"Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Həkim səhlənkarlığı ucbatından atamı itirdim""Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir dəfə getdim, elə bildim başqa yerə gəlmişəm".

Bu sözləri Xalq artisti Telman Adığözəlovun oğlu Tural Adığözəlov "Kaspi" qəzetinə müsahibəsi zamanı bildirib.

Onunla müsahibəni təqdim edirik:

Qəribə, kövrək bir hiss

- İyulun 17-i Telman Adığözəlovun doğum günüdür. Telman Adıgözəlov ad günlərində çox kövrəlirmiş. Həssas olduğu üçün yaşının üstünə yaş gələndə kədərlənirmiş. Əgər sağ olsaydı, 72 yaşını qeyd edəcəkdi...

- Ad günlərini dostlarla, ya ailəvi qeyd edirdi. "Ad günümdə məndə qəribə hiss olur. Qəribə, kövrək bir hiss gəlir mənə", - deyirdi. Ani kövrəlmiş kimi olurdu. Yəqin fikirləşirmiş ki, yaşının üstünə yaş gəlir. İnsan müəyyən yaşa kimi böyümək istəyir, sonra da yaşlanmaq istəmir. İstər həyatda, istər səhnədə arzularını həyata keçirmək üçün vaxt lazımdır. Bəlkə o düşüncə ilə kədərlənirmiş. Yəni ömür gedir...

- Telman Adıgözəlov haqqında çox vaxt "o, komik aktyor idi", - deyirlər. Amma mən hesab eləmirəm ki, o, sırf komik aktyor idi. O, daha çox dramatik rollarda oynayıb. Bəlkə təbiət etibarilə zarafatcıl olduğu üçün yanaşma belə olub?

- Atam deyirdi ki, mən bütün səpkili rolları oynaya bilirəm, təkcə komik rolları deyil. Ramiz Novruzun "Hələ sevirəm deməmişdilər" tamaşasında dramatik rol oynayıb. Mən onda məktəbdə oxuyurdum. Özüm şahidi olmuşam, o tamaşada zalda kövrəlib ağlayanlar vardı. "Tragikomediya həyata daha yaxındır. İnsanın həyatda şən və kədərli günləri var. Bu janr daha maraqlıdır", - deyirdi. Təbiətinə gəlincə, hə, zarafatı sevirdi, amma yerində. Ola bilərdi hansısa şəraitdə yaranan gərginliyi aradan qaldırmaq üçün zarafat etsin. Amma heç kəs deyə bilməz ki, o, yersiz, şit zarafat edib. Atam deyirdi ki, mən insanları yaxşı tanıyıram, hətta heç kimin sözünə qulaq asmayan içkili adamın damarını tuta bilirəm. O, kimlə harada və necə danışmaq, zarafat etmək və ya ciddi olmaq lazımdır, yaxşı bilirdi. Ona görə də insanlar onu sevirdi. Küçə-bacada da hamı onu tanıyırdı. İnsanlarla düzgün münasibət qurmağı bacarırdı.

- Sizcə, bu, onun sənətindən irəli gəlirdi?

- Yox, bu, həyat təcrübəsi idi. Atam uşaqla da, yaşlı ilə də, başqa sahənin adamı ilə də gözəl münasibət qura bilirdi. İndiyə qədər eşitməmişəm ki, kimsə onun haqqında xoşagəlməz bir söz desin. Atam hamıya kömək etməyə çalışırdı, əlindəki son tikəsini də bölməyi xoşlayırdı. Elə adamlar var, heç tanımıram, yaxınlaşıb deyirlər ki, atan filan işi görmüşdü. "Özüm üçün heç kimdən heç nə istəmərəm, amma kiməsə kömək lazımdırsa, gedib xahiş edərəm", - deyirdi. Hara gedirdisə, ünsiyyət qururdu, insanlar özləri ona yaxınlaşır, şəkil çəkdirirdilər. Atam hamı ilə özünə görə rəftar edirdi, insanları tanıyırdı. Amma nədənsə həmişə "təklikdə, kənar bir yerdə, təbiət qoynunda yaşamaq istərəm", - deyirdi.

