Anar Bayramov niyə nazir təyin edildi?
Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Anar Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Həmin gün imzalanmış digər sənədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərlik və nəzarət səlahiyyəti Səhiyyə Nazirliyinə verilib.
Oxu.Az xəbər verir ki, Anar Bayramov nazir təyinatınadək altı ay beş gün - 2026-cı il aprelin 14-dən oktyabrın 19-dək TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.
Anar Bayramov kimdir?
Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib və Mirqasımov adına təqaüdə layiq görülüb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə istiqaməti üzrə magistr təhsili alıb. Tibb üzrə fəlsəfə doktorudur.
O, peşəkar fəaliyyətinə klinik tibdə başlayıb, sonrakı dövrdə özəl səhiyyə, tibbi sığorta və idarəetmə sahələrində çalışıb. "MediClub"da həkim, "A-Group Sığorta" şirkətində isə rəhbər vəzifələrdə fəaliyyət göstərib. Sığorta sektorunda müxtəlif ictimai birliklərin və peşəkar platformaların işində iştirak edib.
2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Bu dövrdə əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin elektronlaşdırılması və şəffaflığın artırılması istiqamətində həyata keçirilən institusional islahatlarda iştirak edib.
2025-ci il aprelin 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilən Anar Bayramov bir il sonra TƏBİB-in rəhbərliyinə gətirilib.
Onun peşəkar təcrübəsi klinik tibb, səhiyyə iqtisadiyyatı, tibbi sığorta, sosial müdafiə, reabilitasiya və dövlət idarəçiliyini birləşdirir.
TƏBİB-də altı ayın əsas istiqamətləri
Anar Bayramovun TƏBİB-ə rəhbərlik etdiyi dövr struktur və kadr dəyişiklikləri, əməkhaqqı islahatı, xidmət keyfiyyətinə nəzarət, təcili tibbi yardımın rəqəmsallaşdırılması və regionlarda tibbi xidmət imkanlarının genişləndirilməsi ilə yadda qalıb.
İdarəetmə komandasının yenilənməsi
Altıaylıq dövrdə TƏBİB-in mərkəzi idarəetmə komandasında dəyişikliklər aparılıb, yeni icraçı direktor müavinləri və müşavirlər təyin edilib.
Eyni zamanda, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra respublika əhəmiyyətli, ixtisaslaşmış, şəhər və rayon tibb müəssisələrinin rəhbərliyi yenilənib. Təyinatlar yalnız bir müəssisəni deyil, sistemin müxtəlif istiqamətlərini - çoxprofilli xəstəxanaları, ixtisaslaşdırılmış mərkəzləri, regional tibb müəssisələrini və təcili tibbi yardım strukturunu əhatə edib.
Xidmət keyfiyyətinə nəzarət
Aprel ayından etibarən tibb müəssisələrində planlı və növbədənkənar yoxlamalar təşkil olunub. Yoxlamalar zamanı klinik protokollara əməl edilməsi, tibbi sənədləşmə, müalicə prosesinin təşkili, kadrların faktiki fəaliyyəti, iş yükü, sertifikasiya və təlim məsələləri, həmçinin vətəndaş müraciətlərinə baxılması qiymətləndirilib.
Bu yanaşma tibb müəssisələrində yalnız inzibati nəzarətin deyil, klinik xidmətin keyfiyyətinin və pasiyent məmnunluğunun da ölçülməsinə yönəlib.
72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatı
Bu dövrün ən genişmiqyaslı sosial tədbiri TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması olub.
Ölkə rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən islahat 72 212 əməkdaşı əhatə edib. Sistem üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Ailə və sahə həkimlərinin, təcili tibbi yardım və təxirəsalınmaz yardım şöbələrində çalışan həkimlərin, orta və kiçik tibb heyətinin əməkhaqqıları yüksəldilib. Regionlarda çatışmayan ixtisaslar üzrə çalışan həkimlər üçün əlavə stimullaşdırıcı ödənişlər müəyyən edilib.
İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, regionlarda kadr çatışmazlığının azaldılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi olub.
Təcili tibbi yardımda texnoloji yenilənmə
TƏBİB-in tabeliyindəki təcili tibbi yardım xidmətinin maddi-texniki və rəqəmsal imkanlarının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.
Regionlara yeni ambulans və reanimobillər verilib. Bakı şəhərində sıx nəqliyyat şəraitində hadisə yerinə daha tez çatmaq üçün "Ambucycle" modelinin pilot tətbiqinə başlanılıb. "103" çağrı xidmətinin texnoloji imkanlarının genişləndirilməsi məqsədilə "Azerconnect Group"la əməkdaşlıq qurulub.
Yeni çağırış idarəetmə sistemi ünvanların xəritə üzərində müəyyənləşdirilməsini, briqadaların real vaxt rejimində izlənilməsini, çağırışların elektron bölüşdürülməsini və tibbi məlumatların rəqəmsal formada qeydə alınmasını nəzərdə tutur.
Layihəyə təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsi, teletibbi konsultasiyaların təşkili, naviqasiya imkanlarının genişləndirilməsi və süni intellekt əsaslı analitik vasitələrin tətbiqi də daxildir.
Altı xəstəxanada onlayn növbə
Pasiyentlərin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə onlayn növbə sistemi altı tibb müəssisəsində tətbiq edilib.
Sistem vətəndaşlara xəstəxanaya getmədən həkim qəbulunun vaxtını əvvəlcədən seçmək, növbəni planlaşdırmaq və gözləmə müddətini azaltmaq imkanı yaradır. Layihənin 2026-cı ilin sonunadək TƏBİB-in tabeliyindəki bütün müvafiq tibb müəssisələrini əhatə etməsi planlaşdırılır.
Regionlarda yeni tibbi xidmətlər
Anar Bayramovun TƏBİB-ə rəhbərlik etdiyi dövrdə regionlarda ixtisaslaşmış tibbi xidmət imkanlarının genişləndirilməsi davam etdirilib.
Gədəbəy və Ucar rayon mərkəzi xəstəxanalarında yeni hemodializ şöbələri fəaliyyətə başlayıb. Bu, dializ xəstələrinin müalicə üçün uzaq məsafə qət etmədən yaşadıqları bölgədə xidmət almasına imkan yaradıb.
Şuşa və Xocavənddə təcili tibbi yardım bölmələri açılıb, Xocavənd Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatların aparılmasına başlanılıb.
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanası və 2 nömrəli İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib. Yeni xəstəxanada ağciyər xəstəliklərinin diaqnostikası, intensiv terapiyası, cərrahi müalicəsi və ağciyərdənkənar vərəm hallarının müalicəsi üçün imkanlar yaradılıb.
Kəndlər üçün diaqnostik köşklər
Kənd tibb məntəqələrinin diaqnostik köşklərlə təchiz olunması layihəsinə başlanılıb. İlk köşk Xocavənd rayonunda quraşdırılıb.
Bu avadanlıqlar əsas tibbi göstəricilərin ölçülməsinə, nəticələrin həkim tərəfindən məsafədən qiymətləndirilməsinə və pasiyentin zərurət olduqda uyğun tibb müəssisəsinə yönləndirilməsinə imkan verir. Layihənin ölkə üzrə 170-dən çox kənd tibb məntəqəsini əhatə etməsi nəzərdə tutulur.
Klinik imkanların genişləndirilməsi
Hesabat dövründə TƏBİB-in tabeliyindəki müxtəlif tibb müəssisələrində yeni müalicə və cərrahiyyə metodları tətbiq olunub.
"Yeni Klinika"da ilk dəfə mexaniki trombektomiya əməliyyatı icra edilib. Respublika Pediatriya Mərkəzində mürəkkəb uşaq əməliyyatları həyata keçirilib. Reabilitasiya xidmətlərində robotlaşdırılmış avadanlıqlardan istifadə genişləndirilib.
Patronaj xidmətinin təşkili üzrə Azərbaycan modeli beynəlxalq tədbirdə mükafata layiq görülüb. Hərəkət məhdudiyyətli şəxslərə, uşaqlara və ucqar ərazilərdə yaşayan vətəndaşlara səyyar tibbi xidmətlərin göstərilməsi davam etdirilib.
Yeni nazirin idarəçilik profili
Anar Bayramovun əvvəlki fəaliyyəti onun həm tibbi, həm də iqtisadi-idarəetmə təcrübəsinə malik olduğunu göstərir. Özəl səhiyyə və sığorta sektorunda çalışması, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminə rəhbərlik etməsi, nazir müavini və TƏBİB-in icraçı direktoru vəzifələrində fəaliyyət göstərməsi ona səhiyyənin müxtəlif sahələri üzrə idarəçilik təcrübəsi qazandırıb.
TƏBİB-dəki altıaylıq fəaliyyəti zamanı əsas diqqət kadr və idarəetmə strukturunun yenilənməsinə, tibb işçilərinin əməkhaqqılarının artırılmasına, xidmət keyfiyyətinə nəzarətə, rəqəmsal həllərin tətbiqinə və regionlarda tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsinə yönəlib.
Anar Bayramov səhiyyə naziri vəzifəsinə sistemdə struktur dəyişikliklərinin aparıldığı bir vaxtda təyin edilib. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yeni nazirin qarşısında dövlət səhiyyə siyasəti, tibbi xidmətlərin təşkili, ictimai səhiyyə və tabeli qurumların fəaliyyətinin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsi vəzifəsini qoyur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı
Alyona Əliyeva konsertdə - Fotolar
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı