"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasının 1999-2000-ci illərdən başladığını, 2005-ci il parlament seçkilərində isə bu mübarizənin daha təhlükəli xarakter aldığını iddia edir.

Həmin yazını təqdim edirik:

"Hə, dostlar… Bu gün sizi illər öncəyə - 2005-ci ilə aparacağam. Bəlkə də, deyəcəksiniz "gecikmisən!" Yox, mən gecikmədim. Sadəcə, vaxtını gözlədim. Məni tanıyanlar bilir, səbrim çox genişdir… Gözlədim… Səbir etdim… Ta ki, həqiqətin üzə çıxdığı, məhkəmənin qərarını verdiyi günə qədər. Və bu gün - məhz o gündür. Heç vaxt yıxılanla mübarizə aparmamışam, bundan sonra da aparmaram. Amma Ramiz Mehdiyevin bu gününü səbirsizliklə gözləmişəm, yalan nə deyim? Onun iç üzü açılanda bu yazını yazacaqdım. Ancaq gördüm ki, vaxtilə ona "ata", "ağsaqqal", "rəhbər" deyib əl-ayağını öpənlər "Boz kardinal"ın əleyhinə elə yazılar yazdılar ki, mənim sözlərim onların arasında itib-batacaqdı. Ona görə də məhkəmənin qərarını gözlədim. Ramiz Mehdiyev… O məşhur "Boz kardinal"! 14 il həbs cəzası, milyardlarla sərvətin müsadirəsi… 1999-2000-ci illər… Rəhbərlik etdiyim qəzetin bağlanmasına çalışan, Siruz Təbrizlini üstümə göndərən, yolumu hər tərəfdən kəsməyə cəhd edən adam. Mənim kimi neçə-neçə insanın həyatına müdaxilə edən, vicdanlı, Vətənini sevən insanlara qarşı kin və nifrət bəsləyən Ramiz Mehdiyev!

İlk savaşım 1999-2000-ci illərdə başladı. Mehdiyevin qoruduğu, milyardlar qazandırdığı birindən müsahibə almışdıq. Həmin şəxsin Ümummilli liderimizə və ailəsinə qarşı dediyi sözləri dərc etmişdik. Mehdiyev məndən tələb edirdi ki, müsahibəni guya özümüzün uydurduğumuzu deyim. Etiraz etdim. Bu dəfə güc strukturlarından birinin rəhbəri zəng etdi. Ona da "yox" dedim! Axşam nazirin köməkçisi ofisimə gəldi. Natəvanın heykəlinə yaxın küçələrdən birində mənə birotaqlı ev təklif edirdi ki, müsahibəni əməkdaşımızın özünün yazdığını deyim. Belə olsaydı, bütün məsuliyyət həmin əməkdaşın üzərinə düşəcəkdi. Gerisinin necə olacağını isə özünüz bilirsiniz… Yenə "yox" dedim. Səhəri gün o vaxtkı mətbuat naziri Siruz Təbrizli məni nazirliyə çağırdı. Əvvəl çığırıb-bağırdı, sonra təkliflər yağışı başladı. Qəzeti bağlamağım müqabilində yeni adda qəzet, təzə kompüterlər və üstəlik, 20 min dollar təklif olunurdu. Cavabım qəti idi: "Mümkün deyil! Bu, olmayacaq!" Məhkəməyə verildim. Uzun mübarizə apardıq. Nazirliyin qarşısında qələm qırma aksiyasına qədər getdik. Nəhayət, Ümummilli liderimizin sayəsində məhkəmədə qalib gəldik, haqq-ədalət öz yerini tapdı.

Onu da deyim ki, bu məsələdə o vaxt MTN-in (indiki DTX-nin) rəhbəri Namiq Abbasovun da mənə köməyi dəydi. O, Ümummilli liderimizə mənimlə bağlı doğru məlumatlar çatdırmışdı. Mehdiyevin insanlara necə ləkə yaxdığını, böhtanlar uydurduğunu onu tanıyanlar yaxşı bilirdi. Mən də Namiq müəllimin köməyi sayəsində haqqımda deyilən yalanlardan qurtulmuşdum. Beləcə, ilk qələbəmi qazandım…

2005-ci il. Mətbuatın inkişafındakı xidmətlərimə görə mənə "Tərəqqi" medalı verilməsinə mane olmaq üçün Mehdiyev əlindən gələni etdi. Adımı siyahıdan çıxartdırdı. Tədbir Gülüstan sarayında keçirilirdi. Adımın siyahıda olmayacağını bildiyim üçün adlar oxunanda heç qulaq asmırdım. Birdən ətrafımdakıların mənə baxdığını, qolumdan tutduqlarını hiss etdim. Hamı mənə baxırdı. İnanmırdım… Prezidentimizə baxdım. Göz-gözə gəldik. Üzündəki təbəssümü heç vaxt unutmayacağam. Gözlərim dolmuşdu. Axı adım siyahıdan silinmişdi… Çox sonra öyrəndim ki, Prezidentimiz adımı həmin siyahıya şəxsən özü qeyd etdirib. Bu da növbəti qələbəm idi.

