Qardaşlıqdan müttəfiqliyə uzanan strateji yol
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə beynəlxalq münasibətlər sistemində iki dövlət arasında formalaşan ən dinamik və çoxşaxəli tərəfdaşlıq nümunələrindən birinə çevrilib. Bu münasibətləri yalnız diplomatik əlaqələr, iqtisadi maraqlar və siyasi dialoq çərçivəsində qiymətləndirmək kifayət deyil. Azərbaycan-Özbəkistan münasibətlərinin əsas fərqləndirici xüsusiyyəti onların tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulması, zaman keçdikcə bu təbii yaxınlığın dövlətlərarası strateji əməkdaşlığa və nəhayət, müttəfiqlik münasibətlərinə çevrilməsidir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də məhz bu münasibətlərin mahiyyətini və inkişaf istiqamətlərini geniş şəkildə ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin artıq ənənəvi diplomatik tərəfdaşlıq çərçivəsini aşdığını, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlar üzərində qurulan yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycan və Özbəkistan xalqlarının yaxınlığı ilk növbədə ortaq tarixi yaddaşdan qaynaqlanır. Türk dünyasının iki qədim xalqı olaraq azərbaycanlılarla özbəkləri birləşdirən çoxsaylı ümumi dəyərlər mövcuddur. Dil və mədəniyyət yaxınlığı, ədəbiyyat və incəsənət sahəsində qarşılıqlı təsirlər, ortaq mənəvi irs və tarixi dövlətçilik ənənələri iki xalq arasında xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb.
Bu yaxınlıq müasir dövrdə siyasi münasibətlərin inkişafı üçün möhkəm mənəvi baza rolunu oynayır. Lakin yalnız tarixi və mədəni yaxınlıq dövlətlər arasında müttəfiqlik yaratmaq üçün kifayət deyil. Bunun üçün siyasi iradə, qarşılıqlı etimad, milli maraqların uzlaşdırılması və uzunmüddətli strategiyanın mövcudluğu tələb olunur. Azərbaycan və Özbəkistan münasibətlərinin əsas uğurlarından biri məhz bu amillərin bir araya gətirilməsidir.
Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayır. Dövlət başçıları arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad iki ölkənin münasibətlərinin inkişafına ciddi təsir göstərib. Dövlətlərarası əlaqələrin taleyində liderlərarası münasibətlərin əhəmiyyəti danılmazdır. Azərbaycan və Özbəkistan nümunəsində isə bu amil xüsusilə aydın görünür.
Son beş ildə ən yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin sayı və intensivliyi siyasi dialoqun nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Dövlət başçılarının qarşılıqlı səfərləri yalnız protokol xarakteri daşımayıb. Bu səfərlər zamanı konkret sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib və mövcud layihələrin icrasına siyasi impuls verilib.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələlər oldu. Bu səfərlər zamanı imzalanan sənədlər, xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin münasibətlərini yeni hüquqi və siyasi çərçivəyə saldı.
Bu sənədlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar mövcud dostluq münasibətlərini sadəcə siyasi bəyanat səviyyəsində saxlamır, onları konkret dövlətlərarası öhdəliklər və uzunmüddətli əməkdaşlıq istiqamətləri ilə möhkəmləndirir. Başqa sözlə, Azərbaycan və Özbəkistan arasında mövcud olan təbii qardaşlıq artıq institusional və hüquqi mexanizmlərlə dəstəklənən müttəfiqliyə çevrilib.
2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da bu prosesin mühüm institusional dayaqlarından biridir. Belə bir mexanizmin yaradılması iki ölkənin münasibətlərə strateji yanaşmasının göstəricisidir. Şura vasitəsilə uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi mümkün olur.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla tamamlanmasıdır. İqtisadi münasibətlərin sürətli inkişafı iki ölkənin bir-birini yalnız siyasi müttəfiq kimi deyil, həm də ciddi iqtisadi tərəfdaş kimi qəbul etdiyini göstərir.
