Müşfiq Şahverdiyev: "Göbəkdən aşağı zarafatları pul qazanmaq üçün edirik"

Müşfiq Şahverdiyev: "Göbəkdən aşağı zarafatları pul qazanmaq üçün edirik""Komedixana" komandası ilə düşmən deyiləm. Hamıyla dost münasibətləri saxlayıram. Sadəcə yoruldumsa və üstəlik özümü də orada görmürəmsə, həmin layihədən uzaqlaşıram. Bu o demək deyil ki, kiminləsə yola getməmişəm, pis rəftar görmüşəm və ya başqa bir çətinliyim olub".

Bunu Teleqraf.com-a müsahibəsində tanınmış aktyor Müşfiq Şahverdiyev deyib.

Onunla müsahibəni təqdim edirik.

- Xəzər TV-də yayımlanan "Komedixana" verilişindən ayrılmağınıza səbəb nə idi?

- Keçən ilin dekabrında "Komedixana"dan ayrıldım. "Komedixana" yaranandan orada iştirak edirdim. Arada ayrıldım, sonra yenə qayıtdım. Kiçik problemlər olmuşdu. Televiziyanın köhnə rəhbərliyi ilə yola gedə bilmirdim. Ona görə müəyyən vaxt layihədən uzaqlaşmalı oldum.

Televiziyaya Xalq artisti Murad Dadaşov rəhbər təyin ediləndə vəziyyət dəyişdi. Onunla çox yaxşı münasibətimiz var. Murad Dadaşov məni dəvət etdi və "Komedixana"da yenidən fəaliyyətə başladım. İki ildən çox orada fəaliyyət göstərdim.

"Komedixana"nın üzvləriylə bu gün də danışırıq, görüşürük, münasibətimiz əladır. Sadəcə qeyd etdiyim kimi, sıxıldığımı hiss etdim.

Orada işləyən uşaqların hamısı bilir ki, mənim bir neçə işə imza atmaq qabiliyyətim var. Film sektorunda 2014-cü ildə borc-xərc pul tapdım, film çəkdim. Orada çalışanlardan bir neçəsi filmimdə iştirak etdi. Məsələn, Ənvər Abbasov həm ssenarist, həm də aktyor kimi filmdə yer aldı.

- Deyilənə görə, "Komedixana"da qonorar yüksəkdir...

- "Komedixana"da hər aktyorun özünün qonorarı var. Mənim qonorarım yaxşı olub, narazı qalmamışam. Ümumiyyətlə, deyim ki, nə qonorara görə, nə söz-söhbətlə, nə də dava-dalaşla oradan uzaqlaşmışam. Sadəcə konsertdən sonra hiss elədim ki, yenilik axtarmalıyam. Beləcə, "Komedixana"dan istirahətə getdim.

İstirahətdən sonra film üçün ssenari yazmağa başladıq. İndi də gözəl bir təklif gəldi. Bu, mənim üçün yenilikdir. Elməddin Cəfərovla 23 il sonra bir araya gəlməyimiz maraqlıdır. Hər ikimiz serialda baş rolda olacağıq. Bir çox tanınmışlar çəkiləcək. Keyfiyyətli serial təqdim etməyi düşünürük.

- Müşfiq bəy, Elməddin Cəfərovla yeni seriala çəkiləcəksiniz. Serial haqqında məlumat verməyinizi istərdik.

- Elməddin Cəfərovla "Tək səbir" verilişindən 23 il sonra ilk dəfə bir araya gəldik. Bu serialdan gözləntilərimiz yüksəkdir. Elməddin Cəfərovla Müşfiq Şahverdiyevin layihəsi necə olacaq - hamıya maraqlıdır. Serialın adı "Qara-qura işlər"dir. Adından da məlumdur ki, serialda qara-qura işlər olacaq.

Serial ATV kanalında yayımlanacaq. Bu günlərdə ilk məşqə başlayacağıq. Ekran əsəri həftədə bir dəfə yayımlanacaq.

- Yeni mövsümdə "Xəzər" televiziyasında "Biş-düş" adlı verilişiniz davam edəcəkmi?

- Mən çalışıram ki, çalışdığım iş yerləri ilə heç vaxt münasibəti bitirməyim və itirməyim. Verilişimiz sezon finalına çıxdı. İnşallah verilişimiz "Xəzər" televiziyasında yenidən yayımlanacaq.

Yeni mövsümdə fərqli bir veriliş də ola bilər. İnanıram ki, kanal rəhbərliyinin mənimlə bağlı fikri düşündüyüm kimidir. Çalışıram, iş yeri ilə danışım ki, mənim üçün çərçivə yaradılmasın. Başqa yerdə də işləyim və oradan da qazanım.

Dörd-beş il sonra bu enerjidə işləyə bilməyəcəyik. İmkan varkən çalışaq. Bəzi şirkətlər var ki, səni özəlləşdirmək istəyirlər. Sən bu şirkətdə fəaliyyət göstərirsənsə, başqa yerdə filmə çəkilə bilməzsən. Bu, düzgün deyil.

- Xarici ölkələrdə və qardaş Türkiyədə də bu sistem var. Aktyorla müqavilə bağlanır və ona yüksək qonorar təqdim edilir. Amma Azərbaycanda bu sahə hələ təkmilləşməyib.

- Bəli. Bu sistemi həyata keçirmək istəyirsənsə, həyata keçir. Amma iki-üç layihə təqdim et və hər layihəyə 10-15 min manat pul ver. Bu aktyor da xarici məşhurlar kimi yaşasın. Sən on layihə təqdim edib, xaricdəki bir layihənin pulunu verirsənsə, düzgün deyil. Bu səbəbdən də bu kimi qadağaların əleyhinəyəm.

Aktyor harada istəyir işləsin pulunu qazansın. Yox, əgər istəyirsənsə aktyor yalnız sənin şirkətinin əməkdaşı olsun, onda yüksək qonorar ver və o, başqa yerdə çalışmağa ehtiyac duymasın.

- Film istehsalçısı, "Cinemazadeh"in direktoru Cəfər Axundzadə ilə məhkəmə prosesində uduzdunuz. Qərara əsasən, qarşı tərəfə 26 min manat təzminat ödəməlisiniz.

- Məhkəmə hələ də davam edir, proses bitməyib. Bizim Cəfər Axundzadə ilə bir yox, iki-üç məhkəməmiz var. Məhkəmənin biri bitib, biri yox. Bunu Cəfər Axundzadə davam etdirir, mən də heç bir reaksiya vermirəm. Qoy nə qədər boş vaxtı var, məşğul olsun...

Məhkəmələrin yerinə layihələr üzərində işləsəydik, daha səmərəli olardı. Mən hətta Cəfər Axundzadə ilə barışmaq da istədim ki, məsələləri yoluna qoyaq. O mənimlə razılaşmadı. Nahaqdan təzminat məsələsini irəli sürüblər. Hansısa səbəbdən iş uzanır. Mənə filmə çəkilmək üçün beh verilib. Müqavilə bağlanılıb və bəndlərin birində qeyd edilib ki, heç bir ekran əsərində çəkilə bilməz. Mənim heç yerdə işləməyimə icazə vermir və üç ildən sonra da deyir ki, pulumu geri qaytar. Məndən behini geri istəyir.

Təbii ki, dövlətimizin qanunu var. Mən işimi davam etdirirəm. Görək iş nəticə etibarilə hara qədər gedəcək. Məhkəmə prosesinin sonunu gözləyək, amma işlərimə davam edirəm. Allahın köməyi ilə haqq-ədalət yerini tapacaq. Əlimdə sübutlarım var.

Hətta onu da bildirim ki, qarşı tərəfə barışıq əli uzatdım və dedim ki, gəl film çəkək. Cəfər Axundzadə razı olmadı. Dedi ki, pulu qaytar. Bu, düzgün deyil.

- Yeni serialdan əldə edəcəyiniz qonorarı açıqlaya bilərsiniz? Bildiyimizə görə, komediya aktyorları arasında ən yüksək qonorar alanlardan biri sizsiniz.

- Məbləği açıqlaya bilmərəm, amma bizim zəhmətimizi normal qiymətləndirirlər. Ona görə də qonorarımızdan razıyam. Allaha şükür, bizi bu sahədə həmişə yüksək qiymətləndiriblər. Tamaşaçının sevgisini qazanmışıq və böyük kütləmiz var. Televiziya və film şirkətləri də ona uyğun qonorar təqdim edirlər.

- Bir müddət komediya janrında xeyli filmlər çəkildi. Amma film və seriallardakı yüngül zarafatlar, söyüşlər tənqid edildi. "Qara-qura işlər" serialında bu kimi hallara diqqət edəcəksinizmi?

- Mən və Elməddin Cəfərov siz deyən halların əleyhinəyik. Serialın ssenari müəllifləri Azər və Elsəvərdir. Onlar da bizim kimi düşündükləri üçün bacardığımız qədər göbəkdən aşağı zarafatlardan uzaq olacağıq. Düzdür, "Komedixana"da da o cür zarafatlar olurdu. Biz bu zarafatları pul qazanmaq üçün edirik.

Amma ekran qarşısında uşaqlarımız da var. Gərək özümüzün və ətrafdakı insanların uşaqlarını düşünək. Hətta biz müzakirə etmişik ki, "TikTok" platformasında və digər sosial şəbəkələrdə gündəmdə olan videolardan serialda istifadə etməyək.

