Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU

Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU"Səhər 45 dəqiqə danışdıq. Bir-iki saat sonra şəhid oldu..."

Sonxeber.az xəbər verir ki, bunu Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasında söhbət zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan Rəfail Əhmədağa oğlu İşiyevin həyat yoldaşı Sevda İşiyeva deyib.

O, həyat yoldaşının şəhadətindən əvvəl çəkilmiş son fotosuna baxarkən ilk ağlına gələn xatirələri bölüşüb:

"O günləri xatırlamaq mənim üçün çox çətindir. Yoldaşım işlədiyi illər ərzində harada xidmət edirdisə, biz də onunla birlikdə orada yaşayırdıq. Əsasən sərhəd bölgələrində olmuşuq. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl ondan yalnız bir xahişim olmuşdu. Demişdim ki, nə olur-olsun, imkan düşən kimi mənə səsini eşitdirsin. Tək istəyim o idi ki, bilim sağdır.

Döyüşlər zamanı yoldaşım iki dəfə ağır yaralandı. Hər ikisində hospitalda müalicə olundu. Amma buna baxmayaraq, üçüncü dəfə yenidən döyüşlərə qatıldı. Noyabrın 1-də Xocavənd istiqamətinə yollandı.

Noyabrın 2-də orada bayraq sancdı. Halbuki bu, onun xidməti vəzifəsi deyildi. Yoldaşım həm sürücü, həm də mexanik idi. Amma ürəyində elə böyük Vətən eşqi vardı ki, həmişə ön cəbhəyə can atırdı. Bayrağı hər şeydən üstün tuturdu.

Xanımı ilə sağollaşandan iki saat sonra şəhid oldu - Rəfail İşiyevin son FOTOSU2 noyabr 2020-ci il, Rəfail İşiyev döyüş yoldaşları ilə birlikdə

Bu şəkil də həmin günə aiddir. Gündüz bayraq sancmışdı, bu isə noyabrın 2-dən 3-nə keçən gecə çəkdirdiyi şəkildir.

Həmin gecə mənə səhərə qədər ara-sıra, iki-üç saatdan bir zəng edirdi. Hər dəfə eyni sözləri deyirdi: "Yaxşıyam, hər şey yaxşı olacaq. Uşaqlardan muğayat ol, özündən muğayat ol".

Əslində, yoldaşım çox danışan insan deyildi. Ona görə də təəccüblənirdim ki, gecənin o vaxtı mənə tez-tez zəng edir, uzun-uzadı danışır.

Uşaqları mənə tapşırarkən dedi ki, onları məşğələlərdən geri qoyma, qoy davam etsinlər. Sonra əlavə etdi ki, gəlib səni həkimə aparacağam, özüm də müayinədən keçəcəyəm. Çünki yaralı halda yenidən döyüşə qayıtmışdı və bədəni çox ağrıyırdı".

Şəhid xanımı deyir ki, hər dəfə onun bu son fotosuna baxanda ilk növbədə həmin gecə ona dediyi sözlər yadına düşür:

"Heç hiss etdirmədi ki, çox çətin vəziyyətdədirlər. Halbuki sonradan bildim ki, bu şəkli çəkdirdikləri ərazidən çıxmaq demək olar ki, mümkün deyilmiş. Onlar da bunu bilirmişlərlər. Nə olacağını az-çox təsəvvür ediblər. Amma yenə də ümidlərini itirməyiblər. Deyiblər ki, Allahın işidir, ya sağ çıxarıq, ya da şəhid olarıq.

…Səhər açıldı. Saat 07:30 olardı, yenə mənə zəng vurdu. Təxminən 45 dəqiqə zənglə danışdıq. Mən yenə də təəccüblənirdim. Düşünürdüm ki, necə olur, döyüş şəraitində mənə bu qədər vaxt ayıra bilir. Çünki adi vaxtlarda çox danışan biri deyildi.

Biz sağollaşdıqdan təxminən bir-iki saat sonra isə şəhid olub".

Müsahibimizin sözlərinə görə, uzun müddət həyat yoldaşının şəhid olduğunu qəbullana bilməyib:

"Çünki mənimlə danışmışdı, mənə ümid vermişdi. Elə bilirdim ki, mütləq evə qayıdacaq.

O vaxt Beyləqanda, sərhəd bölgəsində yaşayırdıq. Heç cür inana bilmirdim.

Kirayədə qaldığımız evi düz 5 ay təhvil vermədim. Düşünürdüm ki, birdən qayıdar, deyər ki, evi niyə özbaşına təhvil vermisən?

Axırda böyüklərin təkidi ilə 5 aydan sonra evi təhvil verdim. Amma o zaman da beynimdə eyni fikir vardı. Düşünürdüm ki, birdən gəlib deyər, niyə özbaşına evi təhvil vermisən, axı mən sağam.

Uzun müddət beləcə düşüncələrlə yaşadım. İnsan yaşadıqca, hər şeyə alışır. Bəlkə də tam qəbullanmır, amma zaman keçdikcə yaşamağı öyrənir. Bu fotoya hər dəfə baxanda da yalnız həmin gecə, həmin söhbətlər və o xatirələr gözümün önündə canlanır.

Yoldaşım çox ailəcanlı, uşaqlarına hədsiz bağlı bir ata idi. Həmişə onun atalığına heyranlıqla baxırdım.

Ağır və yorucu işdən gəlməsinə baxmayaraq, uşaqları ilə vaxt keçirmədən heç vaxt dincəlməzdi. Onun üçün ən böyük istirahət uşaqları ilə birlikdə olmaq idi. Nə qədər yorğun olsa da, onlarla oynayar, vaxt keçirərdi. Mən bəzən uşaqlara deyirdim ki, atanız yorğundur. O isə dərhal deyirdi ki, dəymə uşaqlara, qoy oynasınlar.

Hətta bəzən deyirdi ki, vaxt tapsaydım, bu iki oğlanı götürüb kişi kimi bir yerdə çay içərdim.

Çox qayğıkeş ata idi.

Mən həmişə deyirəm ki, təkcə həyat yoldaşımı itirmədim. Mən bir dost, sirdaş itirdim. O, mənə hər zaman dost, dəstək, dayaq oldu. Həqiqətən də əsl dostun necə olduğunu onun timsalında gördüm. Həyat yoldaşı hər kəs ola bilər, amma hər həyat yoldaşı insanın əsl dostu, sirdaşı ola bilmir.

Tanrı bütün yaxşı insanları qorusun. Bu dünyadan köçənlərə Allah rəhmət eləsin. Şəhidlərin yeri, məqamı tamam başqadır. Şəhidlərin, Rəfailin cənnətdə olduğuna bütün qəlbimlə inanıram.

Qəbrləri nurla dolsun".

Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya göz açıb. O, ömrünün 16 ilini Azərbaycan Ordusunda xidmətə həsr edib, bu müddətdə PDM (BMP) mütəxəssisi kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində iştirak edib.

Cəbrayılın azadlığı uğrunda döyüşlərdə idarə etdiyi PDM vurulub. Yaralanmasına baxmayaraq, iki gün sonra yenidən cəbhəyə qayıdıb, yaralı döyüş yoldaşının PDM-ni idarə edərək Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. İkinci dəfə texnikası vurulub və yenidən yaralanıb. Lakin bir müddət sonra ermənilərdən qənimət götürülən üçüncü PDM ilə döyüşlərə qoşulub, sonadək vuruşub. Son döyüşü Xocavənd istiqamətində olub və 3 noyabr tarixində həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb.

Rəfail İşiyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 514   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr

16 sentyabr
.

Milli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə

"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn

16 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

15 sentyabr