məhsul aldığı təsəvvürü yaradır, amma bunu birbaşa daxili tələbin zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ idxalın hansı məhsullar hesabına azaldığıdır. Onun sözlərinə görə, son məlumatlar göstərir ki, azalma bütün məhsul qruplarında eyni deyil; bəzi ərzaq məhsullarının və digər istehlak mallarının idxalı davam edir: "Buna görə 27,6 faizlik ümumi geriləmənin müəyyən hissəsi böyük həcmli investisiya, sənaye və digər qeyri-ərzaq məhsullarının idxalındakı dəyişikliklərlə bağlı ola bilər. Əgər idxalın azalması yerli istehsalın artması hesabına baş verirsə, bu, Azərbaycan iqtisadiyyatı üçün müsbət haldır. Yəni əvvəllər xaricdən gətirilən məhsulun ölkə daxilində istehsal olunması həm valyutanın ölkədən çıxmasının qarşısını alır, həm də yerli sənaye və kənd təsərrüfatının inkişafına stimul verir. Son dövrdə kənd təsərrüfatında və emal sektorunda artımın müşahidə olunması bu baxımdan müəyyən imkanların formalaşdığını göstərir.
Amma idxalın azalmasının digər səbəbi daxili tələbin və investisiya fəallığının zəifləməsi olarsa, mənzərə dəyişir. Çünki maşın və avadanlıq, xammal, tikinti materialları və digər istehsal vasitələrinin idxalının azalması gələcəkdə investisiyaların və istehsalın artım tempinə mənfi təsir göstərə bilər.
Daxili bazara təsir də məhsul qruplarından asılı olacaq. Əgər idxalı azalan məhsulların yerli istehsalı kifayət qədərdirsə, bazarda ciddi problem yaranmaya bilər. Əksinə, daxili istehsalın ödəyə bilmədiyi məhsulların idxalı kəskin azalarsa, təklif məhdudlaşa və qiymətlər yüksələ bilər. Xüsusilə ərzaq, dərman, xammal və bəzi sənaye məhsullarında belə risk daha həssasdır.
Digər tərəfdən, idxalın azalması avtomatik olaraq qiymətlərin artacağı demək deyil. Xarici məhsullara tələbin azalması, dünya bazarında qiymətlərin ucuzlaşması və manatın sabit qalması idxal xərclərini aşağı sala bilər. Bu halda idxalın fiziki həcmi və dəyəri azalmaqla yanaşı, daxili qiymətlərə də ciddi təzyiq yaranmaya bilər.
Məncə, 27,6 faizlik azalmanı qiymətləndirərkən əsas sual "Azərbaycan daha az məhsul alırmı?" yox, "Azərbaycan niyə daha az məhsul alır?" olmalıdır. Əgər səbəb yerli istehsalın idxalı əvəz etməsidirsə, bu, iqtisadiyyat üçün müsbət struktur dəyişikliyidir. Əgər səbəb daxili tələbin, investisiyaların və biznes fəallığının zəifləməsidirsə, bu artıq diqqətlə izlənilməli siqnaldır.
Ən müsbət ssenari isə idxalın azalmasının yerli istehsalın artması ilə paralel getməsidir. Bu halda Azərbaycan həm xarici valyutaya qənaət edir, həm qeyri-neft iqtisadiyyatını genişləndirir, həm də daxili bazarın daha böyük hissəsini öz istehsalı hesabına təmin edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video