2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması bu baxımdan diqqətəlayiq göstəricidir. 2026-cı ilin yanvar-may aylarında da artımın davam etməsi iqtisadi əlaqələrin təsadüfi xarakter daşımadığını, strukturlaşan və genişlənən proses olduğunu göstərir.
İqtisadi əməkdaşlığın daha mühüm istiqamətlərindən biri investisiya sahəsidir. 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkənin kapital imkanlarını bir araya gətirən mühüm mexanizmə çevrilib. Bu şirkətin fəaliyyəti həm Azərbaycanda, həm də Özbəkistanda perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnvestisiya əməkdaşlığı iqtisadi münasibətlərin ən yüksək inkişaf mərhələlərindən biri hesab edilə bilər. Çünki burada söhbət yalnız mal və xidmətlərin alınıb-satılmasından deyil, uzunmüddətli kapital qoyuluşlarından, istehsalın yaradılmasından, yeni iş yerlərinin açılmasından və iqtisadi dəyər zəncirlərinin formalaşdırılmasından gedir.
Azərbaycanın Özbəkistanda, Özbəkistanın isə Azərbaycanda həyata keçirdiyi layihələr də qarşılıqlı iqtisadi etimadın göstəricisidir. Daşkənddə "The Ritz-Carlton" brendi altında hotel və yaşayış kompleksinin yaradılması, "Sea Breeze Uzbekistan" layihəsi Azərbaycanın özəl sektorunun Özbəkistan bazarına marağını nümayiş etdirir. Eyni zamanda Özbəkistan şirkətlərinin Azərbaycandakı fəaliyyəti də iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir.
Bu prosesdə sənaye kooperasiyası xüsusi əhəmiyyət kəsb edir. "Chevrolet" və "Isuzu" markalı avtomobillərin Azərbaycanda istehsalı yalnız konkret məhsul istehsalı deyil, eyni zamanda iki ölkənin sənaye imkanlarının birləşdirilməsi modelidir. İstehsal göstəricilərinin artması belə layihələrin iqtisadi potensialını nümayiş etdirir.
Energetika sahəsində əməkdaşlıq da Azərbaycan-Özbəkistan münasibətlərinin strateji xarakterini göstərən əsas istiqamətlərdəndir. Neft-qaz sektorunda uzun illər ərzində həyata keçirilən birgə fəaliyyət iki ölkənin enerji şirkətləri arasında peşəkar və institusional əlaqələrin formalaşmasına imkan verib.
Lakin münasibətlərin gələcəyi yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Bərpaolunan enerji və yaşıl enerji sahəsində əməkdaşlıq yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən "Yaşıl Dəhliz Birliyi"nin yaradılması bunun mühüm nümunəsidir.
Bu təşəbbüs Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılması perspektivini gücləndirir. Xəzər dənizinin dibi ilə enerji ötürülməsi imkanları isə Azərbaycanı enerji istehsalçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerjinin tranzit ölkəsinə çevrilmək baxımından da ön plana çıxarır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da eyni dərəcədə strateji əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada yerləşməklə Şərqlə Qərb arasında mühüm coğrafi mövqeyə malikdir. Bu iki coğrafi üstünlüyün birləşdirilməsi Orta Dəhlizin potensialının artırılması baxımından böyük imkanlar yaradır.
2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının artması, 2026-cı ildə də bu dinamikanın davam etməsi göstərir ki, nəqliyyat əlaqələri artıq real iqtisadi nəticələr doğurur. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası isə gələcəkdə Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş regional nəqliyyat sisteminə çevrilməsi üçün mühüm perspektiv yaradır.
Azərbaycan-Özbəkistan münasibətlərinin başqa bir mühüm sütunu humanitar əməkdaşlıqdır. İki ölkənin siyasi və iqtisadi yaxınlaşmasının xalqlar arasında münasibətlərə də sirayət etməsi xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət günlərinin keçirilməsi, incəsənət tədbirləri, elmi konfranslar, təhsil proqramları və media forumları xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.
