Zəngilan Şəhəri Günü: Azad torpaqlarda qurulan yeni həyat
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin, xalqımızın sarsılmaz birliyinin və Vətənə bağlılığının rəmzidir.
Zəngilan şəhərinin azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanğıcını ifadə edir. 20 Oktyabr hər bir azərbaycanlı üçün milli qürurun, tarixi ədalətin və gələcəyə inamın ifadəsidir.
Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Zəngilan tarixən Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında özünəməxsus yer tutmuşdur. Bu torpaqlarda formalaşan yaşayış məntəqələri, xalqımızın adət-ənənələri, ailə və icma münasibətləri, sənətkarlıq və təsərrüfat ənənələri bölgənin zəngin mədəni irsini təşkil edir. Zəngilanın strateji mövqeyi onun tarix boyu xüsusi əhəmiyyət daşımasına səbəb olmuşdur. Rayonun nəqliyyat-kommunikasiya imkanları, sərhədyanı yerləşməsi və təbii ehtiyatları bu ərazini Azərbaycanın regional inkişafı baxımından da mühüm məkana çevirir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin bir sıra əraziləri işğala məruz qaldı. Zəngilan rayonu da bu təcavüzün ağır nəticələrini yaşayan bölgələrdən biri oldu. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmək məcburiyyətində qaldı. İnsanlar evlərini, torpaqlarını, təsərrüfatlarını və illərlə formalaşdırdıqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. İşğal dövründə Azərbaycanın digər işğal altındakı ərazilərində olduğu kimi, Zəngilanın da yaşayış məntəqələri, infrastruktur obyektləri və mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tarixə Vətən müharibəsi kimi düşdü. Müharibə Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Ali Baş Komandan cəmab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında qazanılan nailiyyətlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru mühüm addımlar oldu. Nəhayət, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Zəngilanın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycanın cənub-qərb istiqamətində mövqelərini gücləndirdi və regionda yeni strateji imkanlar yaratdı.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Bu proqramın başlıca məqsədi doğma torpaqlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi fəallığın bərpası və müasir infrastrukturun yaradılmasıdır.
İşğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunmuşdur.
Zəngilan bu prosesin mühüm istiqamətlərindən biridir. Burada yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi, elektrik və su təchizatının qurulması, sosial obyektlərin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və müasir şəhərsalma prinsiplərinin tətbiqi istiqamətində işlər aparılır.
Zəngilanda yeni yaşayış mühitinin yaradılması müasir şəhərsalma yanaşmaları, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf prinsipləri ilə əlaqələndirilir. Məqsəd sakinlərin rahat yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən istifadə etməsi üçün əlverişli şərait formalaşdırmaqdır. Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün təhlükəsizlik, mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması, məşğulluq, səhiyyə, təhsil və kommunal xidmətlərin davamlı təminatı xüsusi əhəmiyyət daşıyır.
Zəngilan rayonunun yenidən qurulması ilə bağlı ən diqqətçəkən layihələrdən biri Ağalı kəndinin bərpasıdır. Ağalı kəndi müasir şəhərsalma və kəndsalma yanaşmalarının, rəqəmsal həllərin, ekoloji prinsiplərin və sosial infrastrukturun bir araya gətirildiyi layihə kimi tanınır. "Smart Village" - "Ağıllı kənd" yanaşması çərçivəsində yaşayış evlərinin, sosial obyektlərin, kommunal sistemlərin və kənd təsərrüfatı imkanlarının müasir tələblərə uyğun qurulmasına diqqət yetirilir.
2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndinə 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndinə 179 ailə (903 nəfər) məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Zəngilan rayonunun coğrafi mövqeyi, beynəlxalq nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yollarının inkişafı, eləcə də İran və Ermənistanla sərhəd ərazilərində həyata keçirilən layihələr rayonun gələcəkdə mühüm beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi üçün əsas yaradır. Zəngilanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin əlaqələndirilməsində mühüm rol oynaya biləcək.
Zəngilan təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün nəqliyyat mərkəzinə çevriləcək. Bu şəhərdə dəmir yolu tikintisi davam etdirilməsi, Zəngilan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Zəngəzur dəhlizi Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.
Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizi layihəsinin mühüm infrastruktur hissələrindən biridir. Layihə Azərbaycan ərazisində yeni dəmir yolu bağlantısının yaradılmasını və beynəlxalq yükdaşımalar üçün nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Suya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil
Prezident onları təltif etdi - Siyahı