"Mən səssizcə oturub onlara qulaq asırdım"

- Telman Adıgözəlovla son müsahibəm yaxşı yadımdadır: bir az pessimist görünürdü. Teatr təmirdə olan vaxtlar idi. Təbii, səhnəyə öyrəşən, yaradıcı adam üçün bu, çətin dövr idi. Həmin əhvalı evə də daşıyırdı?

- Yox... O, atamın sənət baxımından əhvalı idi. Yaradıcılıq əhvalı belə idi. Bu, işsiz qalmış kimi bir şeydir. Təsəvvür edin, yeni rollar oynamaq istəyir, amma teatr bağlıdır, oynaya bilmir, tamaşaçı ilə ünsiyyət qırılıb... Olsun ki, əhvalı teatrın ümumi vəziyyətinə görə belə idi. Bu, iş həyatı idi. Adi həyatda fərqli idi, pessimist əhvalda deyildi. Həyatda pozitiv adam idi. Hamı da onu belə tanıyırdı. Aktyorlar ondan mənəvi güc alırdılar. Çünki o, həmişə hamıya mənəvi dəstək olurdu. Mən atamla uşaqlıqdan teatra, tamaşaların premyeralarına gedirdim. Verilişlərində də, səhnəarxası söhbətlərində, aktyorlarla teatrın bufetində görüşlərində də olmuşam. Səyavuş Aslan, Yaşar Nuri və başqa aktyorlar da orada olurdu. Hərəsinin də o balaca kafedə öz yeri vardı. Gəlib oturur, maraqlı söhbətlər edirdilər. Onların bir-biri ilə söhbətləri, deyib-gülməkləri çox xoşuma gəlirdi. Dənizkənarı parkda da bir kafe-çayxana vardı. Aktyorlar oraya da yığışırdı. Atam məni də özü ilə aparırdı. Mən səssizcə oturub onlara qulaq asırdım.

"Bəlkə atam Balakəndə qalsaydı, heç aktyor olmayacaqdı"

- Hər halda sayılıb-seçilən aktyorların sırasına düşmək də atanıza asan başa gəlməyib...

- Atam Balakəndə sadə bir ailədə doğulub. Uşaq olanda Bakıya köçüblər. Atamın uşaqlıqda qolunda yara olub. Həkim deyib ki, Balakən nəmişlik yerdir, yaranın sağalması gec olacaq. Buna görə babam da ailəlikcə Bakıya köçməyi qərara alıb. Bəlkə atam Balakəndə qalsaydı, heç aktyor olmayacaqdı. Bakıya gələndən sonra teatra həvəs göstərib, tamaşalara gedib. Məktəbdə oxuyanda artıq teatrın yolunu tanıyırdı. Gənc Tamaşaçılar Teatrının səhnəsində uşaq rolları oynayırdı. Rayondan gəlmiş bir uşaq beləcə tanınıb. Öz-özünə istedadı və zəhməti ilə yol açıb, sevilib-seçilən aktyorların sırasına düşüb. Atam teatrda çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirdi.

- O vaxt ölkədə cəmi bir telekanal vardı. "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Ordan burdan", "Qonşular"a uşaqdan böyüyə hamı baxırdı.

- "Evləri köndələn yar" gözəl tamaşa idi. Atamın gənclik illərinə düşmüşdü. Kamil onun ən sevimli rollarından idi. Hamı da o tamaşaya baxmışdı. Çünki bir televiziya kanalı vardı. Bu, aktyorların tanınmasına, sevilməsinə səbəb olurdu. Atam deyirdi ki, çalışıram mənə tapşırılan bütün rolları elə oynayım ki, yaddaqalan olsun. Baş rol olmasın, lap ikinci dərəcəli, xırda rol olsa belə, onu elə oynayacağam ki, yaddan çıxmasın. Bu, bəlkə də atamın uşaqlıqdan səhnədə olması ilə bağlı idi. O, uşaqlıqda Gənc Tamaşaçılar Teatrının səhnəsində uşaq rolları oynayıb. Atam kinolara da çəkilmişdi, amma teatrı daha çox sevirdi. Həmişə deyirdi ki, teatr canlıdır, tamaşaçı ilə birbaşa ünsiyyət var, onun reaksiyasını görürsən, bu, mənə çox maraqlıdır.