2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin miqyasını göstərir. Xivədə keçirilən "Şuşa Günləri" isə Azərbaycan mədəniyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı yaddaşının beynəlxalq səviyyədə təbliği baxımından mühüm hadisədir.
Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin yaradılması isə iki ölkə arasında humanitar qardaşlığın ən təsirli nümunələrindən biridir. Bu layihə yalnız təhsil müəssisəsinin tikilməsi ilə məhdudlaşmır. O, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mənəvi və praktiki dəstəyin simvoludur.
Təhsil sahəsində tələbə mübadiləsinin genişlənməsi də gələcəyə qoyulan sərmayədir. Çünki bu gün Azərbaycan və Özbəkistan universitetlərində təhsil alan gənclər sabah iki ölkənin elmi, siyasi, iqtisadi və mədəni əlaqələrinin yeni daşıyıcılarına çevrilə bilərlər.
Media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq da münasibətlərin çoxşaxəliliyini göstərir. Azərbaycan-Özbəkistan Media Forumlarının keçirilməsi, QHT əməkdaşlığı forumları və ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi diplomatik əlaqələrin cəmiyyətlərarası səviyyəyə keçdiyini nümayiş etdirir.
Bu münasibətlərin mühüm göstəricilərindən biri də regionlararası əməkdaşlıqdır. Bakı ilə Daşkənd, İsmayıllı ilə Riştan, Şuşa ilə Xivə, Lənkəranla Buxara, Şəki ilə Kokənd, Füzuli ilə Gülüstan və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması dövlətlərarası əlaqələrin yerli səviyyədə də möhkəmlənməsinə imkan verir.
Azərbaycan-Özbəkistan münasibətləri eyni zamanda Türk dünyasının inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvlərindəndir və təşkilatın gücləndirilməsində maraqlıdır. TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin ümumi strateji baxışlarının mühüm hissəsidir.
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də bu baxımdan mühüm hadisədir. Bu addım Türk dünyasının ümumi tarixi və mədəni irsinin qorunması istiqamətində yeni imkanlar açır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı isə Azərbaycan-Özbəkistan tərəfdaşlığının daha geniş regional kontekstdə əhəmiyyətini artırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakı "C5" formatının faktiki olaraq "C6" formatına çevrilməsinə gətirib çıxarıb. Bununla Azərbaycan və Mərkəzi Asiya arasında münasibətlər yeni institusional məzmun qazanıb.
Beləliklə, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafını yalnız iki ölkə arasındakı ikitərəfli əlaqələrin uğuru kimi qiymətləndirmək düzgün olmazdı. Bu münasibətlər daha geniş geosiyasi və geoiqtisadi proseslərin mühüm hissəsidir.
Azərbaycan və Özbəkistanın bir-birinə yaxınlaşması Türk dünyasının siyasi və iqtisadi çəkisinin artmasına, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə, Avrasiya nəqliyyat dəhlizlərinin inkişafına və yeni enerji marşrutlarının formalaşmasına ciddi töhfə verə bilər.
Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər də göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq sadəcə "qardaş ölkələr arasında dostluq" ifadəsi ilə məhdudlaşmır. Burada strateji maraqların uzlaşdırılması, iqtisadi potensialların birləşdirilməsi, siyasi mövqelərin qarşılıqlı dəstəklənməsi və xalqların daha da yaxınlaşdırılması kimi kompleks proseslər gedir.
Bu münasibətlərin əsas üstünlüyü isə onların həm siyasi iradəyə, həm də xalqların təbii yaxınlığına əsaslanmasıdır. Məhz bu səbəbdən Azərbaycan-Özbəkistan müttəfiqliyinin qarşıdakı illərdə daha da dərinləşməsi üçün möhkəm zəmin mövcuddur.
Şahin Seyidzadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Yeni orqan kəşf edildi
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?