Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlər üçün həm əlavə yerlər, həm də daha münasib tariflər təqdim edir.
Yeni reyslərin istifadəyə verilməsi sərnişinlərə daha münasib qiymətlərlə səyahət etmək imkanı yaradacaq. Belə ki, əlavə reyslərdə standart sinif, yəni əvvəlki plaskart vaqonlar üzrə biletlərin qiyməti 36 manatdan başlayır. Yeni aşağıbüdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha aşağı qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən Tbilisiyə isə 36 manat təşkil edir.
Bəs yeni reyslərin istifadəyə verilməsi sərnişin sıxlığının azalmasına nə dərəcədə təsir edəcək? Daha münasib tariflərin tətbiqi tələbatı artıracaqmı? Ümumilikdə, qarşıdakı dövrdə bu istiqamətdə sərnişin axını ilə bağlı hansı proqnozlar var?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"80 minə yaxın sərnişin daşınıb"
ADY-dən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı (BTB) marşrutu üzrə sərnişin tələbatı yüksək olaraq qalır:
"Hazırda da qatarlar 100 faiz dolu hərəkət edir. İndiyədək BTB marşrutu üzrə 80 minə yaxın sərnişin daşınıb. 2026-cı il noyabrın 1-dən etibarən BTB marşrutu üzrə gündəlik reyslərin sayı 2-dən 4-ə artırılacaq və nəticədə sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Sərnişin yerlərinin gündəlik 50 faizə yaxın artırılacağını nəzərə alsaq, bu, tələbatın qarşılanmasına ciddi təsir göstərəcək".
"Biletlərin 90 faizi onlayn alınır"
Qurumdan verilən məlumata görə, hazırda bilet satışı aktiv şəkildə davam edir. Biletlərin təqribən 90 faizi ADY-nin saytı və "ADY Mobile" tətbiqi vasitəsilə onlayn şəkildə alınır:
"Mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının ölkəmizi quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonların qoşulması mərhələli şəkildə həyata keçirilib. Belə ki, iyulun 10-dan qatarların tərkibinə əlavə üç ədəd vaqon qoşulub. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılıb və bir reys üzrə sərnişin yeri 178-dən 60 faiz artaraq 282-yə çatdırılıb. Növbəti mərhələdə isə bir qatarda vaqonların sayı 13-ə çatdırılmaqla sərnişin tutumu 386 yerədək və ya 120 faiz artırılıb. Tələbatın yüksək olduğunu nəzərə alaraq, noyabrın 1-dən etibarən BTB marşrutu üzrə gündəlik reys sayı 2-dən 4-ə, sərnişin yerlərinin sayı isə 564-ə çatdırılacaq".
Reyslərin sayı yenə artırıla bilərmi?
Tələbatın qarşılanmaması halında yeni reyslərin istifadəyə verilib-verilməyəcəyinə gəlincə, ADY-dən bildirilib ki, sözügedən marşrut üzrə qatarlara əlavə vaqonların qoşulması və ya əlavə reyslərin istifadəyə verilməsi birtərəfli, yəni yalnız ADY tərəfindən həyata keçirilən əməliyyat deyil. Gürcüstan Dəmir Yolları da bu əməliyyata hazır olmalı, birgə zəruri hazırlıq, texniki və təşkilati işlər başa çatdırılmalıdır.
Biletlərin nə qədər müddət əvvəldən satışa çıxarıldığı ilə bağlı ADY-dən bildirilib ki, hazırda noyabrın 5-dək, yəni 30 günlük dövr üçün biletlər satışdadır. Qurumun məlumatına görə, Gürcüstandan Azərbaycana isə noyabrın 2-dək olan reyslər üzrə bütün biletlər artıq alınıb.
"Bu, sərnişinlərin işini rahatlaşdıracaq"
Nəqliyyat eksperti Eldəniz Cəfərov BTB marşrutu üzrə qatar reyslərinin artırılmasının bu istiqamətdə sərnişin tələbatının əhəmiyyətli dərəcədə yüksəldiyini göstərdiyini bildirib. Onun sözlərinə görə, sərnişin tələbatının artmasına bir neçə amil təsir edir:
"Bunların sırasında turizm imkanlarının genişlənməsi, işgüzar səfərlərin çoxalması və digər istiqamətlərdə gediş-gəlişin fəallaşması xüsusi yer tutur. Bu marşrut üzrə reyslərin sayının artırılması sərnişinlər üçün əlavə rahatlıq yaradacaq. Bu, həm bilet tapmaq imkanlarını genişləndirəcək, həm də Bakı və Tbilisi istiqamətində səyahət edən sərnişinlər üçün səfər vaxtını seçmək baxımından daha geniş imkan yaradacaq".
"Qatarla səyahət əlçatan və rahat seçimə çevrilə bilər"
E.Cəfərov hesab edir ki, əlavə reyslərin istifadəyə verilməsi yalnız hazırkı sərnişin tələbatının qarşılanmasına deyil, eyni zamanda, yeni sərnişin axınının dəmir yolu nəqliyyatına cəlb olunmasına da imkan verə bilər. Beləliklə, daha çox insan üçün Bakı ilə Tbilisi arasında qatarla səyahət əlçatan və rahat seçimə çevrilə bilər.
E.Cəfərov rahatlıq, yüksək təhlükəsizlik və komfortlu səfər şəraitini xüsusi vurğulayıb. Ekspertin fikrincə, sərnişinlərin səfər zamanı rahatlığı və təhlükəsizliyi ilə yanaşı, marşrut üzrə reyslərin sayının artırılması da dəmir yolu nəqliyyatının cəlbediciliyini yüksəldir:
"BTB marşrutuna olan tələbatın mövsümdən asılı olmayaraq artmaqda davam edəcəyi gözlənilir. Sərnişin axınının artması davam edərsə, gələcəkdə bu istiqamətdə reyslərin sayının daha da artırılması məsələsi gündəmə gələ bilər".
Yeni reys nə vaxt yola düşəcək?
Məlumat üçün bildirək ki, Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77.5 manat, Gəncədən isə 56.8 manat idi. Əlavə reyslərə bilet satışına oktyabrın 2-dən başlanılıb. Yeni qrafikə əsasən, hazırda istismarda olan BTB qatarı paytaxtdan saat 23:00-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.
Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
Makron istefa verdi