"Atamın nə ağır xəstəliyi vardı, nə də yataq xəstəsi idi"

- Atanızın ölümü qəfil oldu. Sizin qədər tamaşaçı da buna hazır deyildi...

- Heç kimin, heç özünün də ağlına gəlməzdi... Adam var, xəstəliyi olur və bu, onu psixoloji öyrəşdirir ki, hazırlaşsın. Amma atamın nə ağır xəstəliyi vardı, nə də yataq xəstəsi idi. 56 yaşında dünyasını dəyişdi. Bu, alın yazısıdır. Allah hərəyə bir ömür yazıb. Biz bunu bilmirik. İnsan bunu bilsə, bəlkə bədbin olar. Əcəldən qaçmaq olmaz. Amma atam 56 yaşına görə çox işlər gördü. 40 ilə yaxın səhnədə oldu. 17 yaşında "Nəsimi" filmində çəkildi. O, böyük hörmət qazanmışdı. Bu gün də kimin oğlu olduğumu biləndə ehtirama yad edirlər. Bu, böyük şeydir.

- O vaxtlar müsahibənizdə demişdiniz ki, həkimlərin səhlənkarlığı üzündən atanızı itirmisiniz...

- Belə bir şey olmuşdu. Atamın ağır xəstəliyi yox idi. Mən əsgərlikdə olanda kiçik infarkt keçirib, heç özü də bilməyib. Həkim deyib ki, duzun var. İndi adam çox fikirləşir: bəlkə düz diaqnoz qoyulsaydı, müalicə olsaydı, belə olmazdı. Bəzən də fikirləşirsən ki, alın yazısı belə imiş. Atam Fatmayi qəbiristanlığında dəfn olunub. Orada qohumlarımız da var. O kənd bizə uşaqlıqdan doğmadır. Əliabbas Qədirovun, Səməd Səmədovun da orada bağları vardı. Onlar də rəhmətə gediblər.

"Mən bu boşluğu daha çox hiss etdim"

- Atanızın ölümündən sonra dolanışığınız çoxmu çətin oldu?

- İtkisi biz övladlarına, həyat yoldaşı kimi anama çətin oldu. Əvvəlcə anlamırsan, inanmırsan, adama pis təsir edir. Yara isti olur. Tədricən dərk edirsən və barışırsan. Mən bu boşluğu daha çox hiss etdim. Bizim aramızda ata-oğul münasibətindən başqa, dostluq var idi.

Maddi cəhətdən çox da çətinlik çəkmədik. O vaxt mən hərbi xidmətdən qayıtmışdım. 22 yaşım vardı. İqtisad Universitetini bitirmişdim, işləməyə başladım. Bacım da Tibb Universitetini bitirimişdi. İşlə təminatımıza dövlət dəstək oldu. Mən Fövqəladə Hallar Nazirliyində işlə təmin olundum. 14 il orada çalışdım. Bacım da stomatoloq kimi işlə təmin olundu. Sadəcə, ata hər ailədə dayaqdır. Adam hər işdə atasına arxayın olur. Biz o dayağı itirdik...

- Dediniz ki, uşaqlıqda həmişə atanızla teatra gedərdiniz. Ondan sonra necə, teatra gedirsinizmi?

- Atamdan sonra teatra cəmi bircə dəfə getmişəm. Amma uşaqlarımı Kukla Teatrına aparıram. Orada atamın tələbəsi işləyir. O, dəvət edir. "Azdrama"ya isə getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir dəfə getdim, elə bildim başqa yerə gəlmişəm. O köhnə divarlar, dəhlizlər - hamısı dəyişib. Xatirələr o divarlarda idi...

"Atam sağ qalsaydı, bu gün də səhnədə olacaqdı"

- Telman Adığözəlovun yubileyi uzun illər çalışdığı teatr və ya Teatr Xadimləri İttifaqı tərəfindən qeyd olunurmu? Onu yada salan varmı?

