Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı
Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı formalaşdırılmış mifləri cəmi 44 günə darmadağın etdi. Noyabrın 9-dan 10-na keçən gecə isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu Qələbə yalnız döyüş meydanında əldə olunmayıb, eyni zamanda, Azərbaycanın diplomatik və siyasi uğurları ilə tamamlanaraq Zəfər Gününü tariximizdə əbədi iz buraxan əlamətdar hadisəyə çevirdi.
Üçtərəfli Bəyanat Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə birdəfəlik son qoydu və regiondakı sabitliyi pozan bütün planları alt-üst etdi. "Böyük Ermənistan" xəyalı artıq reallıqda yer tutmadı, keçmiş "Dağlıq Qarabağ"ın statusu isə tarixin arxivinə atıldı. İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə yalnız torpaqların azad olunması ilə yekunlaşmayıb, həm də ədalətin bərpası və xalqın haqqının tanınması baxımından əhəmiyyətli mərhələ oldu. Tarixi Qələbə Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük potensialını açıq şəkildə nümayiş etdirdi. Reallıq göstərdi ki, müstəqillik dövründə yetişən nəsil dövlətçilik ənənələrinə sadiq, tarixi yaddaşı qoruyan, vətənpərvər və iradəli gənclik oldu. Bu nəsil iki əsr ərzində həll olunması mümkün görünməyən münaqişəni "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 gündə sona yetirdi. BMT tarixində isə ilk dəfə belə bir mötəbər qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməyə məcbur oldu.
Son altı il ölkəmiz üçün tarixi hadisələrlə zəngin bir dövr oldu. Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilmiş silahlı birləşmələr hələ də vaxtaşırı təxribatlar və terror aktları törətməklə təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatları uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xəttə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu.
2023-cü ilin oktyabrın 15-də xalqımız növbəti tarixi anın şahidi oldu. Dövlətimizin başçısı İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə-Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq yeni bir şanlı səhifə açdı, xalqımıza böyük sevinc və qürur bəxş etdi. Dövlət başçımızın 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda 3 000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Təntənəli Paradı Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda, həmçinin yerli və xarici rəsmi qonaqlar, eləcə də diplomatik korpusun nümayəndələri iştirak etdilər.
Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alındı. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib.
Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı oldu.
Bu gün azad edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı inşaat və quruculuq işləri aparılır. Burada müasir infrastruktur, məktəblər, xəstəxanalar, yaşayış binaları, mədəniyyət ocaqları, məscidlər, muzeylər, hava limanları, dəmir yolları və tunellər inşa olunur. Bütün bu işlər Azərbaycanın azad edilmiş torpaqları tezliklə əvvəlkindən də gözəl şəkildə dirçəldəcəyinin göstəricisidir.
İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri azad edilmiş torpaqlarda insan həyatının bərpası və sosial rifahın təmin olunmasıdır. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün mühüm addımlar atılır. Son illər Zəngilanın Ağalı kəndində "Smart DOST" məntəqəsi, Qarabağ Regional DOST Mərkəzi, bu mərkəzin Şuşa filialı açılıb. 2025-ci ildən isə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsi istifadəyə verilib. Burada, eyni zamanda, məşğulluq xidmətləri, habelə Kicik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşları tərəfindən xidmətlər göstərilir və gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur. Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətimizin möhkəm iradəsinin və hər bir vətəndaşımızın qəhrəmanlıq ruhunun parlaq təcəssümüdür. Qazandığımız Qələbə həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün əbədiləşən bir örnəkdir.
Şəmsiyyə Əliqızı - araşdırmaçı jurnalist
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır