The Economist: Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır

The Economist: Amerikanın immiqrasiya siyasəti iflasa uğrayırABŞ-də cənub sərhədindən qaynaqlanan yeni bir miqrasiya dalğası onsuz da yüklənmiş sistemi daha da gərir və bu Prezident Cozef Baydenə seçkilərdə baha başa gələ bilər.

Sonxeber.az "The Economist"in "Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır" sərlövhəli məqaləsini təqdim edir:

Deməli, Amerikaya gəlmək istəyirsiniz. Ölkəniz Venesuela Nikolas Maduronun qəddar kleptokratiyasından əziyyət çəkir. Nə etməli? Yaşıl kart ("green card" – red.) almaqda uğurlar: işəgötürənlər sizin kimi aşağıixtisaslı işçiyə sponsorluq edəsi deyil, həm də Amerikada arxalanacağınız yaxın qohumunuz yoxdur. Vatsapınız Amerikanın cənub sərhədini keçən dostların xəbərləri ilə doludur. Onların yolu ilə getmək qərarına gəlirsiniz və cəhənnəm səyahətindən sonra Rio-Qrandeyə çatırsınız. Gözə dəymədən sürüşüb keçə bilərsiniz – keçən il təxminən 600 min qaçaq bunu bacarıb. Yaxud sizi saxlamış sərhədçilərə sığınacaq istədiyinizi söyləyə bilərsiniz. Çox güman ki, onlar sizi bir neçə aydan sonra təyin edilmiş məhkəmə tarixi ilə azad edəcəklər və illərlə çəkə biləcək bir prosesə başlayacaqlar. Amerikaya xoş gəlmisiniz.

2023-cü ilin noyabrında 250 minə yaxın miqrant cənub sərhədini keçib. Bu sıçrayış və Amerikanın sərhədlərinin açıq qaldığı duyğusu prezident Cozef Bayden üçün nəhəng siyasi məsuliyyətdir. Amerikalıların yalnız 27 %-i sosioloqlara onun sərhədlə bağlı hərəkətlərini təqdir etdiklərini bildirib. Bu məsələdə Donald Trampa etibar edənlər iki dəfədən çoxdur. Cənub sərhədində artan miqrasiyanın cənab Baydenə noyabrda keçiriləcək seçkilərdə baha başa gələ bilməsi bu problemin həllini çətinləşdirir. Sərhəd təhlükəsizliyi və sığınacaq məhdudiyyətləri müqabilində Ukraynanın maliyyələşdirilməsinə dair razılaşma üzərində mübahisə aylarla uzanıb. Senat liderləri razılaşmaya yaxın olduqlarını bildirsələr də, bəzi respublikaçılar, o cümlədən cənab Tramp sərhəddəki xaosun daha da böyüməsini və seçki kampaniyası zamanı onu Baydenin başına daha yaxşı qaxmaq istəyir.

Bu sıçrayış bir neçə amillə açıqlana bilər: dünyada zorakılıq və qeyri-sabitlik; Amerikada çoxlu iş yerləri; cənab Baydenin sələfindən daha qonaqpərvər olduğu barədə dəqiq təsəvvür; qanuni olaraq gəlmək üçün yöndəmsiz, məhdud yollar. Kato İnstitutundan Devid Bier qeyd edir ki, ifrat yüklənmiş sərhəd aparatı daha çox keçidə yol açır. İnsanlar həbs olunma və deportasiya olunma ehtimalının az olduğunu eşidəndə şansını daha çox sınayır.

Onilliklər boyu laqeydlik və partiyalararası dava Amerikanın immiqrasiya sisteminə ziyan vurub və elə bir vəziyyət yaranıb ki, immiqrantlar uzunmüddətli səylərin əvəzinə sığınacaq axtarışına ölkəyə daxil olmağın ən etibarlı yolu kimi baxırlar. Konqres immiqrasiya qanununda sonuncu mənalı islahatı 1990-cı ildə edib. O vaxtdan bəri hərtərəfli ikipartiyalı islahatlar bir neçə dəfə yaxın görünsə də, hər dəfə süquta uğrayıb. 2006, 2007 və 2013-cü illərdə Senatın ikipartiyalı qanun layihələrinə sənədsiz immiqrantlar üçün vətəndaşlıq imkanı, işçilər üçün daha çox viza və sərhəddə daha sərt tətbiqlər daxil idi. Son illərdə demokratlar əsasən DACA daşıyıcılarını, yəni Amerikaya uşaq ikən gətirilmiş mühacirləri deportasiyadan qorumaq arzusu ilə canlanıblar.