-Yox... İndi o teatrda köhnə aktyorlardan da çox az adam qalıb. Bəlkə hamısı təzədir, ona görə. Daha o teatrda Yaşar Nuri, Səyavuş Aslan, Ramiz Novruz, Ramiz Məlik, İlham Əsgərov yoxdur - hamısı dünyasını dəyişib... Özümüz ailə olaraq onu həmişə yad edirik. Mənə elə gəlir ki, valideyni xüsusi günlərdə yada salmaq lazım deyil. Valideyn üçün xüsusi gün olmur. Həftədə bir-iki dəfə məzarını ziyarətə gedirəm. Çəkildiyi tamaşaları, filmləri efirdə göstərirlər. Onda səsini eşidəndə adama təsir edir. Ötən günlər yada düşür... Atam sağ qalsaydı, bu gün də səhnədə olacaqdı. Teatr onun həyatının bir parçası idi. Mən bunu görürdüm. Ən yaşlıları Səyavuş idi. Xəstə də olanda teatra gəlirdi. Onlar teatrdan əl çəkə bilmirdilər. Atama da Allah ömür versəydi, səhnədə olacaqdı. Çünki "mən başqa iş bacarmıram. Mənim işim budur - aktyorluq", - deyirdi.

- Son görüşünüzü necə xatırlayırsınız?

- Axşam evdə divanda oturmuşdu. Sonra yatdı və yuxuda ikən vəfat etdi. Adama qəribə gəlir. Adam var, son sözünü deyir, övladlarına nəsə vəsiyyət edir, sonra can verir. Amma atam gözlənilmədən vəfat etdi. Heç nə deyə bilmədi... Qəfil ölüm çox çətindir. Bu da bir qədərdir...

- Sizə deyirlərmi, atanıza oxşayırsınız...

- Deyirlər...Oğlum da oxşayır. Üç övladım var. Böyük oğlum atamın adını daşıyır. Uşaqlarım balacadır. Telman ağır atletika ilə məşğul olur. "İdmançı olacağam", - deyir. Aktyor olmaq üçünsə o sənəti sevmək azdır, istedadın da olmalıdır. Atam kimi...


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1500   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fəxriyə Xələfova "Füsünkar İpək" kolleksiyasını təqdim etdi - VİDEO

Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Füsünkar İpək" adlı yeni moda kolleksiyasını təqdim edib. xəbər verir ki, Fəxriyə Xələfovanın kolleksiyası ənənəvi Azərbaycan ipək kəlağayısı ilə müasir axşam paltarlarının harmonik birləşməsindən ibarətdir. Bu ilhamverici sintez keçmiş və bu gün

11 dekabr 2025
.

Ulu babasının adı yenidən bu meydana verildi - Foto

"Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, həmin meydanı yarada

6 yanvar
.

Alim Qasımovdan MaNganın təklifinə cavab

Türkiyənin məşhur "MaNga" qrupu Xalq artisti Alim Qasımovla bağlı açıqlaması ilə diqqət çəkib. "MaNga" qrupunun aparıcı solisti Ferman Akgül Bakı konsertindən əvvəl jurnalistlərə açıqlamasında Alim Qasımovla duet oxumaq istədiklərini deyib. Məsələ ilə bağlı -a danışan Alim Qasımo

19 yanvar
.

Rəşad İlyasovdan Zeynəb Xanlarova ilə bağlı paylaşım

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi fotoya "Dünyanın Zeynəbi" sözlərini yazıb. Onun bu paylaşımı izlıyiciləri tərəfindən maraqlaq qarşılanıb. Xatırladaq ki, Xal

6 dekabr 2025
.

Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 116 il ötür

Bu gün Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Onun anadan olmasından 116 il ötür. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbayca

15 dekabr 2025
.

Nəriman Həsənzadə palataya köçürüldü

"Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb". Bu barədə "Qafqazinfo"ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib. "Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək", - o bildirib. Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrə

12 dekabr 2025
.

"Avatar" kino tarixində rekorda imza atdı

Rejissor Ceyms Kemeronun "Avatar" filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan "Alov və Kül"ün uğuru nail olub. Film dünya üzrə 760 milyo

31 dekabr 2025
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmaması il

18 dekabr 2025
.

"Qısaca deyim ki, atlar ölüb, itlərin bayramıdır…" - Fotolar

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor-müğənni oğlu Cavidan Novruz atası ilə bağlı təsirli paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, instaqram hesabında atasının səhnədə çəkilmiş fotolarını paylaşıb. Oğlu sənətkarla bağlı bir xatirəsini də bölüşüb: "Bir dəfə uşaq vaxtı gedib atamı

10 yanvar