Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.
Sonxeber.az həmin bəyanatı təqdim edir:
"Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edirik. Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik.
Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq, Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.
Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşamasında təzahür edir. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının rəmzi kimi yaddaşlarda qalıb.
Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə uyğundur.
Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur.
Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin, milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır.
Dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz. Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər, Azərbaycanı "mollalaşdırmaq", "iranlaşdırmaq" və dini ehkamlar əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail olmayacaqlar.
Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir. Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları olmalıdır.
Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir. Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq. Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər birimizin vətəndaşlıq borcudur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama