Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMABəzən vətəndaşlar özlərinə məxsus olmayan torpaq sahəsində ev tikir, yaxud torpaq sahibinin razılığı ilə inşa etdikləri tikilinin sonradan hüquqi taleyi ilə bağlı problemlərlə üzləşirlər. Belə hallarda torpaq mülkiyyətçisinin həmin ev üzərində hər hansı hüququnun olub-olmaması, tikilinin sökülüb-sökülə bilməyəcəyi və evə mülkiyyət hüququnun tanınıb-tanınmayacağı mübahisə predmetinə çevrilir. Xüsusilə torpaq sahibinin tikintiyə sonradan etiraz etməsi tərəflər arasında ciddi hüquqi problemlər yarada bilər.

Bəs başqasına məxsus torpaqda inşa edilən evin hüquqi taleyi necə müəyyən olunur? Torpaq sahibi həmin evin sökülməsini tələb edə bilərmi, yoxsa tikilini inşa edən şəxsin də müəyyən hüquqları var?
Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, daşınmaz əmlakla bağlı mübahisələrin ən mürəkkəb istiqamətlərindən biri bir şəxsin mülkiyyətində olan torpaq sahəsində digər şəxs tərəfindən yaşayış evinin və ya başqa tikilinin inşa edilməsidir. Belə hallar bəzən torpaq sahibinin razılığı ilə, bəzən şifahi razılaşma, ailədaxili münasibətlər və ya uzunmüddətli istifadə əsasında, bəzi hallarda isə ümumiyyətlə heç bir hüquqi əsas olmadan baş verir. Problemin mürəkkəbliyi ondadır ki, tikintiyə külli miqdarda vəsait qoyan şəxs özünü evin sahibi hesab etdiyi halda, torpağın mülkiyyətçisi həmin tikintinin onun mülkiyyət hüququnu pozduğunu iddia edə bilər. Nəticədə bir tərəfdə torpaq üzərində mülkiyyət hüququ, digər tərəfdə isə tikintiyə çəkilmiş xərclər, yaşayış maraqları və mümkün əmlak tələbləri qarşı-qarşıya gəlir.

Burada əsas hüquqi prinsip belədir: torpaq sahəsinə mülkiyyət hüququ ilə həmin torpaq üzərində inşa edilmiş tikiliyə dair hüquqi status eyni məsələ deyil. Evin tikilməsi, orada uzun müddət yaşanılması və tikintiyə böyük məbləğdə vəsait xərclənməsi avtomatik olaraq həmin ev üzərində mülkiyyət hüququ yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi özbaşına tikintinin hüquqi rejimini müəyyən edir. Həmin maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları ciddi şəkildə pozulmaqla inşa edilən tikili özbaşına tikinti hesab olunur.

Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparan şəxs həmin tikiliyə mülkiyyət hüququ əldə etmir və onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlərlə özgəninkiləşdirmək hüququna malik olmur.

Burada vacib məqam ondan ibarətdir ki, tikintiyə sərf olunan vəsaitin miqdarı öz-özlüyündə mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas deyil.

Məsələn, şəxs başqa bir vətəndaşın torpaq sahəsində onun hüquqi razılığı və müvafiq tikinti əsasları olmadan yaşayış evi inşa edibsə, sonradan həmin evdə 10-15 il yaşaması avtomatik olaraq torpaq sahəsinin və ya evin mülkiyyətçisinə çevrilməsi demək deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsi torpaq mülkiyyətçisinə öz torpaq sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək hüququ tanıyır.

Deməli, torpaq sahibinin razılığı ilə başqa şəxsin həmin sahədə tikinti aparması prinsip etibarilə mümkündür. Lakin razılığın olması bütün hüquqi prosedurların əvəz edilməsi demək deyil.

Burada üç əsas məsələ araşdırılmalıdır:

Torpaq sahibinin tikintiyə razılığı olubmu və bu razılıq hansı formada ifadə edilib?
Tikinti aparan şəxsin torpaqdan istifadə hüququ hansı müqaviləyə və ya digər hüquqi əsasa söykənir?
Tikintinin aparılması üçün tələb olunan şəhərsalma və tikinti prosedurlarına əməl edilibmi?
Əgər torpaq sahibi başqa şəxsə torpaqdan istifadə və tikinti aparmaq hüququ veribsə, bu münasibətlərin hüquqi çərçivəsi müqavilə ilə müəyyən edilməlidir. İcarə, istifadə hüququ və digər qanuni mexanizmlərin hüquqi nəticələri bir-birindən fərqlənir.

Xüsusilə qeyd etmək lazımdır ki, şifahi razılıq faktiki münasibətlərin mövcudluğunu sübut edən hallardan biri ola bilər, lakin daşınmaz əmlakla bağlı hüquqların rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələb etdiyi forma və dövlət qeydiyyatı tələbləri nəzərə alınmalıdır. Mülki Məcəllənin 180.4-cü maddəsi özbaşına tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı şəxsin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülməsini nəzərdə tutur.