- "TikTok" platformasından istifadə edirsiniz?

- Bir-iki dəfə "TikTok"-a daxil olmuşam, amma istifadə etmirəm. Hətta "TikTok"u izləyən uşaqları görəndə narahat oluram. Düşünürəm ki, bu platforma uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Hətta real həyatda söyüşdən istifadə etməyən şəxs "TikTok" platformasına daxil olduqdan sonra söyüş söyməyə başlayır.

- Sizin üçün Azərbaycanın üç ən güclü komediya aktyoru kimdir?

- Mənim üçün üç ən güclü komediya aktyorları Elməddin Cəfərov, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdur.

- Özünüzə rəqib gördüyünüz aktyor varmı?

- Hər bir aktyorun öz üslubu, dəst-xətti var. Komediya aktyorları kimi güldürmək üslubumuz da fərqlidir. Məsələn, Elməddin Cəfərov Rafael İsgəndərov və Coşqun Rəhimovdan fərqlidir.

- Bəs, həmkarınız Fərda Xudaverdiyev ilə münasibətiniz necədir?

- Münasibətlərimiz mənfi 35 dərəcədir. Əvvəlkilərdən fərqli, indi sadəcə "salam-sağ ol"...

- Aranızda nəsə baş verib?

- Xeyr, heç nə olmayıb... Bu haqda ondan soruşmaq lazımdır. Deyəsən, onda nəsə olub. Biz tərəfdə heç nə baş verməyib, nə məndə, nə də Elməddin Cəfərovda. Fərda Xudaverdiyev bizimlə münasibəti kəsdi, biz də eyni addımı atmalı olduq.

- Bir müddət əvvəl mediadan uzaqlaşdınız. Buna səbəb nə idi?

- Şəxsi həyatımla bağlı bəzi məsələlər olmuşdu. O haqda açıqlama vermək istəmirdim. Hər insanın özəl həyatı var. Yalnız mənim yox, milyonlarla insanın şəxsi həyatında heç kəsə demək istəmədiyi nələrsə baş verir. Həyatdır, olur, insanıq.

Hər birimiz ayrı-ayrı ailələrdən gəlmişdik. Bu gün boşanma hadisələri adi hal alıb. İnsanlar müasirləşib, texnologiya baxımından fərqli imkanlara sahib olublar. Əvvəllər mobil telefonlar yox idi, ev telefonları vasitəsiylə əlaqə yaradılırdı. Xanımlar bilmirdilər ki, kişi hara getdi, haradan gəldi. Kişi evə gələndə deyirdi ki, işdən gəlirəm. Qadın da ona inanırdı və hər şey də axarında davam edirdi.

İndi xanımlar bütün günü "Instagram"da oturub kişiləri güdürlər. Məsələn, məclisə gedirsən, 10 nəfər qonaq var, onlardan 4-ü xanımdır. Həmin xanımlar da kiminsə dostu, tanışıdır. Kimsə həmin məclisdən foto paylaşarsa, evdən səni izləyən xanım bunu görür. Bu isə problemə səbəb olur.

Yaxud tanınmış insansan, küçədə bir qız yaxınlaşıb şəkil çəkdirəndə bunu əsaslandırmaq çox çətin olur. Tanınmışların həyatındakı bu kimi problemlər sonda ailəsinin dağılmasına gətirib çıxarır.

- İkinci dəfə ailə qurmağı planlaşdırırsınızmı?

- Qismət. Nə "hə", nə "yox" deyə bilərəm. Zaman göstərəcək. Bəlkə də həyatıma subay davam edəcəyəm. Yaxud məni anlayan, başa düşən bir xanıma rast gələcəyəm. Bu haqda heç nə deyə bilmərəm.

- Bir oğlunuz var, övladınızla münasibətiniz necədir?

- Muradla telefon vasitəsiylə əlaqə saxlayırıq. İki ildir Muradı görmürəm, Ukraynada yaşayır. Artıq gələn il məktəbə gedəcək, inşallah.

- Qarşıdakı serialla yanaşı yaradıcılıqda daha nə kimi planlarınız var?

- Üç film çəkmişəm, "My name is İntiqam 1", "My name is İntiqam 2" və "Gizlənpaç". Allahın köməyi ilə dördüncü filmi çəkməyi də planlaşdırıram. Artıq hazırlıqlara başlamışıq.

- Yeni filminizdə daha çox tənqidə, yoxsa tərifə hazırlaşırsınız?

- Tənqid də ola bilər, tərif də. Hər ikisini normal qəbul edirəm. Əsas odur ki, yenə də öz ağlımla hərəkət edirəm. Bu sahədə ilk kommersiya xarakterli filmi çəkən biri kimi tamaşaçıların nəyi qəbul edib-etmədiyini bilirəm. Bilirəm ki, yeni filmimdə tənqidlər də olacaq.

Bizim sahədə səni istəməsə də özünü səni istəyən kimi göstərənlər var. Üzünə "filmin möhtəşəmdir" deyib, qala gecədən çıxandan sonra çayxanaya gedib, "bu nə film idi" söyləyənlər də olur. Ona görə heç kimin fikri mənim üçün həlledici deyil.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1263   Tarix: 17 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beyninə pil yerləşdirilən Allahverdi Yolçuyev səhhətindən danışdı

Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev ikinci dəfə əməliyyat olunub. Axşam.az-a açıqlama verən sənətçi bu gün evə buraxıldığını deyib. O qeyd edib ki, hazırda özünü yaxşı hiss edir:. "Beynimə pil yerləşdirilib. Əməliyyatım yaxşı keçdi. İndi ailəmi gözləyirəm, gəlsinlər evə gedim. Bi

3 iyul
.

"Deyirdi ki, anamın iyini səndən alıram"- Fədayə Laçın övladlığa uşaq götürüb?-AÇIQLAMA

Sosial şəbəkələrdə tanınmış müğənni Fədayə Laçının illər öncə övladlığa uşaq götürməsi ilə bağlı məlumatlar yayılıb. Xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. -a özəl açıqlama verən məşhur bu mövzu haqda çox danışmaq istəməsə də, müəyyən məsələlərə aydınlı

4 sentyabr
.

Corc Qafarov işdən ayrılma səbəbini açıqladı: "Cəhənnəmə, qara-gora oyna, mən də səni istəmirəm"

Gənc aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən çıxmasından danışıb. xəbər verir ki, onun işdən çıxmasına səbəb teatrın rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub. "İşdən çıxmağıma səbəb Mehriban Ələkbərzadənin "Cəhənnəmə, qara-gora oyna. Mən də sən

9 sentyabr
.

Ermənilərin oğurladığı mahnı yutubdan silindi

Xəbər verildiyi kimi, musiqisi Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan "Yarımgilə" adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək "Xrovel e im yare" adı ilə ifa edilmiş və "Youtube"

26 avqust
.

Əməkdar artist Fərqanə Qasımova: "Seçkilər xalqın səsi və iradəsidir"

Dövlətimiz tarixinin ən mürəkkəb və ən şərəfli dövrünü yaşayır. Uzun illər ünvanı Qarabağ olan, amma məcburi köçkün həyatı yaşayan minlərlə insan bu gün doğma yurd-yuvasına qayıdıb. Qanun, haqq ədalət yerini alıb". Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkda

22 avqust
.

Maykl Ceksonun əzizləri Bakıya gəliblər

"The Jacksons" musiqi qrupunun üzvləri Bakı şəhərində gəzintiyə çıxıb, paytaxtın tarixi məkanlarını ziyarət ediblər. -a istinadən xəbər verir ki, onlar iki gün əvvəl start götürən "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycana gəliblər. Xatırladaq ki, ABŞ-d

25 iyul
.

Aktrisa ilə evlənib onu sənətdən uzaqlaşdırdı, Şəkidən Moskvaya qədər... - Onun son arzusu nə idi?

Onun ekran həyatı verdiyi kinolarda hər şey bir başqadır, tam fərqlidir. Hamımızdan bir parça var sanki o filmlərdə. Zaman-zaman "Sən niyə susursan" dediyimiz də oldu, "Ölsəm bağışla" dediyimiz də. Gah Zaur olub elə gözəl Təhminələr sevdik, gah da Təhminə olub öz sevgimizi ürəyimizd

12 iyul
.

Kübra Əliyeva onların arxiv fotolarını yaydı

Əməkdar artist Kübra Əliyeva arxiv fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkillərdə "Bakılı oğlanlar" komandasının üzvləri yer alıblar. Onlar arasında Əməkdar artistlər Cabir və Tahir İmanov, Bəhram Bağırzadə, aktyor Emil Abbadov da olub

21 avqust
.

Mərhum əməkdar artistin qızı: Nanə xanımın bəyəm maşını, evi yoxdur?!

"Atamın doğulduğu Füzulinin Qoçəhmədli kəndinə hələ getməmişəm. Qohum-əqrabadan gedənlər olub. Atamın orada bir yerdə evi olmayıb. Bir neçə yerdə evi olub. Əmim uşaqları danışır ki, dədənin məscidin yanında da evi olub. 5 yerdə evi olub. Sonradan həmin yerlər sürüşmə zonası olduğu üçün yaşamaq üçü

4 oktyabr