"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA
"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş, hətta Hüda-Par kimi siyasi partiya vasitəsilə Türkiyə Respublikasının parlamentində təmsil oluna bilən İrandilli qüvvələr var. Bu qüvvələr dini əsaslara söykənirlər və açıq məsələdir ki, Türkiyədə İranın təsir dairəsinə daxildirlər".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
"Burada AKP-nin də ciddi məsuliyyəti var. Praktiki olaraq AKP iqtidarı siyasi İslam adı altında ideoloji xətt yürüdür. Bu xətt Türkiyə Respublikasının dünyəvilik, respublikaçılıq və Atatürk prinsiplərinə tamamilə ziddir. Atatürkün "Yurdda sülh, cahanda sülh" şüarı, eləcə də dünyəvi dövlət prinsipləri AKP tərəfindən kobud şəkildə pozulur. Bununla da kifayətlənməyərək, başqa ölkələrdə qəbul edilən qərarlara qarşı da sərt reaksiyalar nümayiş etdirilir.
Türkiyə Azərbaycanın müttəfiqi və strateji tərəfdaşıdır. Buna baxmayaraq, son addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun deyil. Düzdür, buna görə Türkiyə ilə münasibətlərimizi korlamamalıyıq. Azərbaycan-Türkiyə münasibətləri yalnız AKP ilə bağlı məsələ deyil. AKP-dən əvvəl də ölkələrimiz arasında münasibətlər yaxşı olub. Ancaq indiki dövrdə baş verənlər, təəssüf ki, bizi narahat edir. Xüsusilə də Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri narahatlıq doğurur.
Bu, olduqca absurd yanaşmadır. Məsələn, Fələstin məsələsi ilə bağlı Azərbaycana qarşı tənqidlər səsləndirilib. Halbuki Azərbaycan Fələstinə ən çox yardım göstərən ölkələrdən biridir. Bundan başqa, Azərbaycan Fələstin-İsrail münaqişəsində Fələstinin mövqeyini müdafiə edir. Bu, İsrailin bizim strateji tərəfdaşımız olmasına baxmayaraq, Azərbaycanın sərgilədiyi mövqedir. Belə bir şəraitdə Azərbaycana qarşı irəli sürülən ittihamlar absurddan başqa bir şey deyil və boş populizm təsiri bağışlayır.
Azərbaycanın Fələstində daimi nümayəndəliyi var, Fələstinin səfiri Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz Fələstinin müstəqilliyini tanıyıb. Cənab Prezident dəfələrlə BMT tribunasından və digər platformalardan Azərbaycanın mövqeyini ifadə edərək Fələstini dəstəkləyib. Maraqlıdır ki, İsrail bu mövqeyə görə Azərbaycanla münasibətlərini korlamayıb. Ancaq Türkiyəyə qarşı heç bir addım atmadığımız halda, Türkiyədən Azərbaycana qarşı açıq tənqidlər səsləndirilir. Hətta xatırlayıram ki, bu məsələ ilə bağlı Türkiyədə aksiyalar da keçirilmişdi.
İndi isə Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı hicab qadağası kimi təqdim olunur və Azərbaycanda hicabın qadağan edildiyi barədə yanlış təsəvvür yaradılır. Halbuki bu qaydalar yalnız məktəblərdə müəllimlərə və şagirdlərə şamil olunur. Digər dövlət və özəl müəssisələrdə belə bir qadağa yoxdur.
Üstəlik, Türkiyədə keçirilən aksiyalarda səsləndirilən şüarlardan biri də Azərbaycandakı yəhudi təmayüllü məktəblərdə kipa və digər yəhudi dini atributlarından istifadəyə icazə verilməsi ilə bağlı idi. Nazirlər Kabinetinin son qərarından sonra bu atributların istifadəsinə də artıq icazə verilmədiyini göstərən konkret görüntülər və şahid ifadələri mövcuddur.
Ümumilikdə, Türkiyə dedikdə burada əslində bütün Türkiyəni deyil, AKP-ni nəzərdə tuturam. Təəssüf ki, bu yanaşma müttəfiqlik münasibətlərinə tamamilə ziddir. Azərbaycan müstəqil və suveren dövlətdir. Türkiyə ilə qardaş olmağımız o demək deyil ki, Türkiyə Azərbaycanın daxili işlərinə müdaxilə edə bilər. Xarici siyasətdə və strateji maraqlarımızla bağlı məsələlərdə ortaq mövqe sərgiləyə bilərik, lakin bu, daxili işlərimizə müdaxilə hüququ yaratmır.
Məsələnin ən tragikomik tərəflərindən biri də odur ki, Türkiyənin müəyyən mənada təsir dairəsində olan Şimali Kipr Türk Cümhuriyyətində belə məktəblərdə hicab taxılması qadağandır. Digər türk respublikalarında da buna bənzər qadağalar mövcuddur. İndi isə Azərbaycanda vahid məktəbli formasının tətbiqi və məktəblərdə dünyəvilik prinsipinin qorunması ilə bağlı qərar Türkiyədə müəyyən dairələri narahat edir. Biz adətən bu tip hücumları İrandan gözləyirdik, amma təəssüf ki, indi Türkiyədə də bununla qarşılaşırıq.
Bir daha qeyd edirəm ki, bu vəziyyət, ilk növbədə, İran təsirinin Türkiyədə hansı səviyyəyə çatdığını göstərir. İkinci tərəfdən isə AKP iqtidarı daxili siyasətdə öz nüfuzunu qorumaq üçün vətən, millət, din və İslam anlayışlarını bir araya gətirərək insanlara müəyyən ideoloji xətt təlqin edir və cəmiyyəti manipulyasiya etməyə çalışır. Təəssüf ki, Türkiyə cəmiyyətində dini və vətənpərvərlik hisslərindən siyasi məqsədlər üçün istifadə etmək mümkün olur.
AKP iqtidarının son dövrlərdə yaydığı siyasi İslam ideologiyası Türkiyə cəmiyyətində ciddi fəsadlara yol açıb. Atatürk prinsiplərindən və dünyəvilik anlayışından uzaqlaşan bu yanaşma ordudan siyasətə, cəmiyyətin müxtəlif təbəqələrinə qədər nüfuz edib. Bunun nəticələrindən biri də Türkiyədə kürd separatizminin getdikcə artmasıdır.
AKP iqtidarının uğursuz siyasəti nəticəsində illərdir türk və kürd gənclərinin qanının tökülməsinə səbəb olmuş şəxslərin həbsdən çıxarılaraq parlamentə gətirilməsi ehtimalı belə müzakirə olunur. Bütün bunlar baş verərkən AKP-nin Azərbaycanda qəbul edilmiş bir qanunun və ya qaydanın arxasınca düşməsi açıq şəkildə onun öz uğursuz siyasətinin nəticələrini pərdələməyə çalışması kimi görünür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir