Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaq üçün kifayət edib-etmədiyi sualını gündəmə gətirir.
Bəs iş dəftərləri və test topluları təhsilin keyfiyyətini artırmaq üçün nə dərəcədə vacibdir? Bu vəsaitlərin alınması məcburi olmalıdırmı, yoxsa şagirdlər mövcud dərsliklərlə də yüksək nəticə əldə edə bilərlər?
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəblərdə müəllimlərin şagirdlərə əlavə iş vərəqələri, test topluları və müxtəlif tapşırıq kitabçaları işlətməsi son illərdə valideynləri düşündürən məsələlərdən biridir. Çünki dövlət şagirdləri dərsliklərlə pulsuz təmin edir. Belə olan halda sual yaranır: əgər dərsliklər tədris proqramına uyğun hazırlanırsa, KSQ və BSQ qiymətləndirmələrinə hazırlaşmaq üçün nə üçün əlavə vəsaitlərə ehtiyac duyulur? Bu, dərsliklərin kifayət qədər əhatəli olmaması ilə bağlıdır, yoxsa əlavə tapşırıqların hazırlanması müəllimlərin işini asanlaşdırır?
Mən hesab edirəm ki, bu məsələyə birmənalı yanaşmaq düzgün deyil. Əlavə iş vərəqələrinin və test tapşırıqlarının istifadəsi özlüyündə yanlış deyil. Əksinə, düzgün hazırlandıqda onlar şagirdin mövzunu daha yaxşı mənimsəməsinə, öyrəndiklərini tətbiq etməsinə və zəif olduğu məqamları müəyyənləşdirməsinə kömək edə bilər. Ancaq burada əsas məsələ həmin materialların hansı məqsədlə və necə istifadə edilməsidir.
Dövlətin təqdim etdiyi dərsliklər əsas tədris mənbəyi olmalıdır
İlk növbədə nəzərə almaq lazımdır ki, dövlət dərslikləri şagirdin tədris proqramı üzrə bilik və bacarıqlar əldə etməsi üçün əsas mənbədir. Bu dərsliklər müvafiq fənn kurikulumunun tələbləri və məzmun standartları əsasında hazırlanır. Buna görə də şagirdin məktəbdə keçdiyi mövzuları mənimsəməsi və həmin mövzular üzrə qiymətləndirilməsi üçün əsas istiqamət dərslik və müəllimin apardığı tədris prosesi olmalıdır.
Burada vacib bir məqam var: dərslikdəki bütün sualların KSQ və BSQ-də eynilə təkrarlanması tələb olunmur. Əgər şagird yalnız dərslikdəki sualların cavablarını əzbərləyirsə, bu, onun mövzunu həqiqətən mənimsədiyini göstərməyə bilər. Müəllim eyni mövzuya aid yeni sual verə, şagirddən müqayisə aparmağı, nəticə çıxarmağı və ya öyrəndiyi qaydanı fərqli situasiyada tətbiq etməyi tələb edə bilər.
Lakin yeni sualın verilməsi ilə şagirdə dərsdə öyrədilməyən materialın soruşulması eyni şey deyil. Əgər tapşırıq dərslikdəki mövzularla və kurikulum standartları ilə əlaqəlidirsə, onun fərqli formada təqdim olunması normaldır. Yox, əgər sual şagirdin keçmədiyi əlavə mövzuya, dərsdə izah edilməmiş qaydaya və ya başqa vəsaitdə verilən xüsusi məlumata əsaslanırsa, bu zaman qiymətləndirmənin obyektivliyi sual altına düşür.
Mövcud qiymətləndirmə qaydalarına əsasən, kiçik və böyük summativ qiymətləndirmələr müvafiq sinif və fənn üzrə müəyyən edilmiş məzmun standartlarının mənimsənilməsini yoxlamaq məqsədi daşıyır. Suallar müxtəlif mürəkkəblik səviyyələrində hazırlanmalıdır. Deməli, əsas meyar sualın hansı kitabdan götürülməsi deyil, onun tədris proqramına uyğunluğu və şagirdin hansı bilik və bacarığını yoxlamasıdır.
Müəllim əlavə test toplularından nümunə kimi istifadə edə, oradakı tapşırıqları dərsin məqsədinə uyğunlaşdıra və ya öz iş vərəqələrini hazırlaya bilər. Ancaq əlavə vəsaitdəki sualın mövcud olması həmin sualın avtomatik olaraq KSQ və ya BSQ üçün uyğun olması demək deyil. Hər bir tapşırıq seçilərkən şagirdin yaş səviyyəsi, keçilən mövzular, təlim nəticələri və sualın mürəkkəbliyi nəzərə alınmalıdır.
Digər tərəfdən, müəllimin hazır test toplularından istifadə etməsi onun mütləq şəkildə işini asanlaşdırmaq və ya əlavə məqsəd güdmək istədiyini göstərmir. Bəzən müəllimlərin müxtəlif tipli tapşırıqlara ehtiyacı olur və keyfiyyətli əlavə materiallar bu baxımdan faydalıdır. Ancaq müəllim hazır sualları seçərkən onların məzmununu yoxlamalı, şagirdlərin keçdikləri mövzulara uyğunluğuna əmin olmalıdır.
Dərsliklərin məzmunu, fənn və sinif səviyyəsi nəzərə alınmaqla verilməlidir. Dərsliklər tədris proqramının əsas məzmununu əhatə etməlidir. Bununla belə, hər bir dərslikdə şagirdlərin müstəqil məşq etməsi üçün eyni sayda və eyni tipdə tapşırıq olmaya bilər. Bəzi mövzular üzrə əlavə nümunələrə, praktik çalışmalara və fərqli düşünmə bacarıqlarını yoxlayan suallara ehtiyac yarana bilər.
Bu ehtiyacın mövcud olması isə dərsliyin bütövlükdə yararsız olması demək deyil. Eyni zamanda, əlavə vəsaitlərin istifadəsi dərsliklərin keyfiyyətinin müzakirədən kənarda qalması üçün əsas yaratmamalıdır. Əgər müəllimlər müəyyən fənlər və siniflər üzrə dərsliklərdə tapşırıqların azlığını, mövzuların izahında çətinlikləri və ya qiymətləndirməyə hazırlıq üçün material çatışmazlığını mütəmadi müşahidə edirlərsə, bu məsələlər sistemli şəkildə araşdırılmalıdır.
Məncə, burada ən düzgün yanaşma dərslikləri əlavə vəsaitlərlə əvəz etmək deyil, onların keyfiyyətini və praktik tapşırıqlarla təminatını davamlı təkmilləşdirməkdir. Müəllimlər üçün metodik materialların, nümunəvi KSQ və BSQ tapşırıqlarının və elektron resursların əlçatan olması da bu baxımdan əhəmiyyətlidir.
Əlavə vəsaitlər valideynlər üçün məcburi xərcə çevrilməməlidir
Məsələnin digər mühüm tərəfi sosial bərabərlikdir. Bütün ailələrin maddi imkanları eyni deyil. Bir valideyn övladı üçün bir neçə test toplusu və iş dəftəri ala bilər, digər valideyn isə yalnız dövlətin təqdim etdiyi dərsliklə kifayətlənmək məcburiyyətində qala bilər. Əgər əlavə vəsaitdən istifadə faktiki olaraq məcburiyyətə çevrilirsə və həmin materiallara sahib olmayan şagird qiymətləndirmədə çətinlik çəkirsə, bu, təhsil imkanları arasında fərq yarada bilər.
Dövlətin dərsliklərlə təminatının əsas məqsədlərindən biri şagirdlərin təhsilə bərabər çıxışını dəstəkləməkdir. Buna görə də heç bir şagirdin əlavə kitab ala bilmədiyinə görə özünü digər şagirdlərdən geri qalırmış kimi hiss etməsi və ya qiymətləndirmədə əlverişsiz vəziyyətə düşməsi yolverilməz yanaşmadır.
Əgər müəllim müəyyən bacarığın inkişafı üçün əlavə tapşırıq hazırlayırsa, həmin tapşırığı məktəbin imkanları daxilində çap olunmuş vərəqə, elektron material və ya digər əlçatan formada təqdim edə bilər. Şagirdin zəruri tədris materialına çıxışı yalnız ailəsinin əlavə vəsait almaq imkanından asılı olmamalıdır.
Burada bir məsələni də fərqləndirmək lazımdır: valideynin əlavə vəsaiti könüllü şəkildə alması ilə həmin vəsaitin məktəbdə istifadə üçün faktiki məcburi tutulması eyni deyil. İkinci halda məktəb rəhbərliyinin və müvafiq təhsil qurumlarının məsələyə aydınlıq gətirməsi vacibdir.
Fikirimcə müəllimlər üçün daha səmərəli yanaşma belə olmalıdır. Müəllim hər KSQ və BSQ üçün hazır test kitabçalarına söykənmək əvəzinə, qiymətləndirməni tədris prosesinin məntiqi davamı kimi qurmalıdır. Bunun üçün ilk növbədə şagirdlərə hansı bilik və bacarıqların öyrədildiyi müəyyənləşdirilməli, suallar həmin nəticələri yoxlayacaq şəkildə hazırlanmalıdır.
Məsələn, şagird riyaziyyat dərsində müəyyən qaydanı öyrənibsə, qiymətləndirmədə yalnız dərslikdəki nümunənin eynisi deyil, həmin qaydanı tətbiq etməyi tələb edən yeni tapşırıq da verilə bilər. Ancaq bunun üçün şagirdin qaydanı tətbiq etməsi dərs zamanı izah olunmalı, məşq etdirilməli və mövzuya uyğun hazırlıq imkanı yaradılmalıdır.
Bundan başqa, qiymətləndirmə yalnız test suallarından ibarət olmamalıdır. Fənnin xüsusiyyətindən asılı olaraq açıq suallar, izahlı cavablar, məntiqi düşünmə, praktik tapşırıqlar və problem həlli kimi üsullardan da istifadə oluna bilər. Bu yanaşma şagirdin sadəcə düzgün cavabı seçməsini deyil, mövzunu nə dərəcədə anladığını müəyyənləşdirməyə imkan verir.
Məktəb rəhbərliyi də qiymətləndirmələrin keyfiyyətinə nəzarət etməli, müəllimlərin hazırladığı tapşırıqların proqramla uyğunluğunu nəzərdən keçirməli və metodiki dəstək göstərməlidir. Eyni zamanda, valideynlərin əlavə vəsaitlərin istifadəsi ilə bağlı sualları cavabsız qalmamalıdır.
Bunun üçün nə etmək lazımdır. Hesab edirəm ki, bu məsələnin həlli üçün üç istiqamətə diqqət yetirilməlidir. Birincisi, dərsliklərdə mövzuların mənimsənilməsinə kömək edən praktik tapşırıqların kifayət qədər olması təmin edilməlidir. İkincisi, müəllimlərin istifadəsi üçün kurikulum standartlarına uyğun, keyfiyyəti yoxlanılmış və ödənişsiz nümunəvi qiymətləndirmə materialları genişləndirilməlidir. Üçüncüsü, məktəblərdə əlavə vəsaitlərin istifadəsi ilə bağlı vahid və aydın yanaşma formalaşdırılmalı, şagirdin qiymətləndirilməsi ailənin maddi imkanlarından asılı vəziyyətə düşməməlidir.
Nəticə etibarilə, əlavə iş vərəqələrinin və test toplularının mövcudluğu deyil, onların hansı məqsədlə istifadə edilməsi əsas məsələdir. Əlavə material şagirdin biliyini möhkəmləndirirsə, mövzuya uyğundursa və bütün şagirdlər üçün əlçatandırsa, faydalı vasitə ola bilər. Ancaq şagirdə keçmədiyi mövzuların soruşulması, əlavə kitab almağın faktiki məcburiyyətə çevrilməsi və ya qiymətləndirmənin hazır test toplularından asılı olması tədrisin məqsədlərinə xidmət etmir.
Məktəbin əsas vəzifəsi şagirdi əlavə kitab almağa məcbur etmək deyil, ona öyrənmək və öyrəndiklərini nümayiş etdirmək üçün bərabər imkan yaratmaqdır. Dövlət dərslikləri bu prosesin əsasını təşkil etməli, əlavə vəsaitlər isə yalnız zəruri və məqsədəuyğun olduqda köməkçi rol oynamalıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Vətəndaş ABB-dən narazıdır