Elə həmin il 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. İnsanlarla birbaşa ünsiyyətə əsaslanan, səmimi təbliğat kampaniyasına başladım. Ağdamın kəndlərini qarış-qarış gəzdiyimi, hər evdə insanlarla görüşdüyümü o prosesdə iştirak edənlər yaxşı xatırlayırlar. Qadınları görüşlərə cəlb etmək, cəbhə bölgəsindəki kəndlərə gecə-gündüz getmək, insanların inamını qazanmaq asan deyildi. Amma bacardım. Və bir gün… O vaxt Ağdamın icra başçısı olan, Ramiz Mehdiyevin ən yaxın adamlarından sayılan Həsən Sarıyev məni yanına çağırdı. "Bu dairədən getməlisən. Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin" dedi. Mən sakitcə cavab verdim: "Bu, demokratik seçkidir. Qoy seçici qərar versin. Mən də, Bəxtiyar da mübarizə aparaq. Kim layiqdirsə, o da qazansın". Sarıyev məndən Aqil Abbasın dairəsinə keçməyimi istədi və Mehdiyevin məni oradan seçdirəcəyinə söz verdiyini bildirdi. Yenə "yox" dedim. Üstəlik, Aqil Abbasla namizədliyimizi irəli sürməzdən əvvəl görüşüb dairələrimizi razılaşdırmışdıq. Sarıyev gördü ki, fikrimdən dönən deyiləm. Beləcə, açıq mübarizə başladı. Qaradağlı, Sarıcalı və Əfətli kəndlərinə getməyimə mane olurdu. Son görüşümüzdə həmin kəndlərə niyə getdiyimi soruşdu. O kəndlərdə yaşayanların da mənim seçicilərim olduğunu xatırladanda belə cavab verdi: "O kəndlərin adamları prezident seçkilərində qutuları yandırıblar, müxalifətdirlər."

Halbuki həmin kəndlərin sakinləri İlham Əliyevi dəstəkləyən, ona səs verən insanlar idi. Sarıyevdən narazı olan seçicilər öz dərdlərini, sirlərini mənə danışırdılar. Onların dediklərinə görə, prezident seçkiləri zamanı qutuların yandırılması da Sarıyev-Mehdiyev oyununun bir hissəsi olmuşdu. İctimai Televiziyada çıxışım zamanı həmin kəndlərin insanlarının Prezidentə sevgisini, inamını vurğuladım, mesajlarını efirdən ona çatdırdım. Bu çıxışdan sonra Ramiz Mehdiyevin mənə qarşı münasibəti daha da sərtləşdi. Haqqımda yalan məlumatlar və böhtanlar yayılmağa başladı. Hətta yazıq anamın erməni olması barədə şayiələr uydururdular. Görüşlərimə pul verilmiş, əvvəlcədən öyrədilmiş qadınlar göndərilir, ən çirkin iftiralar yayılırdı. Mehdiyevin üsulu belə idi…

İş o yerə çatmışdı ki, məni avtomobil qəzasına salmaq üçün plan qurulduğunu da öyrəndim. Xəbəri iki gün əvvəl almışdım. Komandamda Sarıyevin pulla ələ aldığı adamlardan biri vardı. Kim olduğunu bilsək də, onu komandadan uzaqlaşdırmırdım. Həmin gün gedəcəyim ünvan barədə ona yanlış məlumat verdim və başqa yolla getdim. Beləcə, qəzadan xilas oldum. Mehdiyev özündən çıxmışdı. Müşavirələrdə mənə qarşı açıq-aşkar kin püskürürdü. Həmin gizli müşavirələrin birində iştirak edən keçmiş polis rəisi mənə zəng edib "Gənc qadınsan, çəkil bu mübarizədən. Sən bu adamı tanımırsan. Həyatını puç etmə!" dedi. Amma seçkiyə günlər qalmışdı. Artıq geriyə yol yox idi…