Cənab Trampın namizədliyi immiqrasiya siyasətini alt-üst edib. O, 2015-ci ildə kampaniyasına başlayanda ölkə üzrə saxlanılmış miqrantların sayı 1971-ci ildən bəri ən aşağı səviyyədə idi. Bu fakt, sözsüz, cənab Trampın miqrantların Amerikanın həyat tərzini təhdid etdiyini bəyan etməsinə əngəl olmayıb ("Onlar narkotik gətirirlər. Cinayət gətirirlər. Onlar təcavüzkardırlar. Bəziləri isə, yəqin ki, yaxşı insanlardır"). 2019-cu ildə cənub sərhədində qanunsuz girişlərin sayı anidən artıb. Cənab Tramp həbsi çəkindirmə vasitəsi kimi görüb və sığınacaq iddiaları gözlənilən bəzi miqrantları Meksikada gözləməyə məcbur edib. Bir vaxtlar onun prezidentliyi dövründə 57 minə yaxın insan saxlanılıb. Sıçrayış o qədər böyük idi ki, hətta cənab Tramp miqrantların dörddəbirini immiqrasiya məhkəməsində iştirak vərəqəsi ilə (NTA) tez bir zamanda ölkəyə buraxıb.

Cənab Bayden həbslərin sayını azaldıb (bu gün həbsdə olanların sayı təxminən 38 mindir) və Meksikada qalmaq tələbini ləğv edib. O, daha az təsirli vasitələri sınayıb. Onun administrasiyası miqrantları smartfon aplikasiyası vasitəsilə təyin olunmuş görüşlər üçün gəldikləri giriş nöqtələrinə yönəltmək istəyir. Əksəriyyəti bir və ya iki il qalmaq icazəsi ilə qəbul edilir. Əksinə, qanunsuz yolla ölkəyə daxil olmuş insanlar bir neçə kiçik istisna olmaqla, sığınacaq üçün uyğun olmayan hesab edilir və dərhal deportasiya edilirlər.

Ən azı bu belə işləməlidir. Reallıqda qanunsuz yollarla keçən miqrantların əksəriyyəti hələ də ölkəyə buraxılır və qanunsuz gələnlər rəsmi keçidlərdə olanları xeyli üstələyir. Bir gün Amerika torpağına ayaq basmış bir miqrant sığınacaq tələb edə bilər, bu da sığınacaq məmurunun onu yoxlanışdan keçirməsini nəzərdə tutur. Cənab Baydenin həbsləri davam etdirmək istəməməsi və sığınacaq məmurlarının sayının yetərsiz olması səbəbindən noyabr ayında hər on nəfərdən yeddisinə məhkəmədə iştirak vərəqəsi verilib və yola salınıb.

Ötən il Bayden administrasiyası ərizəçilərin Amerikada maliyyə sponsoru tapdığı halda, hər ay 30 min kubalı, haitili, nikaraqualı və venesuelalını şərti azadlığa buraxmağa başlayıb. Yenə məqsəd axınları daha nizamlı etmək və qanunsuz daxilolmaları azaltmaq olub. İqamət icazəsi ikiilliyinə verilir, lakin istənilən vaxt ləğv edilə bilər. Haitililərin, nikaraqualıların və kubalıların qanunsuz keçidləri kəskin şəkildə azalıb. Amma Amerika ilə sosial əlaqələri daha az olan venesuelalılar qanunsuz şəkildə daxil olmağa davam edirlər. "İndi gələn venesuelalıların əksəriyyətinin ailəsi, dostları, qohumları yoxdur", – Buş və Obama administrasiyalarında Daxili Təhlükəsizlik Departamentində çalışmış Tereza Kardinal Braun deyib.

Sərhədi keçdikdən sonra miqrantlar şəhərlərə üz tuturlar. Nyu-York, Çikaqo və Denverdəki sığınacaq sistemləri yüklənib və onların merləri cənab Baydendən yardım istəyirlər. Bu, qismən demokratların idarə etdiyi şəhərlərə miqrantları daşıyan Texasın respublikaçı qubernatoru Qreq Ebbotun xidmətidir. Lakin böyük şəhərlər həm də miqrantlar üçün təbii maqnitdir.

Əlində məhkəmədə iştirak vərəqəsi ilə yenicə gələnlər məhkəmə sisteminə daxil olurlar, burada çözülməmiş işlərin sayı hakimlərin öhdəsindən gələ biləcəyindən daha sürətlə artır. Noyabrda immiqrasiya məhkəməsində işlərin sayı 3 milyonu ötüb. Sığınacaqla bağlı ilkin dinləməyə tarix almaq üçün orta hesabla dörd ildən çox vaxt lazımdır. Konqresin Tədqiqat Xidmətinin hesablamalarına görə, hakimlərin sayının iki dəfə artırılması yüklənməni aradan qaldıracaq, lakin bu, 2023-ci ilədək ancaq olacaq.

