"Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur" - AÇIQLAMA

"Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur" - AÇIQLAMADil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün "hakim" dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik" poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Ümummilli Lider Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib.
Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır.
Bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il və "Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında" sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Eyni zamanda çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.
Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim hər birimiz bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 834   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Müsəlman aləmini gözdə

15 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr
.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır. Azərbaycan dövlət

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir - ŞƏRH

"Tarixi alban irsinin dünyada məhz Azərbaycanın irsi kimi tanınmasının və tanıdılmasının müstəsna əhəmiyyəti var. Bunun əhəmiyyəti təkcə milli, etnik, mədəni və dini tariximizin bütövlüyünün bərpa edilməsi ilə məhdudlaşmır. Alban irsinin Azərbaycan-Türk irsi kimi tanıdılmasının böyük strateji əhəmiyyət

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr
.

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətd

15 sentyabr