Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"

Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"Qadın güləşi üzrə millimizin sabiq üzvü İrina Netreba da hazırda müharibənin getdiyi Ukraynadadır. Dünya və Avropa çempionatının mükafatçısı olmuş 30 yaşlı idmançı Oxu.Az-a müsahibəsində həm Ukraynadakı durum, həm də güləş karyerası ilə bağlı danışıb.

– Lvovda doğulduğunuzu bilirik. Hazırda nisbətən təhlükəsiz olduğu üçün Lvov şəhərində olarsınız...

– Bəli, indi Lvovdayıq. Ancaq müharibədən öncə Mariupolda idik. Mənim kimi güləşçi olan həyat yoldaşımla Kiyev vilayətindəki Buça şəhərinə köçdük. Biz orada olanda heç təsəvvürümüzə gəlmirdi ki, belə hadisələr olacaq. Elə bilirdik ki, səkkiz il əvvəl olanlar təkrarlanacaq. Kiyevdə müharibə olacağı ağlımıza da gəlmirdi. Müharibə Mariupolda başladı. Ərim anasını fevralın 24-də yanımıza gətirdi. Martın 13-dək Kiyev vilayətində qaldıq. Bütün əlaqələrimiz – internet, işıq kəsildi, heç nə yox idi. Dayanmadan atəş açırdılar, şəhərdə qırıcılar, helikopterlər uçurdu, küçələr tanklarla doluydu. Necə danışacağımı da bilmirəm. Yaşadıqlarım yadıma düşəndə... Dəhşətli idi...

– Əzizləriniz salamatdırlar?

– Bizimlə olanlar salamatdırlar, həyat yoldaşım, onun anası ilə qardaşı oğlu.

– Lvova necə gəldiniz?
– Bizə dedilər ki, "yaşıl dəhliz"lər olacaq. Buradakılar da soruşurdular ki, niyə çoxdan Buçadan çıxmırdıq. Biz sadəcə çıxa bilmirdik, çünki həmin o "yaşıl dəhliz"ləri atəşə tuturdular. Birtəhər öz avtomobilimizlə, Allaha şükür ki, çıxa bildik! Avtobusa minmək də real deyildi. Biz çıxan vaxtda da döyüşlər gedirdi. Rusiya döyüşləri dayandırmamışdı. Xeyli blok-post keçməli olduq. Sonra qarşımızı rus tankları ilə ZTR-lər kəsdilər. Dedilər ki, avtomobili yoldan kənara çəkməsək, hamımızı güllələyəcəklər. Birtəhər əsas yoldan çıxıb başqa yola keçdik və Lvova gəlib çatdıq. Dəhşətli idi...

– Hazırda Lvovda bomba sığınacağında gizlənmək lazım gəlir?

– Günün əksər vaxtı evdə oluruq. Ancaq gün ərzində üç-dörd dəfə hava hücumundan xəbərdar edən sirenalar səslənir, həmin vaxt mütləq zirzəmiyə düşmək lazımdır. Burada yaxınlıqda tank zavodu var və ona görə də atəş altına düşməyimiz realdır. Pisi də odur ki, Mariupolla əlaqə yarada bilmirik. Şəhər, demək olar ki, yoxdur, onun 95 faizini məhv ediblər. Qaynımgil oradadırlar, uşaq isə bizimlədir. Ərimin Mariupoldakı bacısından da xəbər yoxdur. Biz həmin şəhərə yoldaşımın işinə görə getmişdik. Oradakı evlərimizi yerlə yeksan ediblər.

– Bu halda, yəqin ki, məşq etmək imkanınız da yoxdur.
– Mən çox istəyirdim. Güləşin fanatıyam. Ancaq düzünü deyim ki, məşqçilərlə çəki kateqoriyalarında "razılığa" gələ bilmədik. Mən 63 kq-dan yuxarı çəki dərəcəsindəyəm. Məni fərqli kateqoriyalara salırdılar, bəzilərində nəticə verə bilirdim. Amma məsələn, 68 kq çəki dərəcəsində mənə çox çətin idi, çəkim çatmırdı deyə ağır olurdu. Beləcə, üst-üstə yığıldı. Əlbəttə, güləşə davam etməyi çox istəyərdim.

– Sonuncu dəfə Azərbaycan Güləş Federasiyası ilə bu yöndə söhbətiniz nə vaxt olmuşdu?

– Belə söhbətimiz olmadı. Mən kimə nə deyə bilərdim ki? Bizim millidəki masajçımız İrina Vladimirovna mənimlə maraqlanıb, bizə görə həyəcan keçirirdi.

– Siz sonuncu dəfə düz bir il əvvəl Varşavada keçirilən Avropa çempionatında çıxış etmisiniz. Onda çıxış etdiyiniz 65 kq çəki dərəcəsində bürünc medalın astanasından qayıtmışdınız. Ondan sonra bizim milli komandaya nə zaman dəvət ediblər?

– Təxminən üç-dörd ay əvvəl soruşmuşdular. Demişdim ki, qayıda bilərəm. Ancaq maaş məsələsi vardı. Baş məşqçi əvəzi Rövşən Umudov dedi ki, nəticə olacaqsa, maaş da olacaq, olmasa, əməkhaqqı da olmayacaq. Mən də dedim ki, 17 yaşım yoxdur, elə-belə, pulsuz məşq edə bilmərəm ki...