Sığınacaqla bağlı işlərin yarısı rədd edilir, qərarlar isə dəyişkəndir. Hyustonda hakimlərdən biri keçən il onun sığınacaq iddialarının 95 %-ni rədd edib; San-Fransiskodakı digəri onun yalnız 1%-ni rədd edib. Lakin uzunmüddətli gözləmə, həbs ehtimalının aşağı olması və Amerikada işləmək perspektivi iddiası zəif olan miqrantları sərhədi keçməyə həvəsləndirir. Kornell Hüquq Məktəbindən Stiven Yel-Lor qeyd edir ki, ən son gələnlərin işlərinə üstünlük vermək bu həvəsi azaldar. Görünür, mükafat məhkəmədə iştirak vərəqəsi deyil, deportasiya olarsa, uzun səyahət elə də cəlbedici olmayacaq.

Qarşıdakı seçkilər, cənab Trampın sərhəd məsələlərindəki hiss edilən gücü və cənab Baydenin Ukraynanı silahlandırmaq istəyi o deməkdir ki, prezidentin razılıq əldə etmək istəyi var. Onun daha sərt sərhəd mühafizəsinə hazır olması, şübhəsiz ki, amerikalıların immiqrasiya ilə bağlı sağçı yönündən qaynaqlanır. "YouGov"ın sorğusu göstərir ki, daha çox amerikalı cənub sərhədində divar tikintisinə üstünlük verir. Demokratların hətta 32 %-i bu ideyanı dəstəklədiklərini deyir, 2022-ci ildə bu rəqəm 20 % olub.

Nümayəndələr Palatasının və Senatın islahatlarla bağlı razılığa gələ bilib-bilməyəcəyi sual altındadır. Razılaşmaya sərhədçilərə daha çox maliyyə ayrılması, görüşlər müəyyən səviyyəyə çatarsa, miqrantların qəbulunu dayandırmaq imkanı, miqrantların müsahibədən keçmələri üçün daha yüksək yetərliliyin nəzərdə tutulması (belə ki sığınacağa uyğun gəlməyənlər ölkəyə buraxılmasınlar) və şərti azadlığa buraxılmaya məhdudiyyət daxildir. Sığınacaq qaydalarına edilən, yəqin ki, istənilən dəyişikliyə məhkəmələrdə etiraz ediləcək.

Lakin Nümayəndələr Palatasındakı respublikaçıları tez-tez sərt immiqrasiya qanun layihəsi olan HR2-dan başqa heç bir şeyi qəbul etməyəcəklərini təkid ediblər. Solçu proqressivistlər sığınacaq əldə etmək imkanını sərtləşdirmək istəmirlər. Hər iki qrup diqqətli olmalıdır. "The Economist" və "YouGov"ın yeni sorğusu göstərir ki, bir çox amerikalılar Konqresin həm Ukraynanı maliyyələşdirən, həm də sığınacaq verilməsini məhdudlaşdıran qanun layihəsini qəbul etməsini istəyir. Siyasətçilər öz seçicilərini diqqətdən kənarda qoymamalıdırlar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 438   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır

İsveçrə hökuməti ölkə əhalisinin sayının məhdudlaşdırılmasını tələb edən "10 milyonluq İsveçrəyə yox!" təşəbbüsü ilə bağlı 14 iyun tarixinə referendum təyin edib. "Report" xəbər verir ki, bu təşəbbüsün dəstəyi ilə İsveçrə hökuməti 2050-ci ilə qədər əhalinin 9,5 milyon nəfər və dah

24 may
.

Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur

ABŞ-nin Kentukki ştatının Uilyamstaun qəsəbəsində, İncildə bəhs edilən ölçülərə uyğun olaraq 100 milyon dollar büdcə ilə inşa edilən nəhəng Nuhun Gəmisi parkı - "Ark Encounter" iyulun 7-də qapılarını ziyarətçilərin üzünə açır. Restoran və zoopark kimi də fəaliyyət göstərəcək bu nəhəng layihəy

24 may
.

Pakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada

24 may
.

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOlar

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. İşıqlandırma mərasimi Diasporla İş üzrə Dövlət Komitəsini

27 may
.

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı əfsanəvi firon heykəlinin ikinci hissəsi aşkarlanıb. Tapıntı alimlər tərəfindən son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin məlumatına görə, 2024-cü ilin yanvarında Qahirənin cənubundak

25 may
.

Günəşdə güclü partlayışlar gözlənilir

Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "26 və 27 may tarixlərində Günəşd

26 may
.

"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı

"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU

24 may
.

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c

24 may
.

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb

Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. "Report" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb

24 may