Ancaq bu normanı belə şərh etmək olmaz ki, torpaq sahibi istənilən vaxt özbaşına hərəkət edərək evi dağıda bilər.

Söküntü məsələsi qanuni prosedur, səlahiyyətli orqanın qərarı və konkret hüquqi əsaslar çərçivəsində həll edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsi və tikinti obyektlərinin sökülməsi qaydaları da bu sahədə tətbiq olunur.

Burada mühüm hüquqi prinsip ondan ibarətdir ki, mülkiyyət hüququnun müdafiəsi qanuni prosedurların pozulmasına haqq qazandırmır.

Torpaq sahibi hüququnu məhkəmə və qanunla müəyyən edilmiş digər mexanizmlər vasitəsilə müdafiə etməlidir. Tikili sahibi isə öz növbəsində torpaqdan istifadə hüququnu, tikintiyə verilmiş razılığı və çəkdiyi xərclərin hüquqi əsasını sübut etməlidir. Məsələn, torpaq sahibi müəyyən müddətə torpaq sahəsini başqa şəxsin istifadəsinə veribsə, istifadəçi də həmin hüquqi əsas çərçivəsində tikinti aparıbsa, torpaq sahibinin sonradan birtərəfli şəkildə razılıqdan imtina etməsi avtomatik olaraq tikilinin dərhal sökülməsi nəticəsini yaratmır.

Digər tərəfdən, torpaq sahibinin razılığı da tikinti aparan şəxsə qeyri-məhdud və müddətsiz hüquq vermir. Müqavilənin şərtləri, qanuni məhdudiyyətlər və torpaqdan istifadənin təyinatı əsas götürülməlidir.

Belə mübahisələrdə məhkəmə tərəflərin ilkin razılaşmasını, faktiki davranışlarını, ödənişləri, yazışmaları, tikintiyə çəkilmiş xərcləri və digər sübutları birlikdə qiymətləndirməlidir. Əgər şəxs tikintini qanuni əsaslarla, torpaq sahibinin razılığı və ya müqavilədən irəli gələn hüquqlar çərçivəsində aparıbsa, sonradan həmin hüquqların pozulması nəticəsində ona zərər dəyərsə, müvafiq hüquqi əsaslar olduqda zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Lakin şəxs torpaq sahəsini qanunsuz zəbt edib və orada özbaşına tikinti aparıbsa, tikintiyə çəkdiyi xərclərin avtomatik kompensasiya olunacağını söyləmək olmaz.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli, "Poleks" MMC-nin şikayəti üzrə qəbul etdiyi qərar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 157.8 və 158.4-cü maddələrinin tətbiqini izah edərək göstərib ki, mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqları ola bilər və qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqları müdafiə olunmalıdır.

Eyni zamanda, məhkəmə konkret tikiliyə dair sahibliyin qanuni olub-olmadığının və həmin şəxsə hansı əmlak hüquqlarının mənsub olduğunun araşdırılmasını zəruri hesab edib.

Bu qərarın mühüm nəticəsi ondan ibarətdir ki, hər bir tikinti mübahisəsində kompensasiya məsələsi tikilinin faktiki mövcudluğu ilə deyil, şəxsin hüquqi statusu və əmlak hüquqlarının mövcudluğu ilə əlaqələndirilməlidir.

Başqa sözlə, tikintiyə vəsait xərcləmək avtomatik kompensasiya hüququ yaratmır. Ancaq qanuni sahiblikdən və müqavilə münasibətlərindən irəli gələn əmlak hüquqlarının pozulması da hüquqi nəticəsiz qala bilməz. Şəxs torpaq sahibinin razılığı ilə ev tikdiyini iddia edirsə, bu razılığın mövcudluğunu və hüquqi nəticələrini təsdiqləyən sübutlar təqdim etməlidir.

Belə sübutlara aşağıdakılar aid ola bilər:

Notarial qaydada təsdiqlənmiş müqavilə və ya razılaşmalar;

İcarə və istifadə müqavilələri;

Torpaq sahibinin yazılı razılığı;

Tikinti ilə bağlı tərəflər arasında aparılmış yazışmalar;

Bank köçürmələri və digər ödəniş sənədləri;

Tikintiyə aid qəbzlər, müqavilələr və maliyyə sənədləri;

Tikintinin aparılmasına torpaq sahibinin razılığını təsdiqləyə bilən digər qanuni sübutlar.

Lakin bir məqamı xüsusilə vurğulamaq lazımdır: tikintiyə xərclənən pulun sənədlə təsdiqlənməsi torpaqdan istifadə hüququnun mövcudluğunu öz-özlüyündə sübut etmir.

Eyni qaydada, torpaq sahibinin tikintidən xəbərdar olması da hər zaman tikintiyə hüquqi razılıq verilməsi kimi qiymətləndirilə bilməz.

Məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini və işin bütün hallarını nəzərə alaraq qiymətləndirməlidir. Torpaq sahibinin mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda, digər şəxsin həmin əmlaka qanuni əsaslarla sahiblik etməsi və ya müqavilə münasibətlərindən irəli gələn əmlak hüquqlarına malik olması mümkündür.

Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarında da bu məsələ ilə bağlı mühüm hüquqi mövqe ifadə olunub: mülkiyyətçi olmayan, lakin qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqları da müdafiə oluna bilər.

Bu baxımdan məhkəmə aşağıdakı məsələləri araşdırmalıdır:

Torpaq sahəsinin hüquqi statusu və mülkiyyətçisi kimdir?

Tikinti aparan şəxsin həmin torpaqdan istifadə hüququ hansı əsasdan yaranıb?

Tikinti üçün müvafiq razılıq və icazələr mövcud olubmu?

Tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və ictimai maraqları pozurmu?

Tikilinin texniki vəziyyəti insanların həyatı və sağlamlığı üçün təhlükə yaradırmı?

Tərəflərin davranışları və müqavilə öhdəlikləri necə olub? Mülki Məcəllənin 178.6-cı maddəsində müəyyən şərtlərlə 30 il fasiləsiz və etirazsız sahiblik əsasında daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi mexanizmi nəzərdə tutulur. Lakin bu norma hər hansı şəxsin başqasının torpağında ev tikərək 30 il yaşadıqdan sonra avtomatik mülkiyyətçi olması kimi başa düşülməməlidir.

Həmin normanın tətbiqi üçün qanunda göstərilən bütün şərtlər, o cümlədən faktiki sahiblik, hüquqi status və qeydiyyat proseduru araşdırılmalıdır.

Üstəlik, mülkiyyətçinin hüquqları və müqavilədən irəli gələn sahiblik hüquqları nəzərə alınmadan əldə etmə müddətinə istinad etmək olmaz. Miras məsələsində də eyni prinsip keçərlidir: vərəsəlik qaydasında yalnız miras qoyana məxsus olmuş və ya qanunla miras predmeti kimi keçə bilən hüquq və əmlaklar əldə oluna bilər. Başqasının torpağında inşa edilmiş özbaşına tikiliyə dair mülkiyyət hüququnun mövcudluğu əvvəlcədən sübut edilmədən həmin tikilinin adi qaydada miras əmlakı kimi təqdim edilməsi düzgün deyil. Torpaq sahibi torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri, tikintinin qanunsuz aparıldığını göstərən halları və pozulmuş hüquqlarını sübut edən materialları toplamalıdır.

Tikinti aparmış şəxs isə torpaqdan istifadə hüququnun əsasını, torpaq sahibinin razılığını, tikinti ilə bağlı sənədləri, ödənişləri və mümkün əmlak hüquqlarını təsdiq edən sübutları təqdim etməlidir.

Bundan sonra mübahisənin xarakterindən asılı olaraq mülki və ya inzibati hüquqi müdafiə mexanizmlərindən istifadə olunmalıdır.

Əgər məsələ tikilinin özbaşına tikinti hesab edilməsi və sökülməsi ilə bağlıdırsa, müvafiq şəhərsalma və tikinti normaları, səlahiyyətli orqanların qərarları və məhkəmə prosedurları nəzərə alınmalıdır.

Ən vacib tövsiyə isə budur: başqasının torpağında ev tikməzdən əvvəl torpaq sahəsinin hüquqi statusu, tikintiyə icazə imkanları və istifadə hüququ mütləq yoxlanılmalı, tərəflərin münasibətləri yazılı şəkildə rəsmiləşdirilməlidir. Azərbaycan qanunvericiliyi bir tərəfdən torpaq mülkiyyətçisinin hüquqlarını qoruyur, digər tərəfdən isə qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqlarını müdafiə edir. Bu iki prinsipin tarazlaşdırılması hər bir konkret iş üzrə sübutların və hüquqi münasibətlərin araşdırılmasını tələb edir.

Məsələyə birtərəfli yanaşmaq olmaz. Nə torpaq sahibinin mülkiyyət hüququ tikinti aparan şəxsin bütün mümkün qanuni tələblərini avtomatik aradan qaldırır, nə də tikintiyə sərf edilmiş böyük məbləğdə vəsait torpaq sahibinin hüquqlarını qüvvədən salır.

Ən doğru hüquqi yanaşma budur: torpaq üzərində hüquq, tikintiyə verilmiş razılıq, tikilinin qanuniliyi və kompensasiya məsələsi ayrı-ayrılıqda deyil, vahid hüquqi münasibətlər sistemi daxilində qiymətləndirilməlidir.

Bu cür yanaşma həm mülkiyyət hüququnun müdafiəsinə, həm də qanuni əsaslarla yaranmış əmlak maraqlarının qorunmasına xidmət edir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 194   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021