– Mariya Stadniklə eyni şəhərdən – Lvovdansınız. Onunla necəsə görüşmək imkanınız var hazırda? Yəni Macarıstandakı son Avropa çempionatında biz onu da Azərbaycan millisinin tərkibində görmədik.

– Açığı, yox. Heç hansı şəhərdə olduğunu da bilmirəm. Bəlkə, uşaqlarını harasa aparıb?..
– İndi milli komandadan heç bir idmançı ilə əlaqəniz yoxdur?

– Əvvəl ünsiyyətimiz vardı. Alyona Kolesnik, deyəsən, Bakıdadır. Tatyana Omelçenko ilə bu yaxınlaradək yazışırdıq. O, deyəsən, Xarkovda idi. London Olimpiadasının mükafatçısı Yuliya Ratkeviçlə daha çox ünsiyyətimiz vardı. Müharibə yeni başlayanda o mənə zəng vurmuşdu. Ratkeviç hazırda İsveçin qadınlar millisinin baş məşqçisidir (Dünya və Avropa çempionu olan Belarus əsilli Ratkeviç ötən ilin dekabrından Sofia Matsonla birgə İsveç millisinin baş məşqçisidir – S.M.). Mənə İsveçə köçüb məşqçi işləməyi təklif etmişdi. Dedi ki, federasiya sənin üçün hər şeyi edəcək, mən də kömək edəcəyəm, gəl. Rio Olimpiadasının mükafatçısı və Avropa çempionu Natalya Sinişin də zəng etmişdi, onun əri gürcüdür və Gürcüstanda yaşayırlar. Mənə yazır, oraya dəvət edir.

– Bəs İsveç variantına niyə razı olmadınız?

– Düzü, həyat yoldaşım olmadan getmək istəmirəm. Özü də hələ güləşmək istəyirəm. Yəqin ki, məşqçi olmaq üçün özümü hazır hiss etmirəm.

– Bu ay 31 yaşınız tamam olacaq. Adətən, 30 yaşına qədəm qoyanda qadın güləşçilərin əksəriyyəti idmandan gedir. Bunu özlərini ailələrinə, uşaqlarına həsr etmək istəklərilə izah edirlər...

– Əlbəttə, məşqçi işləmək olar. Özümün məşq etdiyim yerdə niyə də olmasın? Məsələn, Ukraynada məşqçi işləyə bilərdim. Niyə İsveçdə işləyim ki?! Özümə qarşı bir az daha yaxşı münasibət, dəyər görmək istəyirəm. Heç vaxt heç kimdən heç nə istəməmişəm, həmişə daha yaxşı olmaq üçün səy göstərmişəm. Ola bilər ki, Azərbaycanda özümü istədiyim kimi göstərə bilməmişəm. İl ərzində tez-tez müxtəlif çəki kateqoriyalarında yarışmalı olmuşam, gah 58, gah 62, gah 65, gah da 68 kq-da. Belarus millisinin məşqçiləri də bir dəfə zarafatla dedilər ki, universalam. Demək olar ki, bütün çəki kateqoriyalarında nəticə göstərmişəm. Yəni özümü ancaq bir çəki kateqoriyasında göstərmək imkanı verilməyib. Ancaq buna rəğmən, onlara hər şeyə görə minnətdaram. Azərbaycanda yaxşı adamlar çoxdur.

– 2012-ci ildən Azərbaycan millisinin tərkibində çıxış etmisiniz. Biz sizi yenidən Ukrayna millisinin tərkibində görə bilərik?

– Yox, əvvəl Ukrayna milli komandasında çıxış etdiyim üçün yenidən oraya qayıtmaq mümkün olmayacaq. Amma Azərbaycan Güləş Federasiyasından mənə yenidən dəvət gəlsə, çox məmnun olardım.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1231   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?

"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain

1 iyul
.

"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib

"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qəra

4 iyul
.

Rafael Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu

"UFC Fight Night Baku" turnirinin turnirinin bonus sahibləri müəyyənləşib. xəbər verir ki, "Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb

28 iyun
.

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top

6 iyul
.

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib. Qaynarinfo-nun məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Sabah"ın ardından, "Zirə"nin də KL-dəki uğurlu startı şərait yaradıb

9 iyul
.

Levandovski qəfildən Ronaldoya qarşı çıxdı: İbrahimoviçin sözlərini yenidən paylaşdı

"Barselona"nın keçmiş hücumçusu Robert Levandovski ("Çikaqo Fayr" komandasına keçib) bu yaxınlarda beynəlxalq qalmaqala səbəb olan səhvə yol verib. "Barselona"nın keçmiş oyunçusu olmasına baxmayaraq, "Real"ın əfsanəsi Kriştiano Ronaldoya qarşı hücumu dəstəklədiyin

6 iyul
.

Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video

Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün mundialın mərkəzi görüşlərindən biri keçiriləcək. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gələcək. Matç saa

7 iyul
.

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl

5 iyul
.

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki

28 iyun