Səsverməyə bir gün qalmış məni Apellyasiya Məhkəməsinə çağırdılar. Guya, şikayət vardı. Bakıya qayıtdım. Məhkəmənin qarşısında məni gözləyən onlarla seçicimi, zalda isə Sarıyevin əlaltılarını gördüm. Onlardan birinin adı Eldar idi. Üzümə baxıb dedi: "Dünən gecə saat 2-də mənə 15 manat verdin ki, sənə səs verim." Dəhşətli an idi… Hakim çarəsiz görünürdü. Heç nə demədim, zalı sakitcə tərk etdim. Çünki qərarın əvvəlcədən verildiyi aydın idi. Məhkəmənin qarşısında məni gözləyən seçicilərim vardı. Hiss edirdim ki, Ramiz Mehdiyevin növbəti planı işə düşür: orada səs-küy yaratmaq, sonra da mənə "müxalifət" damğası vurmaq. Mehdiyevin mənim seçkidən narazı olduğum, beynəlxalq qurumlara müraciət etdiyim barədə məlumat yaymaq planını pozmalı idim. Tək çıxış yolum İTV-də danışmaq idi. Sağ olsun Ömərov! O vaxt Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Hər televiziya rəhbəri belə cəsarət göstərə bilməzdi, amma o göstərdi. Müsahibə zamanı "Mən bu ölkədə rastlaşdığım problemi hansısa beynəlxalq quruma deyil, yalnız inandığım, səs verdiyim, sevdiyim Prezidentimə deyərəm" dedim və beləliklə, Mehdiyevin bu planı da baş tutmadı. Həmin seçkidən sonra dövlət tədbirlərinə, media ilə bağlı toplantılara bir daha dəvət olunmadım.

Təəssüf ki, o vəzifədən gedəndən sonra da onun vaxtında işə götürdüyü və bu gün də orada çalışan bir-iki nəfər Mehdiyevin tapşırıqlarından çıxa bilmir. Hələ də adımı media ilə bağlı keçirilən tədbirlərin siyahısına yazmırlar. Yəqin, Mehdiyevin yenidən zühur edəcəyinə inanırlar. İllərlə Mehdiyevin bir gün gedəcəyini, mənim də aydınlığa çıxacağımı gözlədim. Bir də baxdım ki, 25 yaşından arzularla yaşayan bəndəniz artıq 50-ni keçib… Heç bir vəzifəm, sərvətim, iddiam yox idi. Sadəcə, Vətənimi, dövlətimi, Prezidentimi sevən bir insan idim. Yaltaqlanmağı bacarmırdım. Mehdiyevin nifrətini qazanmağımın səbəbi də bu idi. Gec də olsa, Mehdiyev yaşatdığını yaşayır. Ən ağırı isə bütün bunları ömrünün bu çağında yaşamasıdır. Mal-mülk naminə neçə-neçə insanın arzularını, xəyallarını məhv etdi, insanları küsdürdü, həyatları dağıtdı. Düzdür, min bir xainliklə qazandığı milyonlar əlindən çıxdı. Ailəsinə qoyduğu miras isə Vətən xaini adıdır!

Ramiz Mehdiyevin həyatı hər kəs üçün dərs olmalıdır. Vətəninə, işlədiyi insana xəyanət edənlər, vəzifəsinə, puluna, imtiyazına güvənərək başqalarını əzənlər, ləkələyənlər, əməyini heçə sayanlar, günahsız insanların yolunu kəsənlər bilməlidirlər ki, bu dünyada hər kəs yaşatdığını bir gün yaşayır. Ramiz Mehdiyev kimi… Çalışın, haqqınızda yaxşı danışsınlar, haqqınızda yaxşı yazılar yazılsın. Çünki insanın arxasında qoyduğu ən böyük sərvət onun təmiz adıdır. Bu da hər kəsə nəsib olmur! Mehdiyev kimi!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 513   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28 oktyabr
.

Aylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ

Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni

27 oktyabr
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

28 oktyabr
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

28 oktyabr
.

Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu

Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib

28 oktyabr
.

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

28 oktyabr
.

Hansı əmlaka yatırım etmək daha sərfəlidir? - Mənzil, torpaq, yoxsa obyekt - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün mənzil, torpaq sahəsi və qeyri-yaşayış obyektləri əsas seçimlər sırasındadır. Lakin bu əmlak növlərinin gəlirlilik imkanları, riskləri və özünü doğrultma müddəti fərqlənir. Bəs hazırda hansı əmlak növünə yatırım etmək daha sərfəlidir? Kirayədən gəlir əld

28 oktyabr